İyl
2015
17:05
122
46
4340
Virtual karabakh

Sevdiyi qızın evini yandıran Kürdəmir sakini 14 il cəza aldı – FOTO

3 İyl, 2015
17:05
4340

Sevdiyi qızın evini yandıran Kürdəmir sakini 14 il cəza aldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Röyal Vüsalə ilə telefonla tanış olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon sakini Röyal Fətəliyevin (1994-cü il təv.) CM-nin 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 221.1 (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən Röyal Fətəliyev 2013-cü il dekabrın 4-də tanışı Əli Musayevlə küçədə mübahisə edib, onu döyərək evə aparıb. Orada Əlini zorla soyundurub bıçaqla sifət və sinə nahiyəsinə xəsarət yetirib, sonra isə çılpaq vəziyyətdə küçəyə çıxarıb, xalasıgilin evinədək elə vəziyyətdə aparıb. 

Bundan başqa, təqsirləndirilən şəxs atasının dostu Asif Əsgərovu döyüb. Röyal atası haqda nalayiq ifadələr işlədən Asifi “Binə” ticarət mərkəzinin ərazisində yerləşən kafenin arxasına çağırıb və orada ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 2014-cü ilin iyunun 12-də isə, Röyal Fətəliyev sərxoş vəziyyətdə sevdiyi Vüsalə Məmmədovanın (1996-cı il təv.) valideynləri ilə birgə Lökbatan qəsəbəsində yaşadığı evi yandırıb və hadisə yerindən qaçıb. 

Zərərçəkən ailənin şikayəti əsasında cinayətin törədilməsində şübhəli bilinən Röyal Fətəliyev Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən ayın 23-də tutulub və istintaqa təqdim edilib. Dindirmə zamanı tutulan şəxs Vüsalə adlı qızı sevdiyini, sonuncunun isə ona “yox” cavab verdiyini bildirib. Buna görə, o əsəbiləşərək qıza, onların yaşadığı evi yandıracağını söz verib.

Məhkəmə prosesində R.Fətəliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. Təqsirləndirilən şəxs sevdiyi qızın evini yandırarkən onları öldürmək niyyəti olmadığını qeyd edib. Röyal Fətəliyev Vüsalə Məmmədova ilə telefonla tanış olduğunu bildirib:

“Lökbatan qəsəbəsində Mədəniyyət evinin qarşısında görüşdük. Ondan sonra yenə telefonla danışmağa başladıq. Bununla da, bizim aramızda qarşılıqlı sevgi yarandı. Bir gün getdim Vüsaləgilin evinə, fikirləşdim ki, ona sevdiyimi sübut edəcəyəm. Gecə saat 2 radələri idi, qapılarını döysəm də açan olmadı. Telefonda Vüsaləyə demişdim ki, gələcəyəm, düşündüm ki, yəqin, qohumlarıgilə gediblər. Mən də gəldiyimi bilsinlər deyə zirzəmidəki palazın qırağını alışqanla yandırıb, çıxıb getdim. Dedim qoy palaz biraz yansın, gələndə görsünlər və bilsinlər ki, mən gəlmişəm

Şahid qismində dindirilən Vüsalənin anası Zəminə Məmmədova təqsirləndirilən şəxsə ağır cəza verilməsini və onlara dəyən maddi zərərin ödənilməsini istəyib.

Ardınca iş üzrə ifadə verən Vüsalə Məmmədova da Röyal Fətəliyevə ömürlük cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 



C.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri