25 
Apr
2017
15:24
78
222
24598
Virtual karabakh

Baş Prokurorluq Tovuzda filial müdirinin qətli ilə bağlı məlumat yayıb – YENİLƏNİB

25 Apr, 2017
15:24
24598

Baş Prokurorluq Tovuzda filial müdirinin qətli ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin filial müdirinin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Belə ki, aprelin 22-də Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının müdiri vəzifəsində işləyən rayon sakini Raya Bayramovanın xidməti otağında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar, əl-barmaq izləri götürülmüş və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən filialda baş mühasib işləyən, rayon sakini Vidadi Vəliyev aprelin 24-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

V.Vəliyev istinaqın ilkin mərhələsində hadisəni törətdikdən dərhal sonra məsuliyyətdən yaxa qurtarmaq və istintaqı başqa istiqamətə yönəltmək üçün cəhdlər etsə də, sonradan törətmiş olduğu cinayət əməlini etiraf edərək, cinayətin aləti olmuş predmeti və digər maddi sübutları istintaq orqanına təqdim edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11:30

Daxili İşlər Nazirliyi (DİN) “Azərsığorta” dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.

Oxu.Az nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.

24.04.2017 (22:28)

“Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialı müdirinin qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib. Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra başına küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun qadının başına kərpiclə zərbə endirdiyi ehtimal olunur) bir neçə zərbə endirib.  Qadının öldüyünü gördükdən sonra, Vidadi  filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.

Mübahisə zamanı V.Vəliyev də başından xəsarət aldığından o, ilk olaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yollanıb, daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedərək yıxılaraq xəsarət aldığını bildirib və xəstəxananın Travmatologiya şöbəsində tibbi yardım alıb. Gecəni xəstəxanada keçirən V.Vəliyev oradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməyə aparılıb. 

Məlum olub ki, hadisə vaxtı filialda kimsə olmadığından, həmçinin binanın kənar bir yerdə yerləşməsindən cinayət zamanı yaranmış səs-küyü eşidən olmayıb. V.Vəliyev ilk ifadəsində yıxılaraq başından xəsarət aldığını bildirsə də, aparılan araşdırmalardan sonra həmin ifadəsinin də yalan olduğu məlum olub. Belə ki, onun mübahisə zamanı xəsarət aldığı güman edilir. İfadəsi alınan mərhumun övladları isə analarının 2 gündür evə gəlmədiyini, qadının həmin günlərdə Gürcüstanda olduğunu düşündüklərini bildiriblər. 

Lakin analarına məxsus xarici pasportun evdə tapılması onlar polisə müraciət ediblər. Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qapısı bağlı filialın ikinci açarı mühasibdə olduğu məlum olub.
Vidadi açarı təhvil verdikdən sonra,  otağa girən polis əməkdaşları orada aşkarladıqları qadın cəsədini ekspertizaya göndəriblər. 
“Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim görüm ordadımı, lakin qapı bağlı idi, dama çıxıb oradan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü yıxılıb başımdan xəsarət aldım” – şübhəli şəxs qismində saxlanılan V.Vəliyev deyib. 

Lakin istintaq zamanı onun ifadələrində yalan və hadisə yerində aparılan araşdırmalar zamanı kifayət qədər faktların olması cinayətin onun tərəfindən törədilməsi sübut edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O sonradan ifadəsində Raya Bayramova ilə arasında pul üstündə mübahisə etdiyini bildirib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

20:00

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.

Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. İstintaqa ifadəsində Vəliyev qətli pul mübahisəsi üstə törətdiyini bildirib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.

Qeyd edək ki, aprelin 22-də “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.

Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri