11 
Okt
2017
14:05
15
97
6395
Virtual karabakh

Keçmiş prokurora bəraət verildi - MƏHKƏMƏ HÖKMÜ

11 Okt, 2017
14:05
6395

Keçmiş prokurora bəraət verildi - MƏHKƏMƏ HÖKMÜ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirləndirilən keçmiş prokuror Fəxrəddin Alıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Oxu.Az-a danışan Fəxrəddin Alıyevin vəkili Ceyhun Yusifov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Hakimlər kollegiyasının hökmü ilə ona bəraət hökmü verilib.  

 Qeyd edək ki, dələduzluqda təqsirləndirilən F.Alıyev Baş Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışıb. İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

 Sabiq prokuror F.Alıyev barəsində cinayət işinin başlanmasına səbəb isə İsmayıllı rayonu, Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokurorluğa müraciət etməsi olub.

H.Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı F.Alıyev və Gəray Orucova pul verdiyini deyib. H.Hüseynovanın şikayətinə görə, F.Alıyev oğlu V.Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

 H.Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi açılıb.

 Bu iş üzrə zərərçəkmiş şəxs V.Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınıb. K.Hüseynova ifadəsində bildirib ki, əri V.Hüseynov 2007-2014-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

 Sabiq prokuror F.Alıyev isə ona qarşı irəli sürülən ittihamla özünü qətiyyən təqsirli bilməyib.

 Xatırladaq ki, F.Alıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinib, onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ceyhun Yusifovun sözlərinə görə, 7 ay davam edən məhkəmə prosesini uğurla başa çatdırıblar. Vəkil, bəraət hökmünün verilməsini Azərbaycanda aparılan uğurlu hüquq islahatlarının nəticəsi kimi xarakterizə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri