15 
May
2017
12:06
20
76
4524
Virtual karabakh

“Caspian Motor Show – 2017” – FOTO

15 May, 2017
12:06
4524

“Caspian Motor Show – 2017” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən bəzi informasiya saytlarında ölkəmizdə ilk dəfə “Caspian Motor Show” adlı avtomobil sərgisinin keçiriləcəyi barədə məlumatlar yayılıb. Əslində, ilk baxışdan burada təəccübləndirici bir fakt yoxdur, amma “ilk dəfə” deyilməsi ən azından qəribə göründü. Məlumdur ki, məhz bu adlı avtoşou 2002-ci ildən Azərbaycan Avrodilerlər Assosiasiyası (AADA) tərəfindən hər il yayda keçirilir. 

Oxu.Az məsələyə aydınlıq gətirmək üçün AADA-nın sədri, tanınmış avtojurnalist, teleradio aparıcısı Natiq Zərbəliyevlə əlaqə saxlayıb: 

“Açığı bu məni də təəccübləndirdi. “Caspian Motor Show” ilk dəfə 15 il öncə Nabranda baş tutub. Açılış mərasimi “Lider” TV vasitəsilə canlı yayımlanıb. Bu il yubiley sərgimizi hazırlayırıq. Onu da deyim ki, bu, unikal sərgidir. Adətən, əhalimizin və turistlərin kompakt istirahət etdikləri məkanlarda keçirilir. Bu, dəniz kənarında və ya dağlıq regionda ola bilər. Məsələn, 2003-2004-cü illərdə bu forum Nabranda “Palma” istirahət mərkəzində, 2005-ci ildə Abşeronda – “Amburan” çimərliyində, 2006-ci ildə “Crescent Beach Hotel”də, 2007-ci ildə “AF Hotel Aqva Park”da baş tutdu. 2009-cu ildə sərgi “Palma”da, 2012-ci ildə isə “Atlant” istirahət mərkəzində keçirildi.

2013-cü ildə avtomobillərdən ibarət ekspozisiya Qəbələ şəhərində yerləşən “Qəbələnd” attraksionlar şəhərciyində quruldu. 2014-2015-ci illərdə “Caspian Motor Show” yenidən Nabran istirahət zonasında baş tutdu. Keçən il yenə, qədim Qəbələ bizi qəbul etdi. Qeyd edim ki, Qəbələdə sərgi “Qafqaz Motor Show”, Xəzər sahilində isə “Caspian Motor Show” adı altında təşkil olunur. Builki avtoşou iyulun 21-dən 23-ə qədər avtomobil aşiqlərini ən yeni modellərlə sevindirəcək.

Sərginin iştirakçıları – rəsmi avtomobil idxalçıları, distributor və dilerlərdir. Adətən, sərgidə bir çox yeni modellərin rəsmi premyerası keçirilir. Sərgidə, həmçinin ehtiyat hissələri, aksessuarlar, avtokosmetika və s. məhsullar da nümayiş etdirilir. 

Adətən, forum çərçivəsində AADA-nın konfransı da baş tutur. Avtomobil şirkətlərinin rəhbərləri və brend-menecerləri Azərbaycan avtomobil bazarının inkişafı ilə əlaqədar bir sıra məsələləri müzakirə edirlər. 

Sərginin son günündə AADA-nın “Qızıl çarx” mükafatının təqdimat mərasimi də keçirilir. Müxtəlif seqmentdə “İlin avtomobilləri” və ölkə avtomobil sektorunun ən uğurlu nümayəndələri mükafatlandırılır.  

Eləcə də motorşou günlərində “Miss Avto” gözəllik müsabiqəsi, “Cip-Trial”, “Moto-Festival”, Kartinq yarışları, tamaşaçılar arasında müxtəlif uduşlu yarışmalar, konsertlər və s. təşkil olunur.  

Bu layihənin əsas məqsədi - ölkədə sivil avtomobil sektorunun inkişafına töhfə vermək, ən müasir avtomobilləri nümayiş etdirmək, gənclər arasında texniki idman növlərinə marağı artırmaq, regionlarda avtoturizmin və turizmin inkişafına xidmət və əhalinin maraqlı istirahətinin təşkilidir.

O ki qaldı, dünən anons olunan və “İlk dəfə keçirilən Caspian Motor Show”ya, bu barədə xəbərlə mən də təsadüfi olaraq internetdə rastlaşdım. Təşkilatçılar barədə heç bir məlumatım yoxdur. Sadəcə istəməzdim ki, avtomobil həvəskarları və avtodilerlər arasında çaşqınlıq yaransın. Bəlkə də ölkəmizdə belə avtoşounun mövcudluğu barədə məlumatları olmayıb. Hərçənd bunu bilmək üçün “Google” və ya başqa axtarış resurslarında “Caspian Motor Show” yazmaq yetərlidir ki, yüzlərlə məqalə, foto və videomateriallar sizə təqdim olunsun...”, - deyə N.Zərbəliyev bildirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri