22 
May
2017
13:45
84
1135
66453
Virtual karabakh

Beş tələbənin öldüyü dəhşətli qəzanın təfərrüatları – YENİLƏNİB + FOTO

22 May, 2017
13:45
66453

Beş tələbənin öldüyü dəhşətli qəzanın təfərrüatları – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunda icarəyə götürülmüş “Hyundai Accent” markalı avtomobilin qəzaya uğraması və 5 tələbənin vəfat etməsi hadisəsi ilə bağlı sənədlər üzə çıxıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, avtomobili icarəyə vermiş “Elşən Rent a Car” şirkətinin rəhbəri Elşən Babayev bildirib ki, icarəyə verilmiş avtomobil həmin gün 20 dəfədən çox sürət həddini aşıb: 

“Avtomaşını icarəyə götürmüş sürücü Əmiraslan Əmiraslanının 17 deyil, 19 yaşı olub. Biz GPS vasitəsi ilə həmin avtomobilləri izləyirik. Həmin avtomaşın 20 dəfədən çox sürət həddini aşıb və işçimiz zəng edərək xəbərdarlıq etməyə çalışıb. Lakin telefonu götürən olmayıb. Qəza anında isə avtomaşının sürəti saatda 153 kilometr olub. Yol boyu isə avtomaşının sürəti saatda 157 kilometrədək artıb”.

“Elşən Rent a Car”ın sahibi əlavə edib ki, həmin avtomaşını 4 günlük icarəyə verib və bununla bağlı sənəd imzalanıb. Sənəd imzalanarkən Ə.Əmiraslanlının sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin sürətləri götürülüb. 

O, həmçinin əlavə edib ki, icarəyə verilmiş avtomobillə ölkənin sərhədləri daxilində istənilən yerə getmək olar.

11:52

Mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində - Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, İmişli rayonundan olan gənclər qəzaya düşdükləri “Hyundai Accent” markalı, 99 LD 773 dövlət qeydiyyat nişanlı avtomobili elə həmin gün icarəyə götürüblərmiş.

Avtomobil “Elşən - Rent a Car” şirkətinə məxsus olub və 17 yaşlı Əmiraslan Əmiraslanlının adına yol kağızı verilib. Lakin yaşı hələ 18 tamam olmamış Əmiraslanın sürücülük vəsiqəsi olmayıb.

Hadisəni araşdıran istintaqçılar qəzaya düşən avtomobilin kameralara və radarlara düşüb-düşməməsini də araşdırıb. Məlum olub ki, avtomobil kamera və radarların olduğu yerlərdən qanunun tələb etdiyi sürətlə keçib. Daha sonra isə sürəti artırıblar.

21.05.2017 (23:35)

Dünən Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 5 gəncin həyatını itirməsi ilə nəticələnən qəzaya düşmüş “Hyundai Accent” həmin şəxslərə məxsus olmayıb.

Belə ki, dostlar taksi sürücüsü olan tanışlarından həmin avtomobili bir neçə günlük icarəyə götürüblərmiş. Qəzanın baş vermə anına gəlincə, hadisədən bir neçə saniyə əvvəl 17 yaşlı Əmiraslan Əmiraslanlının idarə etdiyi avtomobil digər bir İmişli sakininin avtomobilini yüksək sürətlə keçib. Həmin nəqliyyat vasitəsinin sürücüsü deyib ki, “Hyundai Accent” saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş və ötmə əməliyyatından sonra sürücü idarəetməni itirib. Avtomobil bir andaca yoldan çıxaraq dərəyə yuvarlanıb.

5 nəfərin öldüyü avtomobili idarə etmiş Əmiarslan Əmiraslanın və vəfat etmiş sərnişinlərdən Murad Süleymanlının fotolarını təqdim edirik.

10:34

Dünən Hacıqabul rayonunda baş vermiş dəhşətli qəzada vəfat edən 5 tələbə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan “Hyundai Accent” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vıfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub.

Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.

Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun Cəfərli kəndindəndir.

Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.

20.05.2017 (20:25)

Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərin hamısının kimliyi məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğluƏmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir.

17:33

Hacıqabulda baş verən yol qəzasında ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, Süleymanlı Murad Rafael oğludur.

Digər şəxs isə 1998-ci il təvəllüdlü Əmiraslan Müşfiq oğlu Əmiraslanlıdır.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilir.

16:25

“Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Qəza nəticəsində ölənlərin meyitləri Şirvan şəhər məhkəmə tibbi-ekspertizasına aparılıb.

Onların İmişli rayon sakinləri olduğu bildirilir. Ölənlərin hamısı tələbədir.

15:31

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri