28 
Apr
2016
17:39
29
7
1945
Virtual karabakh

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadının doğum günüdür

28 Apr, 2016
17:39
1945

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadının doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlib.

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadənin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Ədilə Hacıağa qızı Hüseynzadə 28 aprel 1916-cı ildə dünyaya göz açıb.

XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlib, 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir bəydən dərs alıb.

O, Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır.

Ə.Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir.

Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. 

Ə.Hüseynzadənin Nizaminin sözlərinə yazılmış “Vəslin həvəsi” romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan “Duyğular” vokal silsiləsi musiqimizin inciləridir.

Ə.Hüseynzadə Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirib.

Ə.Hüseynzadə yaradıcılığından uzaqlaşmadan uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris edib.

Ədilə xanım uzun illər (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq fənnindən dərs deyib.

Azərbaycan musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edən SSRİ xalq artisti Müslüm Maqomayev, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə, Sevda İbrahimova, Elnarə Dadaşova məhz Ədilə xanımın rəhbərliyi altında sənətdə ilk kövrək addımlarını atıblar.

Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.

Dahi Üzeyir Hacıbəyovun son və sevimli tələbələrindən biri, qocaman bəstəkar, Ədilə xanım Hüseynzadə 2005-ci ildə vəfat edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri