15 
Avq
2016
11:00
63
16
5892
Virtual karabakh

“Ölülər XXI əsr”in Hacı Həsən ağası – MÜSAHİBƏ

15 Avq, 2016
11:00
5892

“Ölülər XXI əsr”in Hacı Həsən ağası – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir bilsəniz mən nə rəzilləri, nə şərəfsizləri canlandırmışam”.

Oxu.Az 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına, həmçinin Prezident mükafatına layiq görülmüş aktyor Valeh Kərimov ilə müsahibəni təqdim edir. V.Kərimovun Hacı Həsən ağa rolunu canlandırdığı “Ölülər XXI əsr” filmi sentyabrın 22-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.





 

- “Ölülər XXI əsr” filmi “Planet Parni iz Baku” teatrı ilə ilk işinizdir?

- Xeyr. Tahir İmanov məni bir neçə il bundan öncə “Bir kəndin Sevinci” serialında çəkilişlərə dəvət etmişdi. Baxılan bir serial oldu, ancaq müəyyən səbəblərdən çəkilişlər öncədən planlaşdırıldığı kimi getmədi, serial yarımçıq qaldı. “Ölülər XXI əsr” filmi bu kollektiv ilə sayca ikinci işimizdir.

- Müştərək işin davamı oldu, demək, ilk işdə tondem alınmış və nəticə ürəkaçan olmuşdu.

- Bax onu, yəni işimizin nə dərəcədə uğurlu alındığını tamaşaçılar deyə bilər. Bir onu deyə bilərəm ki, Tahir çox tələbkardır, bu səbəbdən də birgə işlədiyi hər kəsdən ciddi yanaşma tələb edir. Peşəkarlığa üstünlük verən biridir. Bu, müsbət cəhətdir, çünki gözlənilən nəticəni peşəkar yanaşma olmadan əldə etmək olmaz, bu, qanundur. Bu dəfə də zəng edib dəvət edəndə, nə gizlədim, belə bir adamın dəvətinə çox sevindim və qəbul etdim.

- Rol seçimi necə oldu?

- Sirr deyil ki, dahi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri bədii ədəbiyyatımızın incilərindəndir. Unudulmaz əsərlərdəndir. Bu əsərə rejissorlar müraciət edib və edəcəklər də. Sadəcə T.İmanov bu əsərə tam fərqli rakursdan yanaşdı. Mən ilk olaraq “Ölülər XXI əsr” filminin ssenarisini oxudum. Sonradan hansı rolu oynamaq istədiyimi soruşanda, mən əgər teatrda olsaydı, Şeyx Nəsrullahı oynamaq istərdim, amma filmdə Hacı Həsən ağa rolunu oynamaq istəyirəm dedim.




- Demək, rolu özünüz seçmisiniz?

- Bəli. Çünki filmdə Şeyx Nəsrullahı Tahir oynayacaq, deməli, bu tamamən başqa, fərqli Nəsrullah olacaq (gülür). Amma bir şey deyim, bu əsərdə, hətta epizodik rolları oynamaq belə qürurvericidir. Çox sağ olsun, mənə bu rolu etibar etdi. Mən də çalışdım ki, bacardığımı edim (gülür).

- Əksər hallarda müsbət rollarda görməyə alışdığımız Valeh Kərimov filmdə mənfi rol oynayır...

- Bir bilsəniz mən nə rəzilləri, nə şərəfsizləri səhnədə canlandırmışam (gülür). Mən teatr aktyoruyam, filmlərə dəvət edirlər çəkilirəm. Amma teatrın cazibəsi başqadır, səhnədə olan aktyoru tamaşaçılara bağlayan görünməz tellərin yerini heç nə verə bilməz. Mən C.Məmmədquluzadənin daha bir ölməz əsəri “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəyi oynamışam, buyurun, bu da mənfi rol (gülür). Bu filmdə isə mənə həvalə olunan Hacı Həsən ağanın rolu oldu, çalışmışam öhdəsindən gəlim, kollektivin etimadını doğruldum.

- Filmin çəkilişləri zamanı yaşadığınız çətin anlar oldu?

- İnanın, mən həyatımda heç vaxt dərman içməmişdim, amma bu filmin çəkilişində içməli oldum (gülür). Filmi izləyərkən tamaşaçılar avtomobillər ilə necə tryuklar çəkildiyini görəcəklər, ən çətin an mənim üçün həmin səhnə oldu. Sürətlə hərəkət edən avtomobildə bir səhnəni rejissorun istədiyi kimi alınana qədər bir neçə dubl çəkməli olduq. Təzyiqim qalxdı, indi o anı xatırlayanda gülürəm, amma etiraf edim ki, yaman qorxmuşdum (gülür).  

- “Ölülər XXI əsr” filmindəki Hacı Həsən indiyə qədər səhnələrimizdə görməyə alışdığımız Hacı Həsəndən nə ilə fərqlənir?

- Bu əsər müasir dövrə, insanlara, şəraitə və şərtlərə uyğunlaşdırılıb. Bugünkü Hacı Həsənin amalı nüfuzlu bir adamın kölgəsində öz planlarını həyata keçirməkdir.

- Yəni klassik əsərdəki sələfindən o qədər də uzağa getməyib?

- Qətiyyən. Sadəcə müasir dövrdəki Hacı Həsənlərin məkrinin miqyası bir qədər də genişlənib. Vəssalam. Ruhu, amalı dəyişməyib! Bunlar dəyişən deyil! Tahir İmanovun filmi məhz bunu göstərir, bunu tənqid edir. Yəni bu insanların, bu şəxslərin düşüncəsi dəyişməz qalıb. Onlar daha çox, hökm, sərvət istəyirlər.



- Sizin üçün filmin əsas mesajı nədir?

- Filmin məqsədi bu filmi ərsəyə gətirən kollektivin məqsədi ilə üst-üstə düşür. Yəni ətrafda, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları işıqlandırır. İnsanları cahillikdən, qohumbazlıqdan, cəmiyyəti uçuruma aparan, təhsilin qarşısını kəsən fəsadlardan uzaq durmağa çağırır. Mirzə Cəlilin dediklərindən bir əsr keçdi, amma yenə də həmin problemlərlə üzləşirik. Çox təəssüflənsək də, bu problemlərlə müasir dövrümüzdə də qarşılaşırıq. Amma bu cahillik gözə çarpırsa, deməli, onunla mübarizə aparanlar da var, bu, ümidvericidir.

- Valeh bəy, bir aktyor üçün ən gərgin və həyəcanlı anlar film üzərində çalışarkən və ya tamaşaçı qiymətini gözləyərkən yaşanır?

- Məndə ikinci mərhələnin həyəcanı və gərginliyi daha çox olur. Çünki mən rolu oynadım, amma nə dərəcədə yaxşı oynadığımı tamaşaçının o rola münasibəti göstərir. Bax həmin an daha çox həyəcan keçirirəm. Ümidvaram, qiymət müsbət olacaq (gülür).

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Oxucularınızı filmi izləməyə dəvət edirəm. Baxıb qiymətimizi versinlər. Sonunda biz onlar üçün çalışırıq. Əziyyətimizin ən böyük və dəyərli qarşılığı onların alqışıdır.

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri