23 
May
2017
17:33
255
40
7378
Virtual karabakh

Yeni avtomobil zavodunda 300 nəfər çalışacaq

23 May, 2017
17:33
7378

Yeni avtomobil zavodunda 300 nəfər çalışacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın məşhur avtomobil istehsalçısı olan “İran-Khodro” şirkəti ilə Azərbaycanın “AzEuroLLC” şirkəti arasında ötən ilin avqustunda imzalanmış müqavilə əsasında Neftçalada avtomobil zavodunun təməli qoyulub. 

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin avqustunda istifadəyə verilməsi gözlənilən zavod hər iki ölkənin ixrac potensialını gücləndirəcək və büdcə gəlirlərinin artmasına imkan yaradacaq.

“İran-Khodro”-nun Baş direktoru Haşem Yekke Zare bildirib ki, ildə 10 min avtomobil buraxmaq gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. 

Avro-5 standartına uyğun olan bu avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Layihənin dəyəri 15 milyon dollar həcmindədir. Bu məbləğin 25 faizini İran, 75 faizini isə Azərbaycan şirkəti maliyyələşdirir. 

Avtomobillərin ehtiyat hissələri də Azərbaycandakı zavodlarda hazırlanacaq. İlkin mərhələdə zavodda 300 nəfər işçi çalışacaq.

Zavodun məhsullarının daşınması nəqliyyatın, satış mərkəzlərinin açılması ticarətin, avtomobillər üçün detalların hazırlanması isə müvafiq istehsal sahələrinin yaradılmasına səbəb olacaq və bu da ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli təkan verəcək.

İranın sənaye nazirinin müavini Cəfər Sərcani bildirib ki, daxili bazarla yanaşı, xarici bazarlarda mövqeləri də möhkəmləndirmək lazımdır. 

Neftçala avtomobil zavodunun məhsulları hər iki bazar üçün nəzərdə tutulub və qiymətlərin münasib olması məhsulun alıcı tapmasını asanlaşdıracaq.

İran avtomobil istehsalında bu gün Yaxın Şərqdə lider dövlətdir. Buradan İraqa, Pakistana və bəzi Körfəz ölkələrinə avtomobil ixrac olunur. 

Bütün bunlar deməyə əsas verir ki, Neftçalada istehsal ediləcək minik avtomobilləri üçün bazar problemi olmayacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri