10 
Apr
2024
19:24
189
21
6905
Virtual karabakh

Sahibkarın 60 manata aldığı “Zaporojets” avtomobillərə yuxarıdan aşağı “baxır” - FOTO

10 Apr, 2024
19:24
6905

Sahibkarın 60 manata aldığı “Zaporojets” avtomobillərə yuxarıdan aşağı “baxır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazlı sahibkarın avtoservisin tanıdılması üçün istifadə etdiyi kreativ üsul insanların diqqətini çəkir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə “Zaporojets” markalı avtomobili dayaqlar üzərinə qaldırmaqla avtoservisini reklam edir. İyirmi ildən çoxdur, dayaqlar üzərində dayanan bu “Zaporojets” şəhərin qonaqlarının da marağına səbəb olur.

Sexin sahibi bu “Zaporojets”i 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manata (indiki 60 AZN - red.) alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin reklamı üçün istifadə edilir.

Avtoservisdə işləyən ustalar bildirirlər ki, artıq 22 ildir, hamı bu təmir sexinin yerini köhnə “Zaporojets”ə görə tanıyır.

“Ərazini tanımayan müştəri olur. Zəng edəndə deyirik ki, “Zapı”nın yanına gəl. Dərhal bilirlər ki, söhbət hansı sexdən gedir. Avtoservis bəzi naviqasiya proqramlarında da “Zaporojets” adı ilə qeyd olunub. Uzaqdan göründüyünə görə müştərilər üçün də ərazini tapmaq asan olur. Yolun kənarında olduğundan rayona gələn qonaqların da diqqətini çəkir. Videosunu və fotosunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Ustalar zarafatlaşarkən köhnə “Zaporojets”in bütün avtomobillərə yuxarıdan aşağı “baxdığını” söyləyirlər”, - deyə avtomobil ustası Aydın Şahbazov bildirib.

Avtomobil indi tam köhnəlsə də, tanıtım məqsədi üçün istifadə edilənədək işlək vəziyyətdə olub. Amma dayaqlar üzərinə qaldırılan zaman çəkisi yüngül olsun deyə mühərriki və digər ehtiyat hissələri çıxarılıb. Maşın dəmir konstruksiyaya qaynaq vasitəsilə bərkidilib. “Zaporojets” dayaqlar üzərinə bərkidilərkən təhlükəsizlik qaydaları nəzərə alınıb.

Avtoservisdəki ustalar köhnə “Zaporojets”in sayəsində bütün regionda tanındıqlarını və müştəri sarıdan korluq çəkmədiklərini bildirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri