23 
Yan
2019
17:26
46
285
12641
Virtual karabakh

Rəis məndən 200 min manat istədi - MƏHKƏMƏ

23 Yan, 2019
17:26
12641

Rəis məndən 200 min manat istədi - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi istintaqı başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib. 

X.Məmmədov elan olunmuş ittihamın heç bir maddəsi ilə özünü təqsirli bilmədiyini deyib. 

O, sərbəst ifadə verərək, hadisə haqqında danışıb. X.Məmmədov avtomobili idarə edərkən sürət həddini aşmadığını, hadisə yerindən qaçmadığını vurğulayıb:

“İşdən çıxandan sonra şəhərə gəlirdim. Yolda qarşıdan gələn “Mercedes” markalı avtomobil qəfildən mənim yoluma çıxdı və avtomobilimi vurdu. And olsun Allaha ki, mənim maşını saxlamaq imkanım yox idi. Məni yolumdan vurub çıxardı, avtomobilim dərəyə düşdü.

Avtomobilim yanırdı, özümü güclə çıxardım. Dərhal təcili tibbi yardıma zəng etmişəm. Gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng etmişəm, hadisəni demişəm. Səhər saat 04:00-a kimi Abşeron Rayon Polis İdarəsində olmuşam”. 

Təqsirləndirilən şəxs istintaq rəisinin onunla şəxsi qərəzlilik apardığını iddia edib:

“Binəqədi rayon istintaqının rəisi Həsrət mənimlə prinsipə düşüb, ona görə işi belə qurublar. Mənə dedi ki, sənə kömək etmək istəyirik, amma bilmirik, necə edək. Mən də qayıtdım ki, günahım yoxdur. O isə hadisə yerindən qaçdığımı iddia etdi. Mən də dedim ki, əgər qaçmışamsa, görüntüyə baxın. Sürət həddi 60-70 olub, yüksək sürətlə də idarə etməmişəm avtomobili.

Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdur, istəsə, yalançı şahidlər də gətirə bilər. Məndən 200 min manat pul istədi, mən isə pulumun olmadığını dedim. Qayıtdı ki, bəs maşını nə ilə almısan?” 

X.Məmmədov indiyədək nümunəvi polis olduğunu qeyd edib:

“Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün cənab nazirimiz məni polis akademiyasında oxumağa göndərib. Yeddi il cənab nazirin mühafizəsində çalışmışam”. 

Proses yanvarın 30-da davam etdiriləcək. 

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri