22 
Sen
2017
16:17
161
166
41242
Virtual karabakh

“AAAF Park”ın sahibi həbs edildi? - FOTO - YENİLƏNİB

22 Sen, 2017
16:17
41242

“AAAF Park”ın sahibi həbs edildi? - FOTO - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AAAF Holdinq” MMC şirkətin rəhbəri haqqında yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, şirkət bildirib ki, yayılan məlumat böhtan xarakterlidir.

“AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun həbs olunması barədə xəbərlər yalandır. O, hazırda Kosovonun Priştina şəhərində start götürən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyindədir. Tofiq Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və eyni zamanda, yığma komandamızın baş məşqçisi olaraq həmin turnirdə iştirak edir.

Aparılan yoxlamalara gəlincə, bu, cari inventarizasiyadır. Məqsəd, Ədliyyə Nazirliyi Abşeron Rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir. İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar.

Qısa müddət ərzində inventarizasiya başa çatdırılıb, icra orqanları Kompleksimizi tərk ediblər. Hazırda "AAAF Park"dakı bütün obyektlər əvvəlki ştat rejimində fəaliyyətini davam etdirir.

Yoxlanılmayan, heç bir hüquqi əsası olmayan məlumatların yayılması burada yaşayan sakinlərin, çalışanların, ümumiyyətlə, "AAAF Park"la əlaqəsi olan hər kəsin narahatlığına səbəb olub. Gələcəkdə KİV-lərin bu məsələlərdə daha diqqətli olacaqlarına, qərəz yox, peşəkarlıq nümayiş etdirəcəklərinə inanırıq.

Reytinq xətrinə yalan, böhtan xarakter daşıyan xəbərlərlə cəmiyyətin fikrini yanlış istiqamətə yönləndirənlər isə qanun və vicdan qarşısında cavab verəcəklər. Bu istiqamətdə müvafiq addımlar artıq atılmağa başlanıb.

Fəaliyyətində peşəkarlıq nümayiş etdirən media qurumlarına isə xüsusi təşəkkürümüzü bildiririk.

"AAAF Park" Yaşayış Kompleksi öz fəaliyyətini daima Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə aparıb və bundan sonra da eyni şəkildə davam etdirəcəkdir”.

15:02

Bu gün Azərbaycanda fəaliyyət göstərən məşhur tikinti şirkətlərindən olan “AAAF Park”ın əmlakına həbs qoyulduğu və sahibinin həbs edildiyi barədə mediada xəbər yayılıb.

Oxu.Az xəbər verir ki, şirkətin hüquqşünası Səbuhi Axundov yayılan xəbərlərlə bağlı lent.az-a açıqlama verib. O bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar. Bu proseduranı isə böyüdərək, guya şirkətin əmlaklarına həbs qoyulduğu kimi təqdim ediblər".

Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə əmlakları sata bilməyəcəkləri barədə xəbərdarlıq ediblər. 

S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir".

Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb. 

14:42

"AAAF Park" Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edildiyi barədə xəbər yayılıb.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, bu barədə məlumat boşaldılan obyektlərin sahibləri tərəfindən də təsdiqlənib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “AAAF Park” Yaşayış Kompleksində prokurorluq əməkdaşları tərəfindən yoxlama aparılması barədə xəbərlərə münasibət bildirib.

E.Sultanov açıqlamasında deyib ki, “AAAF Park” Yaşayış Kompleksində prokurorluq əməkdaşları tərəfindən heç bir yoxlama-axtarış aparılmayıb: “Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.

E.Sultanov “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı məlumatsız olduğunu da söyləyib: “Tofiq Heydərovun həbsi ilə bağlı heç bir məlumatımız yoxdur. Əgər orada prokurorluq tərəfindən araşdırmalar aparılmırsa, artıq bu məsələ bizə aid deyil”.

Məlumata görə isə, "AAAF Park" ərazisinə prokurorluğun yox, Vergilər Nazirliyinin əməkdaşları gəlib. Ərazidə yoxlamanı Vergilər Nazirliyinin əməkdaşları aparır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri