Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə verilib – FOTO + VİDEO
Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə verilib – FOTO + VİDEO
Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, küçənin uzunluğu 575 metr, eni isə ortalama 9,5 metr təşkil edir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub.
Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 21 ədəd baxış qapaqları da yenilənib.
Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 paqon-metr yeni səki daşları düzülüb.
Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi, yol-göstərici xətlər çəkilməklə nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
A.M.