15 
Fev
2019
18:39
33
176
8134
Virtual karabakh

Dünya çempionunun cinayət işi: Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyib

15 Fev, 2019
18:39
8134

Dünya çempionunun cinayət işi: Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirləndirilən kikboksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə  zərərçəkmiş şəxs Bəhruz Dilbazi mülki iddia qaldırıb. 

O 18 min manat maddi, 5 min manat isə mənəvi zərərə görə təzminat tələb edib. 

Sonra prokuror ittiham aktını elan edib. Elan olunmuş ittihamla E.Məcidov özünü təqsirli bilməyib.

Bəhruz Dilbazi ifadə verərək bildirib ki, qızının ailəsində problemlər və söz-söhbətlər 2014-cü ildən başlayıb: 

“Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyib. Bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında qızımı hədələyib. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı “102”yə məlumat verib. Araşdırıb, baxa bilərsiniz. 2014-cü ildə boşanmaq qərarı aldılar. Mən də qızıma dedim ki, həyat sənindir, özün bilərsən. 

Qızım dedi ki, özünü öldürmək həddinə gəlib. Çıxıb evimizə qayıtdı. Boşanandan sonra mülki məhkəmələr başladı. Birgə nikah dövründə alınan ev və iki maşınla bağlı iddia qaldırıldı. Həmin əmlak onun övladlarına çatacaqdı. Amma o bununla razılaşmırdı ki, məhkəmələri niyə uduzur. Mənə dəfələrlə hədə-qorxu gəlirdi ki, mülk davasından əl çək. Amma bu mülk davası deyil. Həmin əmlak uşaqlarının haqqıdır”. 

Baş verən dava haqda danışan zərərçəkmiş qeyd edib ki, həmin vaxt Ehram uşaqları görməyə gəlibmiş:

“Uşaqları onunla görüşdürməyə getmişdik. Görüş icra məmurlarının yanında oldu. Yanımda yoldaşım da var idi. Otaqda olanda biz arxada əyləşmişdik. İcraçı da otaqda idik. 5-6 dəqiqə sonra uşaqlar getmək istədi. Ehram da dedi ki, uşaqları babası öyrədir. 

Mənə dedi ki, uşaqları sən öyrədirsən. Mən oturanda üstümə hücum elədi. Sağ əli ilə çiynimdən aşağı sıxdı. Sol əli ilə də sifətimə vurmağa başladı. Müqavimət göstərə bilmirdim, qolum sındı. Əməliyyat olunmuşam. Müalicəmi xaricdə də davam etdirdim. İndi də müalicə alıram. Ağrılardan gecə yata bilmirəm”.

B. Dilbazi bildirib ki, Ehram Məcidov onu beşbarmaq adlanan soyuq silahla vurub. O deyib ki, Ehram beşbarmağı ya corabından, ya da cibindən çıxarıb.

Zərərçəkmişin “beşbarmağı corabından çıxardı” deməsi zalda əyləşənlərin gülüşünə səbəb olub. Hakim isə zalda olan şəxslərə xəbərdarlıq edib. 

Sualları cavablandıran Dilbazi beşbarmağı gördüyünü söyləyib. 

Amma Ehram Məcidov hadisə zamanı beşbarmaqdan istifadə etmədiyini deyib.

Ehram keçmiş qayınatasını sual verib: 

“Biz otaqda olanda icraçı dəfələrlə sənə xəbərdarlıq etdi ki, otağı tərk edin. Görüş üçün məni uşaqlarla tək qoyun. Qışqıraraq neçə reaksiya verdiniz?”.

Bəhruz Dilbazi söyləyib ki, Ehram Məcidovun uşaqlara təzyiq və təsir edə biləcəyindən ehtiyat etdiyi üçün oranı tərk etmək istəyib: 

“Mən tələb elədim ki, ya icra hakimiyyətinin nümayəndəsi, ya da psixoloq gəlsin”.

Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.

İttihama görə, E. Məcidov qayınatası Dilbazi Bəhruzun yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı iki gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboksinq bölməsinin baş məşqçisidir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri