15 
Mar
2017
16:38
43
227
7862
Virtual karabakh

Şah İsmayıl Xətainin heykəli ətrafında qalmaqal – FOTO

Xəbər verdiyimiz kimi, Bakıda Şah İsmayıl Xətainin heykəlini ziyarət etmək mümkün deyil. Belə ki, Xətai rayonu Yusif Səfərov küçəsində yolu keçərək abidəyə yaxınlaşmaq üçün heç bir şərait yoxdur. Yolu keçərək tarixi şəxsiyyətin abidəsini ziyarət etmək qayda pozuntusu hesab edilir. 

Oxu.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov hesab edir ki, həmin ərazidə Şah İsmayılın heykəli götürülməlidir:

“Mən bir vətəndaş, sürücü, yol polisinin polkovniki olaraq həmin heykəlin ərazidən götürülüb daha mənzərəli, görkəmli və möhtəşəm bir yerdə olmağının tərəfdarıyam. Elə ən azı həmin heykəlin dayandığı yerlə üzbəüz, sol tərəfində daha əvvəllər bir park salınıb, həmin ərazidə gözəl bir fontan da var. O, parkda bu heykəlin qoyulması, hesab edirəm ki, məqsədəmüvafiq olardı”. 

V.Əsədov bildirib ki, Yusif Səfər küçəsində piydanın təhlükəsizliyini təmin etmək məqsədi ilə yeraltı keçid var. 

“Lakin həmin keçidin Şah İsmayılın heykəlinə çıxışı yoxdur. Hazırda həmin ərazidə heykələ yaxınlaşmaq istəyən piyada ən azı təhlükəli vəziyyətin yaranması ilə bağlı məsuliyyətə cəlb olunacaq”.

Polis polkovniki hesab edir ki, yaxın gələcəkdə Xətai rayonu Yusif Səfərov küçəsində Şah İsmayıl Xətainin heykəlinə təhlükəsiz ziyarət təşkili edilməsi üçün müvafiq qurumlar tərəfindən addımlar atılacaq. 

Məsələ ilə bağlı hazırda paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsində genişləndirmə işləri aparan “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, Y.Səfərov küçəsində Şah İsmayıl Xətainin heykəlini ziyarət üçün əvvəllər də piyada keçmək mümkün deyildi:

“Heykələ yaxınlaşmaq üçün bundan da öncə nə piyada zolağı var idi nə də ki yerüstü və ya yeraltı keçid. Bu hadisə biz yolu genişləndirən də kiminsə yadına düşüb ki, heykələ yaxınlaşmaq mümkün deyil. Bu məsələ bizim səlahiyyətimizə daxil deyil. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi və ya Bakı Şəhər İcra Hakimiyyəti düşünüb bir tədbir görə bilər və ya ümumiyyətlə, o heykəl başqa bir əraziyə köçürülməlidir”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Azərbaycanda, ümumiyyətlə, yol hərəkəti tənzimlənən zamanı unudulur ki, ərazidə avtomobillərdən başqa digər yol iştirakçıları da olur, piyadalar və sairə. 

Ekspert hesab edir ki, optimal təklif həmin əraziyə piyada keçidini qoymaq, ən azından yolun bir hissəsinə. 

“Həmin əraziyə piyada keçidi qoysalar yaxşıdır. Yolu keçmək məqsədi ilə yox, sırf ziyarət məqsədi ilə, lakin təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Gələcəkdə misal üçün tarixi ekspedisiya zamanı ziyarətə getmək üçün. Ya da heykəli daha mənzərəli yerə köçürmək olar”. 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Oxu.Az-a bildirib ki, ümumiyyətlə, hər hansı heykəlin yerinin dəyişdirilməsi, yenidən bərpası ilə bağlı proseslər Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılır: 

“Tarixi abidələrin köçürülməsi Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır, bundan sonra rəy verilir. Konkret olaraq Şah İsmayılın heykəli ilə bağlı Mədəniyyət və Turizim Nazirliyinə hər hansı bir təklif, yaxud müraciət olunmayıb”.

Qeyd edək ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.

Elvin Əhmdəov
www.oxu.az

Digər Avto-Moto xəbərləri