17 
Avq
2017
15:32
61
161
13429
Virtual karabakh

Rəşad Sadiqov “Maserati” ilə cərimə meydançasına aparıldı – FOTO + YENİLƏNİB

17 Avq, 2017
15:32
13429

Rəşad Sadiqov “Maserati” ilə cərimə meydançasına aparıldı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının və bir çox klublarımızın şərəfini qorumuş tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili hələ də cərimə meydançasındadır. Bu barədə Oxu.Az-a  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  deyib.

O bildirib ki, 10-SS-606 dövlət qeydiyyat nömrə nişanlı, “Maserati” markalı avtomobillə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra onun avtomobilinə baxış keçirilib. Məlum olub ki, həmin sistemdə səs gücləndiricidən istifadə olunub və buna görə də sürücüyə “KYP-647967” saylı inzibati protokol tərtib edilib. 

“Protokol tərtib edildikdən sonra Rəşad Sadiqova izah olunub ki, cəriməsi 500 manatdır. Görünür, cərimənin çoxluğundan futbolçu bu yola əl atıb”.

Vaqif Əsədov bildirib ki, Rəşad Sadiqovla DYP əməkdaşları arasında olan söhbətin audio və video yazısı var.

“Əgər Rəşad Sadiqov istəsə, bu görüntüləri ictimaiyyətə açıqlaya bilərik”, - deyə bölmə rəisi bildirib.

14:42

Azərbaycan milli komandasının və bir çox klublarımızın şərəfini qorumuş tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili Dövlət Yol Polisi (DYP) inspektorları tərəfindən cərimə meydançasına aparılıb.

Oxu.Az xəbər verir ki, bu barədə AzPolitika.info-ya R.Sadiqov özü məlumat verib. 

Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəlik, ondan pul tələb olunub: "Türkiyə səfirliyinin yaxınlığından keçirdim. 99-YP-445 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşları mənə saxla əmri verdi və mən avtomobili sağa çəkərək əmrə tabe oldum. Mənə yaxınlaşan DYP əməkdaşının ilk sualı "avtomobildə siqnal var?” oldu.  "Yoxdu” cavabını aldıqdan sonra nəqliyyat vasitəsini yoxlamağa başladı, yenidən mənə sual verdi ki, avtomobilə əlavə avadanlıq quraşdırılıbmı. Mən yenidən yox cavabını verdim. Bundan sonra həmin yol polisi göstərişin "yuxarıdan” gəldiyini, onlarlıq bir şeyin olmadığını və avtomaşını dayanacağa aparacağını bildirdi. 

Mən də qarşılığında onlara avtomobilin mənim əmlakım olduğunu xatırladıb, "yuxarı” deyəndə kimi nəzərdə tutduğunu soruşdum. Əgər avtomaşın içəri getməlidirsə, bunun bir açıqlaması, səbəbi olub-olmadığını, mülkümü əlimdən alıb məni piyada yola salmağın qanunsuz olduğunu, "siqnal dediniz yoxdu, əlavə avadanlıq dediniz yoxdu, bəs mənim avtomaşınımı niyə aparırsınız dayanacağa?”, deyə etiraz etdim. Həmin yol polisi əməkdaşı bir daha mənə göstərişin "yuxarıdan” olduğunu bildirdi. Avtomobilimi, öz şəxsi əmlakımı həmin yol polislərinə verib, taksi ilə evə getdim”.

R.Sadiqov bildirir ki, səhəri gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib. "Bizim işə 18-ci otaqda baxılacağını bildirdilər. Daxil olduq deyilən otağa, bizi polis mayoru Qafarov Cavad qarşıladı. Yuxarıda qeyd etdiyim sualların hamısını həmin polis mayoruna ünvanladım və yenidən avtomaşınıma niyə əl qoyulduğunu soruşdum. C.Qafarov sənədləri yoxladıqdan sonra mənə avtomaşının saxlanılması üçün heç bir səbəbin olmadığını bildirdi. Çünki ödənilməmiş cəriməm yox idi. Mən yenidən sual etdim ki, səbəbini kimsə açıqlayacaqmı ki, mənim avtomaşınım niyə dayanacağa aparılıb. Bundan sonra C.Qafarov inspektorlara göstəriş verdi ki, "gedin avtomaşının "qluşitel”ini yoxlayın”. Getdik dayanacağa, avtomobil yoxlanıldı və səsin normadan bir az artıq olduğu bildirildi. Bunlara bildirdim ki, avtomaşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirmişəm, əgər belə idisə, niyə qeydiyyatdan keçiriblər”. Ünvanladığım bu sualların heç birinə cavab verilmədi”.

Bundan sonra R.Sadiqov yenidən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qayıdıb. 

Mayor Cavad Qafarov "obed”ə getdiyini bildirib, qayıtdıqdan sonra bu işlə məşğul olacağını deyib. "Bir neçə saat gözlədikdən sonra yenidən otağa daxil olduq. Mayor bizi qəbul etmədi, köməkçisi isə bizə avtomaşının cəriməsinin 500 manat olduğunu bildirdi: "Avtomobilin səsi artıq olduğuna görə cəriməsi 500 manatdır. 500 manat verin, kağız yazım verim, gedin avtomaşını çıxarın". Bunun qanunsuz olduğunu, əgər həqiqətən, 500 manatlıq cəriməsi varsa, bunu qanuni yolla alınmasını, yəni protokol tərtib edilməsini istədim. Əgər protokol tərtib edilməsə, məhkəməyə baş vuracağımı bildirdim. Həmin serjant "gedin verin məhkəməyə” dedi. Nə protokol tərtib edən oldu, nə də bizim şikayətimizə baxan. DİN-in 102 qaynar xəttinə 2 dəfə zəng vurmuşam, heç bir xəbər yoxdu”.

Qeyd edək ki, R.Sadiqov "Maserati" markalı avtomobil idarə edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri