19 
Apr
2017
18:10
33
318
13424
Virtual karabakh

Avtomobili bir addan başqa ada keçirmək çətinləşir

“Yol hərəkəti haqqında” Qanuna maraqlı və lazımlı bir dəyişiklik layihəsi irəli sürülüb.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq layihə ölkəmizdə avtomobillərin və digər mexaniki nəqliyyat vasitələrinin ilkin və təkrar dövlət qeydiyyatı zamanı indiyə qədər sürücülər və Dövlət Yol Polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri arasında yaranan bir mübahisəyə son qoyacaq.

Layihə qeydiyyat zamanı, o cümlədən avtomobili bir addan başqa ada keçirərkən texniki baxışın keçirilməsi məsələsinə aydınlıq gətirir. Hazırkı qanun bu halda texniki müayinənin keçirilməsini, yəni nəqliyyat vasitəsinin nömrələrinin, marka və rənginin, habelə Mərkəzi İnformasiya Sistemində avtomobil barədə məlumatın yoxlanılmasını nəzərdə tutur. Bu isə texniki baxış deyil, yəni belə halda avtomobilin işlənmiş qazlarının tərkibi, işıq cihazları və texniki baxış üçün xarakterik olan digər aqreqat və detalları yoxlanıla bilməz. Təcrübədə isə çox vaxt həmin müayinəni də texniki baxış kimi həyata keçirməyə və nasazlıq olduqda qeydiyyatdan imtinaya cəhdlər olurdu.

Hüquqşünas Ərşad Hüseynovun fikrincə, bu layihə qəbul edildikdən sonra isə ilkin və təkrar dövlət qeydiyyatı zamanı yalnız bir halda texniki baxışın keçirilməsi məcburidir. Əgər qeydiyyatın həyata keçirildiyi ildə avtomobil texniki baxışdan keçirilməlidirsə və qeydiyyat gününədək keçirilməyibsə, qeydiyyat zamanı texniki baxış da keçirilməlidir. Digər hallarda, yəni əgər həmin il avtomobil texniki baxışdan keçirilməli deyilsə, yaxud avtomobil artıq həmin il üçün texniki baxışdan keçirilmişdirsə, qeydiyyat zamanı texniki baxış tələb edilə bilməz. Hesab edirəm ki, layihənin bu məzmunda qəbulu yuxarıda toxunduğum mübahisəyə aydınlıq gətirəcək.

Bu dəyişiklikdən sonra dövlət qeydiyyatı zamanı alınan dövlət rüsumlarının məbləği də dəyişilməyəcək. Çünki hazırda həyata keçirilən texniki baxış həm də texniki müayinəni əhatə edir. Lakin ola bilər ki, “Dövlət rüsumu haqqında” Qanuna xüsusi dəyişiklik edilməklə bu hal üçün fərqli rüsum müəyyən edilsin.

Layihənin nəzərdə tutduğu başqa bir mühüm yenilik isə odur ki, ilkin və ya təkrar qeydiyyat zamanı texniki baxış məcburidirsə, nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin yalnız I və II hissələrində nəzərdə tutulan nasazlıqlara görə texniki baxışdan keçə bilmədikdə qeydiyyat aparılmır və həmin nasazlıqlar aradan qaldırılana qədər aparıla bilməz.

Başqa sözlə, avtomobilin yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində olan nasazlıqlar qeydiyyatdan imtina üçün əsas ola bilər. Digər nasazlıqlar (məsələn, şüşələrdəki, təkərdəki, işıq cihazlarındakı, mühərrikdəki problemlər və s.) qeydiyyatdan imtina üçün əsas deyil və avtomobil bu səbəblərdən nasaz olsa da, qeydiyyat həyata keçirilməlidir.

Belə çıxır ki, qeydiyyat zamanı texniki baxış məcburi olsa da, tam həcmdə keçirilməyəcək. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsi Qanunun 30-cu maddəsində göstərilən dövriliyə uyğun vaxtından texniki baxışdan keçiriməlidir. Yəni, məsələn, aprel ayında alınan “Mersedes” markalı minik avtomobili həmin il texniki baxışdan keçirilməlidirsə, həmin iki element üzrə texniki baxışdan keçirilərək alqı-satqı rəsmiləşdiriləcək, bir aydan sonra isə həmin avtomobil adi dövriliyə uyğun olaraq tam texniki baxışdan keçirilməlidir. Düşünürəm ki, bu məsələyə belə səmərəsiz yanaşma yolverilməzdir. Ona görə də yaxşı olar ki, layihədə düzəliş edilsin, qeydiyyat zamanı texniki baxışın məcburi olacağı halda baxışın tam həcmdə keçirilməsi təsbit edilsin və həmin il üçün yenidən texniki baxışın keçirilməli olmadığı birbaşa göstərilsin.

A.M.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Avto-Moto xəbərləri