May
2024
12:08
56
9
995
Virtual karabakh

Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL

2 May, 2024
12:08
995

Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşəcəyi gözlənilir.

Astananın görüşdəki təşəbbüskarlığı böyük güc rəqabətinin gücləndiyi vaxtda Qazaxıstanın Rusiya, ABŞ və Çinlə getdikcə həlledici xarakter alan münasibətləri fonunda baş tutur.

Ona görə də, görüş baş tutsa, Azərbaycan-Ermənistan münasibətlərinə təsir etmək istəyən ABŞ ilə Rusiya bunu az qala özünün “kölgə vasitəçiliyi” kimi qələmə verməkdən çəkinməyəcək.

Eyni zamanda Qazaxıstanın Bakı-İrəvan münasibətləri üzrə dinamikası Çinin Mərkəzi Asiyada göstərəcəyi şücaəti üçün məqamlara da təkan verə bilər.

Bu baxımdan ki, üç güc mərkəzi arasındakı böyüyən rəqabətin Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan (Zəngəzur dəhlizi layihəsinin mənzərəsində) əlaqələri təbii ki, Bakı-İrəvan gündəliyinə də təsirsiz ötüşməyəcək.

Qısası, Azərbaycanla Ermənistan ikitərəfli qaydada danışıqlarda həvəslərini göstərsələr də, bunun kənar geosiyasi təsirlərə açıq qalmaq ehtimalı mövcuddur.

Buna baxmayaraq, Bakı-İrəvan proqramının Almatı səhnəsi ikitərəfli razılıqların çərçivəsini genişləndirməyə imkan verən fürsətləri qiymətləndirir.  

Bundan əvvəl Ermənistan Qazaxın nəzarətində olan 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasına razılıq vermişdi. Almatı görüşündən sonra isə sülh müqaviləsinin mətninin hazırlanması və delimitasiya mövzusunun paralel formada inkişaf edəcəyini söyləyə bilərik.

Üstəlik, bu görüş Cənubi Qafqazda təhlükəsizlik şəraitini aqressiv şəkildə dəyişməyə çalışanlara qarşı dirəniş nöqtəsi kimi bir nəticə hasil etməlidir.

Azərbaycan buna çalışır, maksimal şəkildə İrəvanı ikitərəfli rejimdə razılıqlara dəvət edir. İrəvanda müəyyən siqnallar müsbətdir, lakin zəmanət tapmaq çətindir ki, Ermənistan gələcəkdə regionu beynəlxalq oyunçuların qarşıdurma sığınacağına çevirmək xəttinə getməyəcək.

Almatı danışıqlarında Azərbaycan tərəfi yüksələn manevr imkanları fonunda Ermənistandan həmin zəmanətləri tələb edə bilər.

XİN başçılarının gözlənilən görüşü baş tutsa, əldə edilən sülh düsturları üzrə yeniliklər Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim ediləcək.

Təqdim olunan tezislər sülh üzrə bundan sonrakı diqqətin necə ayrılmasını müəyyənləşdirəcək və Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşünə hazırlıq məqsədlərini özündə ehtiva edəcək.

NƏTİCƏ

Azərbaycan və Ermənistan baş diplomatlarının Qazaxıstan görüşü Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha sıx əlaqə yaratmaq baxımından kritik məqama təsadüf edir.

Güc episentrləri əldə oluna biləcək nəticələrə müdaxilə etmək potensiallarını bir daha nümayiş etdirə bilərlər.

Lakin, onların neytrallaşması daha çox İrəvanın sülh sükanını necə əlində saxlamasından asılı olacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri