Dek
2018
15:41
11
128
4913
Virtual karabakh

Zərərçəkmiş: Oğlumu nazirliyə düzəltmək üçün 15 min manat aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Naibə Piriyeva ifadə verib. 

O bildirib ki, təqsirləndirilən şəxsi Binəqədi Rayon Polis İdarəsindən tanıyır və orada müstəntiq köməkçisi olub:

“Həmin vaxt Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdik. Bir müddət keçəndən sonra bu işi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma Asifin özü mənə qarşı dələduzluq etdi.

Mən və digər zərərçəkmişlər iş araşdırılan zaman elə olurdu ki, evə gecə saatlarda gedirdik. Bu zaman Asif bizə yaxınlaşıb, maşını ilə evə aparmağı təklif etdi. Beləcə, onunla dostlaşdıq, oğlumla tanış oldu, anasını tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Asifə oğlum, o da mənə ana deyirdi”.

N.Piriyeva qeyd edib ki, A.Məmmədov ondan ilk dəfə 15 min manat pul alıb:

“Guya mənim oğlumu İqtisadiyyat Nazirliyinə işə düzəldəcəkdi. Buna görə əvvəl ona 12 min manat, sonra 2 min manat pul verdim. Lakin iş alınmadı. Bir qədər keçəndə mənə “WhatsApp”da yazdı ki, “Xala, iş həll olunur, özüm də ora düzəlmək istəyirəm”. Buna görə məndən daha səkkiz min dollar pul istədi.

Oğlum razılaşmadı və biz notariat qaydada pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul da aldı. Hətta bu işə görə anasını da vasitəçi kimi istifadə edirdi. Asif məndən pul istəyəndə ona “Yox” deyirdim. Sonra anası zəng edib yalvarırdı ki, oğluna kömək edim, evlərini satıb pulumu qaytaracaqlarını bildirirdi. Bir qədər keçəndən sonra Asif yoxa çıxdı və telefonlara cavab vermədi”.

A.Məmmədov isə bildirib ki, N.Piriyevadan pulu borc kimi alıb. 

Məhkəmə iclası dekabrın 18-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri