26 
Dek
2018
14:32
94
33
5852
Virtual karabakh

Şahid: Şikayət etdikdən sonra başqa yerdə mənzil verdilər

26 Dek, 2018
14:32
5852

Şahid: Şikayət etdikdən sonra başqa yerdə mənzil verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib. 

Ehtiram Əhmədov deyib ki, S.İbrahimovu əvvəl tanımayıb:

“Mən evi Eldəniz Cəfərovdan almışam, onun həmin binada iki mənzili var idi. Sənədləşmə işlərini isə Məzahir Cəfərovla etdik, müqaviləni ondan aldım. Özüm 4 ildir həmin mənzildə yaşayıram, bu günə kimi gəlib deyən olmayıb ki, ev başqasına satılıb. Mənə heç bir ziyan dəyməyib”. 

Digər zərərçəkən Mübariz Əhmədov isə mənzil almaq üçün pulu məhz Sahib İbrahimovun özünə verdiyini deyib: 

“Mən qardaşımla Xətai rayonunda tikilən binadan ev almaq üçün ofisə getdim. Orada oturan qızlar məni Sahib İbrahimova yönləndirdilər. 

O dedi ki, şirkət və bina onundur. Boş mənzillərə baxdıq, birini seçdim. Qiyməti 96 400 dollar idi. Bu qədər pulumun olmadığını dedim, Sahib İbrahimov yarısını ödəyib qalanı hissə-hissə verə biləcəyimi dedi. 

Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra da aybaay ödəməklə, ümumi 20 min verdim. 2017-ci ildə komendant mənə zəng edib dedi ki, sənin burada mənzilin yoxdur. 

Mən də Sahibin yanına getdim, dedi mən sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx. Orda başqa nə isə qaranlıq söhbətlər var idi. Bir binaları sökülmüşdü, oradan adamları başqa binaya köçürmüşdülər. Hamı “Sahil-D kompani”dən tələb edirdi, mən də ora getdim, dedilər buranın sahibi İlham tutulub, hələ 15 il də yatacaq”. 

Zərərçəkmiş deyib ki, prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov ona başqa yerdən mənzil verib:

“Xətaidəki binada mənə verilən mənzil də başqasına satılmışdı". 

Proses yanvarın 9-da davam etdiriləcək.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri