17 
Yan
2017
14:54
41
236
10860
Virtual karabakh

Qalmaqallı polis mayorundan daha bir şikayət: Məndən 500 manat istədi

17 Yan, 2017
14:54
10860

Qalmaqallı polis mayorundan daha bir şikayət: Məndən 500 manat istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan sakini Vasif Novruzov sosial şəbəkələrdə yayılmış görüntülərlə gündəmə gələn Şirvan Yol Polis Şöbəsinin əməkdaşı, polis mayoru Məmmədsadıq Nağıyevdən şikayətçidir. 

O, Oxu.Az-a bildirib ki, ötən il dekabrın 12-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yol polisləri tərəfindən saxlanılıb. 

Dediyinə görə, polis mayoru M.Nağıyev onun avtomobili içkili vəziyyətdə idarə etdiyini bildirib və rüşvət tələb edib:

“Yüngül içkili idim, bəli, etiraf edirəm ki, gərək içkili sükan arxasına əyləşməyəydim. Ancaq İnzibati Xətalar Məcəlləsində (İXM) bunun cəzası yazılıb. Mən də təklif etdim ki, cəzası nədir, yazsınlar. Dedi, “sənə cəza, nəyimə lazımdır? Get 500 manat gətir, sən sağ, mən salamat”.

Dedim ki, “dövlətin xəzinəsi onsuz da boşdur, pulu sənin cibinə niyə qoyum ki?! Cəriməsi nədir, yaz, aparım, dövlət nəfinə keçirim”. Bir az sözləşdik, əsəbiləşdi, söyüş söydü, dedi, “səni sutkaya atdıracam, mələdəcəm”.

Məhkəmə keçirildi. İkinci məhkəmədə isə polisə məhəl qoymamaqda ittiham olundum. Bu artıq mənə atılan böhtan idi. Hakimə bildirdim ki, Nazirlər Kabinetinin qərarı var ki, yol polis əməkdaşları vətəndaşa yaxınlaşanda xüsusi səsyazan qurğunu işə salmalıdırlar. Həmin qurğunu gətirsin, dinləyək, görək, kim kimə söyüb, kim kimi təhqir edib. 

Üstəlik, məni saxladıqları küçədə “Dəniz” marketin müşahidə kamerası var, yaddaşına baxış keçirilsin. Hakim də Məmmədsadıq Nağıyevdən həmin səsyazan qurğunu məhkəməyə gətirib-gətirməməsini soruşdu. Dedi, ”yadımdan çıxıb, avtomobildə qalıb, sabah gətirərəm”. Məhkəmə növbəti günə təxirə düşdü. 

Məhkəməyə yol polisləri gəlmədi və səsyazan qurğu da təqdim olunmadı. Hakim məni 200 manat cərimələdi. Məmmədsadıq Nağıyevin əlindən rayonda hamı bezib. Sürücülərdən rüşvət tələb edir, verməyəndə isə bu şəkildə cəzalandırır”.

V.Novruzov M.Nağıyevin əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini də qeyd edib.

Xatırladaq ki, daha öncə Məmmədsadıq Nağıyev bildirib ki, ona digər vətəndaşla kobud davrandığına görə Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri