11 
Yan
2019
16:46
15
67
5231
Virtual karabakh

Emin Şəkinskinin keçmiş qaynı ifadə verdi: Evdən aparılan pul bacımın olub

11 Yan, 2019
16:46
5231

Emin Şəkinskinin keçmiş qaynı ifadə verdi: Evdən aparılan pul bacımın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə F.Yusub özünü təqsirli bilmədiyini deyib. 

Daha sonra ona təklif olunub ki, sərbəst ifadə versin. Lakin F.Yusub ifadə verməkdən imtina edib. Bildirib ki, istintaqda ifadə verməyib, heç bir sənədə də qol çəkməyib. 

Məhkəmədə onun 2018-ci ilin avqust ayının 18-də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O qeyd edib ki, Bakı şəhərində doğulub, 2008-ci ildən ölkədən gedib, Rusiyada qeydiyyatdadır. O, valideynlərinin hər ikisinin rəhmətə getdiyini, üç bacı-üç qardaş olduqlarını, universiteti yarımçıq qoyub, Rusiyaya getdiyini və orada ticarətlə məşğul olduğunu bildirib. 

F.Yusub dindirilən zaman vurğulayıb ki, bacısı Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinski ilə 1998-ci ildə evlənib, 2008-ci ildə ayrılıb, onların ailə məsələlərinə qarışmayıb:

“İttihamda qeyd edilən şəxslərdən yalnız bacım Gülnarəni tanıyırdım, digər şəxslərlə əlaqəm olmayıb. Bacım isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməmişdi. Həmin evdən aparılan 60 min manat pul isə bacım Gülnarənin özünün olub. Bunun Emin Şəkinskiyə heç bir əlaqəsi yoxdur”.

O, hakimin suallarını cavablandırarkən deyib ki, 2014-cü ildə bacısı Gürcüstanda olan zaman onunla əlaqə saxlayıb, sonra Belarusdan onun yanına gəlib:

“Lakin bacım ölkəni necə tərk etdiyi barədə mənə heç nə demədi. Bir müddət sonra Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın işi üzrə ittiham edilirəm. Həbsimdən bir il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, üç uşağım var”.

F.Yusub prokurorun ona verdiyi suallardan da imtina etdiyini bildirib. 

Prosesdə şahid qismində Namiq Camalov da dindirilib. O, bu iş üzrə 2014-cü ildə həbs edildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edildiyini bildirib:

“Ali Məhkəmə mənim şikayətimi Bakı Apellyasiya Məhkəməsinə geri qaytardı. Məhkəmənin qərarı ilə oğurluq ittihamı ittihamdan xaric olundu, saxta sənədlərin hazırlanması maddəsi ilə 3 il 6 ay cəza çəkdim, 2017-ci ildə azadlığa buraxıldım”.

Binəqədi Rayon Polis İdarəsinin sabiq əməkdaşı olduğunu deyən şahid söyləyib ki, Gülnarə Şəkinskayanı Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə tanış edib:

“Gülnarə xanımı Bərdə rayonuna qeydiyyat şöbəsinə öz maşınımla aprıb, saxta sənədlərin hazırlanmasını üçün Şəfiqə xanımla tanış etdim. Sonra bir neçə şəxslə onu və uşaqlarını Gürcüstana keçirdik. Mənə bunun müqabilində beş min manat pul verdi. Fərid Yusubu tanımıram, onu heç vaxt görməmişəm. Mən həbs ediləndə ittihamda Fəridin adı da var idi”.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək. 

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də, onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

İnterpol xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri