24 
Noy
2015
22:00
7
1
1207
Virtual karabakh

Barselonada “Sonsuz dəhliz” filminin premyerası keçiriləcək

24 Noy, 2015
22:00
1207

Barselonada “Sonsuz dəhliz” filminin premyerası keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində.

Litvalı prodüser Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin dekabrın 3-də, yerli vaxtla saat 18:20-də İspaniyanın Barselona şəhərindəki “Girona” kinoteatrında premyerası keçiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadla bildirir ki, Xocalı qətliamından bəhs edən film noyabrın 26-dan dekabrın 10-dək Kataloniyanın paytaxtı Barselonada keçiriləcək İnsan Hüquqları Film Festivalının proqramı çərçivəsində nümayiş olunacaq.

“Sonsuz dəhliz” filminin Barselona festivalında nümayişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün yaxşı fürsətdir.

Bu il Barselona Film Festivalı üçün seçilmiş filmlər arasında Fələstin, İraq, İsrail, Almaniya, İngiltərə, İordaniya, Estoniya, Türkiyə, Serbiya, İtaliya, Kanada, Rusiya, Danimarka, ABŞ, Polşa, Livan, Moldova, Mərakeş, Suriya, Argentina və digər ölkələrin kinematoqrafçılarının əsərləri yer alıb.

Festival təşkilatçılarının konsepsiyasına görə, heç bir film digərindən üstün tutulmamalıdır. Festivala təqdim olunan filmlərdə insan hüquqları ilə bağlı müxtəlif narahatlıqlar fiksiya, animasiya və sənədli film janrlarında ifadə edilməlidir.

“Sonsuz dəhliz” filmi bu il müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha üç nüfuzlu mükafata layiq görülüb.

Belə ki, Madrid Tenerife Beynəlxalq Film festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru”, “Milan IFF 2015 Film Festivalı” isə “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyası üzrə qalib elan edib.

Filmin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Filmin nümayişi “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyası və İsrailin “Channel 1” televiziya kanallarında da baş tutub.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

“Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Burada Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib.

Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri