17 
İyl
2017
17:48
108
64
4356
Virtual karabakh

Qəzaların sayının artması polisi hərəkətə keçirdi – Reydlər başlayır

17 İyl, 2017
17:48
4356

Qəzaların sayının artması polisi hərəkətə keçirdi – Reydlər başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlərdə respublika üzrə qəzaların sayı xeyli artıb. Hər günümüz dəhşətli qəza xəbərləri və piyada ölümləri ilə başlayır. Gün ərzində paytaxt Bakıda və ya regionlarda ən azı 5-7 yol-nəqliyyat hadisəsi baş verir.

Qəzaların və piyada ölümlərinin qarşısının alınması üçün əlaqədar qurumlar nə kimi tədbirlər görür? Qəzaların sayının artmasına nələr səbəb olur?

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gündən respublikanın ayrı-ayrı rayonlarında sərnişin və yükdaşıma qaydalarının pozulması ilə bağlı reydlərə başlayıblar”.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, reydlərin keçirilməsində əsas məqsəd texniki nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin, qanunazidd fəaliyyət göstərən, müvafiq kateqoriyası olmadan avtomobil idarə edən sürücülərin qanunsuz fəaliyyətlərinin qarşısının alınmasıdır: “Bu reydlərin davamlı olaraq respublikanın bütün rayonlarında, rayonlararası yollarda keçirilməsi nəzərdə tutulub. Ölkədə baş verən qəzaların hər birinə fərdi qaydada yanaşmaq lazımdır. Sözsüz ki, baş verən qəzalarla bağlı araşdırma aparılanda burada daha çox sürücü məsuliyyəti üzə çıxır. Çünki istər avtomobilin aşması, sürücünün sükan arxasında yuxuya getməsi, istərsə də toqquşma hadisələri, sözügedən hallar bu və ya digər sürücünün yol hərəkəti qayda pozuntusuna yol verməsi nəticəsində baş verən qəzalardır.

Eyni zamanda, piyada vurma qəzaları da son vaxtlar artıb. Düzdür, bu hal ötən ay əvvəlki aylara nisbətən 1-2% azalıb. Amma buna baxmayaraq, bu cür hallar ümumi qəzaların təxminən 50%-ni təşkil edir. Aparılan araşdırmalar onu göstərir ki, piyadalar yol hərəkəti qaydalarını kütləvi olaraq kortəbii şəkildə pozurlar, əziyyət çəkən isə özləri olur”.

K.Əliyev qeyd edib ki, mövsümə xarakterik qəzaların çoxu sükan arxasında yuxuya getmə və ya nəqliyyat vasitələrinin aşması nəticəsində baş verir: “Avtomobillərin aşması daha çox sükan arxasında yuxulamanın, yorğunluğun nəticəsidir. Hazırda yay mövsümü ilə əlaqədar olaraq meyvə-tərəvəzin daşınması prosesində müxtəlif ölçülü nəqliyyat vasitələrindən istifadə edilir. Biz sürücülərə dəfələrlə xəbərdarlıq etmişik, onlara dincəlmələri üçün postlarda şərait yaratmışıq, yolüstü avtomobillərini saxlayıb əl-üzlərini yuya və ya dincələ bilərlər. Yəni sürücülər özlərinə o qədər güvənirlər ki, 5-10 dəqiqə dincəlməyi vaxt itkisi kimi qiymətləndirirlər. Halbuki yolüstü 5-10 dəqiqəlik istirahət onların həyatını xilas edə bilər. Sürücülər bu kimi kiçik məqamlara diqqət yetirmirlər. Avtomobili birnəfəsə sürüb, uzun məsafəli yolu az vaxtda qət etmək istəyirlər, bunun da nəticəsi çox ağır olur”.

Məsələyə münasibət bildiriən “Sürücülərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin sədri Fazil Məmmədov vurğulayıb ki, ölkədə avtomobil qəzalarının tez-tez baş verməsinə əsas səbəbi insan faktorudur: “Çünki yolların təhlükəsizlik sistemi bir məqamdan ibarət deyil. Azərbaycanın Yol Hərəkəti Qaydaları dünya standartlarına uyğun olaraq yazılıb. Burada əsas problem insan faktorudur. İnsanların qanundan xəbərsiz olması və ona riayət etməməsi bu kimi problemləri yaradır. Çünki insanlara hələ də izah edə bilmirik ki, avtobusları dayanacaqdan kənar saxlatmayın, piyada keçidindən istifadə edəndə mütləq şəkildə avtomobillərin dayanmasından əmin olub, keçid olmayan yerlərdən keçməyə çalışmayın.

Əgər ölkə əhalisinin 70%-i müəyyən edilən yol-hərəkəti qaydalarına riayət etməyə başlasa, əmin olun ki, yol-nəqliyyat hadisələrinin, piyada ölümlərinin sayı 80-90% azalacaq. Biz çox vaxt sürücüləri qınayırıq, yalnız onlarda günah görürük. Sürücülərin qayda pozuntuları qanun çərçivəsində tənzimlənir. Amma sürücülərdən fərqli olaraq, piyadaların qayda pozuntuları cəzasız qalır. Bu isə onlara bir növ arxayınlıq verir. Bu kimi problemlərin aradan qaldırılması üçün ilk növbədə insanları məktəblərdən maarifləndirməyə başlamaq lazımdır”.

Ü.Ş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri