24 
Noy
2015
09:51
150
10
5621
Virtual karabakh

Salatın Əsgərovaya həsr edilmiş filmin təqdimatı oldu – FOTO

24 Noy, 2015
09:51
5621

Salatın Əsgərovaya həsr edilmiş filmin təqdimatı oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

“Nizami” Kino Mərkəzində “Milli qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovaya həsr edilmiş “23” sənədli filminin təqdimatı olub. 

Oxu.Az Azərtac-a istinadən xəbər verir ki, təqdimat Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi tərəfindən təşkil edilib.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Ramiz Rövşənin ssenarisi əsasında rejissor İsmayıl Zeynalov tərəfindən çəkilib.

Tədbir iştirakçıları Salatın Əsgərovanın xatirəsini bir dəqiqəlik sükutla anıblar. Xalq Artisti Flora Kərimova Salatın Əsgərovaya həsr olunmuş mahnı ifa edib.
 
Filmin ssenari müəllifi, şair, yazıçı Ramiz Rövşən film üzərində fəaliyyətindən danışaraq bildirib ki, hər bir dövr şəxsiyyətlərin simasında tarixdə əbədiləşir.

Salatın Əsgərova da öz ölkəsində müəyyən bir dövrün siması olub. Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, Milli qəhrəmanlarımız barəsində hər bir film, hər bir kitab, hər bir şeir gələcək nəsillərə müraciətdir, tarixi yaddaşımızdır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan 6 film çəkilib. Kinorejissor Yalçın Əfəndiyev, Salatın Əsgərovanın bacısı Zümrüd, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Kərim Kərimov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhram Şeydayev, Salatın Əsgərovanın qələm dostu, “Medik” qəzetinin redaktoru Nigar Məcidova və başqaları Salatın Əsgərova haqqında xatirələrini bölüşüblər.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə Mikayıl Müşviq adına 18 nömrəli məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. S.Əsgərova jurnalistlik fəaliyyətinə “Baku” qəzetində başlayıb. 1988-ci ildən “Molodyoj Azerbaydjana” qəzetində reportyor işləyib.

1990-1991-ci illərdə Dağlıq Qarabağdan reportajlar hazırlayıb, tez-tez hərbi əməliyyatlar zonasına gedib. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedən yolda, Qaladərəsi kəndi yaxınlığında içərisində Salatın Əsgərovanın olduğu maşın erməni silahlıları tərəfindən atəşə tutulub. Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Bakıdakı küçələrin birinə Salatın Əsgərovanın adı verilib. Bakı buxtasındakı katerlərdən biri də onun adını daşıyır. Yaşadığı binanın divarına memorial lövhə vurulub.

Salatın Əsgərovanın qətlə yetirildiyi yerin yaxınlığındakı kənd onun şərəfinə Salatınkənd adlandırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri