22 
Sen
2017
17:40
24
200
4622
Virtual karabakh

120 manata görə iki qardaşa 5 il həbs verildi

22 Sen, 2017
17:40
4622

120 manata görə iki qardaşa 5 il həbs verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda saxta pul əskinasları kəsməkdə və yaymaqda təqsirli bilinən Bakı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Davud Azadxanlı və 1991-ci il təvəllüdlü Məhəbbət Şamilzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, Davud Azadxanlı qardaşı Cavad Əzizovun “Nikoil” İKB-nin Lökbatan filialında adına olan kredit borcunu ödəmək məqsədilə saxta pul kəsmək barədə tanışı Məhəbbət Şamilzadə ilə razılığa gəlib.

İcarə əsasında işlətdikləri Ələt qəsəbəsindəki yerləşən kompüter təmiri və kserosurət çap etmə mağazasında istifadə etdiyi “EPSON” markalı çap qurğusu vasitəsilə 6 ədəd 20-lik Azərbaycan manatı əskinasına oxşar saxta pullar hazırlayıblar.

 “Cənub Təndiri” adlı sexdə işləyən Nənəqız Həşimovaya 20 manatlıq saxta pul verərək, 5 ədəd pirojki alıblar. Nənəqız da onların verdikləri 20 manatlıq saxta pula görə, 19 manat qaytarıb.
Aprelin 1-də, saat 15.00-da həmin saxta pul 20-lik Azərbaycan manatı əskinasına oxşar digər saxta pul əskinasını Ələt qəsəbəsi, E.İmanov küçəsində meyvə-tərəvəz satışı ilə məşğul olan Azər Əhədova verərək, 5 manat dəyərində meyvə-tərəvəz məhsulları alıb, qalıq qalan 15 manat pulu Azər Əhədovdan götürüblər.

Həmin gün saat 19:00-da həmin saxta pul əskinaslarından 20-lik Azərbaycan manatı əskinasına oxşar digər saxta pul əskinasını Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Çinar” adlı kafedə yediyi yeməyin 19 manat hesabı ödəmək məqsədi ilə orada işləyən Elman Bayramova veriblər, qalıq 1 manat pulu götürüblər.

Bir müddət sonra Davud Azadxanlı və Məhəbbət Şamilzadənin əməllərindən Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi məlumatlandırılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hazırlanan 3 ədəd saxta pul götürülüb. 

Həmçinin onların hissələrə böldüyü 3 ədəd saxta 20 manatlıq pul əskinaslarının qırıntıları icarə əsasında işlətdiyi kompüter təmiri və kserosurət çap etmə mağazasının yaxınlığındakı “Hell” enerji içkisi qabının içərisindən aşkar olunub. Hər iki şəxs həbs edilib.

Davud Azadxanlı və Məhəbbət Şamilzadənin barəsində Cinayət Məcəlləsinin 204.1-ci (qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların hər biri barəsində 2 il sınaq müddəti olmaqla, 3  il 3  ay 23 gün müddətinə şərti cəza təyin olunub. Barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Bu hökmdən prokuror apellyasiya protesti verib və təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini, onların həbs edilməsini istəyib.

Prokurorun protestinə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun protestini təmin edib və Qaradağ rayon Məhkəməsinin hökmünü ləğv edib.

Qərara görə, Davud Azadxanlı və Məhəbbət Şamilzadənin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib.

Məhkəmə hər iki təqsirləndirilən şəxsin barəsində 4 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onların barəsində həbs-qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs ediliblər.

Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri kasasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslərin cəzalarının yüngülləşdirilməsini, onların barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyiblər.

Müdafiəçilərin kasasiya şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin kasasiya şikayətləri qismən təmin edilib və Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Məhkəmə hər iki təqsirləndirilən şəxslərin cəzalarını 2  il 3 ay 23 günə qədər endirib və onların cəzalarının əvvəlini 7 dekabr 2016-cı il tarixdən hesablanması barədə qərar qəbul edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri