Fev
2016
13:13
14
11
1737
Virtual karabakh

Nazirlik Rafael Dadaşovu mükafatlandırdı

3 Fev, 2016
13:13
1737

Nazirlik Rafael Dadaşovu mükafatlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teatr və kino sahəsində səmərəli fəaliyyətinə görə.

Xalq artisti Rafael Dadaşov 70 illik yubileyi münasibətilə və teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində Klavdi “Hamlet” (Uilyam Şekspir), Paratov “Cehizsiz qız” (Aleksandr Ostrovski), Rövşən “Əliqulu evlənir” (Sabit Rəhman), Knyaz Xasay “Xurşudbanu Natəvan” (İlyas Əfəndiyev), Cəmil “Unuda bilmirəm” (İlyas Əfəndiyev), Vasif “İblis” (Hüseyn Cavid), Qiyas “Şəhərin yay günləri” (Anar), Fəxrəddin “Qılınc və qələm” (Məmməd Səid Ordubadi), Camal “Nişanlı qız” (Sabit Rəhman), Tesey “Fedra” (Jan Rasin), Özdəmir “Afət” (Hüseyn Cavid), Şeyx Nəsrullah “Ölülər” (Cəlil Məmmədquluzadə) və s. onlarla başqa tamaşada maraqlı obrazlar yaradıb.

Aktyorun televiziya tamaşalarında (Anar – “Ötən ilin son gecəsi” (Rüstəm), K.Holdoni – “Mehmanxana sahibəsi” (Sinyor Kavaler), Aslan Qəhrəmanov – “Səni axtarıram” və “Bağışla” (Vasif müəllim), Hüseyn Cavid – “Topal Teymur” (Orxan), İslam Səfərli – “Göz həkimi” (Rauf) və s .), filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”, “Dantenin yubileyi” və s.) oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb.

Rafael Dadaşov 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə Rafael Dadaşovun iştirakı ilə N.Qoqolun “Müfəttiş” əsərinin tamaşası nümayiş olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri