May
2024
16:02
17
52
877
Virtual karabakh

Muxtar Babayev: “İri sənaye müəssisələrində modernləşdirmə işləri aparılır”

1 May, 2024
16:02
877

Muxtar Babayev: “İri sənaye müəssisələrində modernləşdirmə işləri aparılır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır”.

Oxu.Az xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. 

O bildirib ki, bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir:

“Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir. Bu il ölkəmiz, həmçinin metan emissiyalarının azaldılması üzrə “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı yaşıl enerji tərəfdaşı kimi mövqeyini gücləndirir”.

M.Babayev əlavə edib ki, sənaye şəhərlərində infrastruktur layihələrinin icrasında qabaqcıl texnologiyalar tətbiq edilir, iri sənaye müəssisələrində modernləşdirmə işləri aparılır:

“Nəqliyyat sektorundan emissiyaların azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi və ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində tədbirlər görülür. Elektrik və hibrid mühərriki ilə çalışan avtomobillər üçün güzəştlər, nəqliyyat vasitələrinin idxalına istehsal tarixindən asılı olaraq diferensial yanaşma tətbiq edilir”.

“Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastruktur layihələri icra olunur. Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir”, - deyə nazir qeyd edib.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri