16 
May
2017
16:52
242
84
22953
Virtual karabakh

Azərbaycan ən ucuz və yeni avtomobil istehsalına başlayır

Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət “Azevrocar” şirkəti ilə və “İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir. 

Xəbər verdiyimiz kimi, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalıdır.

Oxu.Az xəbər verir ki, “Azevrocar” şirkətindən Fins.az-a verilən məlumata görə, qış sərt keçdiyi üçün zavodun tikintisində bir qədər yubanma olub. Artıq işlər yekunlaşmaq üzrədir. Yeni avtomobil zavodunun avqust ayında açılması planlaşdırılır.

Əvvəlcə, “Runna”, “Dena”, “Samand” və “Soren”lər yığılacaq

Zavodda əvvəlcə “İran Khodro” markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək. Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR-ın zavodu istehsal edəcək.

Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Yerli avtomobil xaricdə də satılacaq

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. “Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub. Keyfiyyət və qiymətdə rəqiblərini qabaqlayacaq.

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan” şirkəti ilə birgə “Naz Lifan” avtomobilləri yığılır.

Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, “Azevrocar”dan bildiriblər ki, zavodda yığılacaq avtomobillər, həm qiymət, həm də keyfiyyət baxımından bazarda rəqabətə davamlı olacaq:

“Azərbaycan bazarında ən ucuz təzə avtomobilləri biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün hazırda Azərbaycan bazarında bu qiymətə, demək olar ki, yeni avtomobil yoxdur”.

Yeni yığılacaq avtomobillərin keyfiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka “Avro 5” standartları üzrə keyfiyyət sertifikatı alıb. Avtomobillərin keyfiyyəti tam yüksək səviyyədə olacaq.

U.A.
www.oxu.az

Digər Avto-Moto xəbərləri