16 
Yan
2019
20:24
21
207
8944
Virtual karabakh

Övladı öldürülən ana: Oğlum dedi ki, məni arxadan vurdular

16 Yan, 2019
20:24
8944

Övladı öldürülən ana: Oğlum dedi ki, məni arxadan vurdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Pənah Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib. 

İttihama münasibət bildirən P. Səmədov özünü təqsirli bilməyib. 

Sonra mərhum Röyal Rəhimovun anası Dilarə Rəhimova ifadə verib. O deyib ki, oğlu taksi sürücüsü kimi fəaliyyət göstərib. Hadisə günü oğlunun evə pis vəziyyətdə qayıtdığını deyən D. Rəhimova mərhumun ağır formada döyüldüyünü iddia edib:

"Gəlib mənə dedi ki, ana, mən dalaşmışam. Dedi ki, alçaq məni arxadan vurdu. Bu adam mənim oğlumun başına çubuqla vurubmuş. Sonra dedi ki, başım ağrıyır, yatıram. Səhəri gün yuxudan oyananda gördüm ki, oğlum pis gündədir. Yerindən qalxa bilmir, əli-ayağı buz kimidir, üzü də göyərib. Tez təcili yardıma zəng etdim, onlar da uşağı xəstəxanaya apardılar. Oğlum 6 gün komada qaldı, sonra rəhmətə getdi". 

Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, R. Rəhimova elektroşok veriblər:

"Elə söhbət də bunun üstündə düşüb. Oğluma elektroşok verib öldürdülər". 

Təqsirləndirilən P. Səmədov isə Röyal Rəhimovu döymədiyini deyib. Bu zaman zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında mübahisə düşüb. Hakim Mirzə Xankişiyev tərəfləri sakitləşdirib və hər iki şəxsə xəbərdarlıq edib. 

Daha sonra prosesdə şahidlər ifadə veriblər. 

Məhkəmə iclası yanvarın 23-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə 2 iyun 2018-ci ildə baş verib. P. Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R. Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb. 

P. Səmədov Röyal Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib. 

Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və Pənah Səmədov Röyal Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri