22 
Avq
2016
11:00
105
20
6350
Virtual karabakh

Faiq Sücəddinov: “Ölülər XXI əsr” filmi Azərbaycan kino tarixində yaddaqalan filmlərdən olacaq

22 Avq, 2016
11:00
6350

Faiq Sücəddinov: “Ölülər XXI əsr” filmi Azərbaycan kino tarixində yaddaqalan filmlərdən olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filmin həm ssenarisi, həm rejissor işi, həm aktyor oyunu, həm də musiqisi gözəl olmalıdır.

Oxu.Az tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinov ilə müsahibəni təqdim edir.

- Faiq bəy, bu, filmoqrafiyanızda yer alan filmlər sırasında klassik əsər üzrə çəkilmiş ilk film idi?

- İlk olaraq onu deyim ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyat, Azərbaycan mədəniyyəti qədər ölməz irsi olan yazıçıdır. Onun əsərləri hər zaman aktual olacaq, müasir dövrlə səsləşəcək. Bu, “Planet Parni iz Baku” kollektivi ilə ilk işim idi. Qabaqcadan deyim ki, çox baxımlı film olacaq. Bir il bundan öncə başlamışdıq işə, vaxtın necə keçdiyini hiss etmədim. Həmin zaman ərzində görülən işin nəticəsi isə 2 saat 40 dəqiqəlik filmdir.

- Filmin vaxtı heç də az deyil..

- Amma hiss olunmur (gülür). Filmdə hadisələr o qədər sürətlə inkişaf edir ki, ssenari o qədər dinamikdir ki, dialoqlar o qədər canlıdır ki, zaman hiss olunmur. Həm də burada obrazlar yalnız danışmırlar, həm də oxuyurlar. Musiqi də çox gözəldir (gülür). Bu sadaladığım səbəblər üzündən həmin müddətin necə keçdiyi hiss olunmur. Filmə bəstəkar yox, məhz bir tamaşaçı kimi baxdığım üçün deyirəm. Buna görə də deyə bilərəm ki, “Ölülər XXI əsr” filmi Azərbaycan kino tarixində yaddaqalan filmlərdən olacaq.




- Bəstəkarın filmə musiqi yazması üçün əsas sövqedici amil hansıdır?

- Bəstəkar filmlə tanışlığa, təbii ki, ssenari ilə başlayır. Mənə də Tahir (İmanov-red.) musiqi yazmaq üçün müraciət etdikdə ilk olaraq ssenarini oxudum. Ssenari mənə çox cəlbedici gəldi və razılaşdım. Düşünürəm ki, yaddaqalan bir film çəkmək, tamaşaçılara təqdim etmək üçün filmin həm ssenarisi, həm rejissor işi, həm aktyor oyunu, həm də musiqisi gözəl olmalıdır.

- Filmdə yalnız obrazlar üçün musiqi yazılıb?

- Xeyr, baxanda da görəcəksiniz ki, obrazlar üçün yazılan musiqidən başqa, filmdə çox gözəl “Vətən haqqında ballada” da meydana çıxıb. İnstrumental musiqi çox maraqlıdır.

- Filmdə obrazlardan ən çox kim oxuyur?

- Daha çox Tahirin (İmanov-red.) yaratdığı Nəsrullah obrazı, amma ümumilikdə demək olar ki, hamı oxuyur. Mahnılar isə bəzi aktyorlarla yanaşı Samir Cəfərov, “Qaya” qrupu, Elçin Şirinov, Gülay Zeynallı, “Eurovision” yarışmasının qalibi Nigar Camal, həmin müsabiqənin iştirakçısı olan Fərid Məmmədov kimi  peşəkar müğənnilər ifa edir. Yəni ümumi olaraq filmin uğurlu alındığını indidən deyə bilərik.




- Musiqisini yazdığınız filmlər bir-birindən, təbii ki, fərqlənir...

- Hər bir filmin öz özəlliyi, öz gözəlliyi var. Hər bir ssenari fərqlidir. Məsələn, mən Rusiyanın NTV telekanalının rejissorları ilə işləmişəm. Onların çəkdiyi bir filmdə, təbii ki, Azərbaycan musiqisi deyil, onlara xas olan bir musiqi olmalı idi. Televiziya filmi üçün ayrı, bədii film üçün isə ayrı musiqi yazılır, tamaşa, operetta bunlar isə tamam başqa aləmdir (gülür). Yəni musiqi, janra, ssenariyə görə təyin edilir. Əsas odur ki, yaddaqalan musiqi olsun, dinləyənlər zövq alsın.

- Bildiyimiz kimi film klassik əsərin müasir interpretasiyasıdır, ssenaridə müasir dövrə müvafiq olaraq yazılıb. Bəs musiqi necə, müasir notlara köklənibmi?

- Filmin adına fikir verin, “Ölülər XXI əsr” məhz XXI əsr anlayışı müasir dövrdə həmin problemlərlə qarşılaşdığımızı, ədibin öz dövründə qaldırdıqları nöqsanların hələ də qaldığını sübut edir. C.Məmmədquluzadə, M.Ə.Sabir bunlar hər zaman müasir olacaqlar.

Musiqiyə gəldikdə isə bir şey demək istərdim, musiqi istənilən dövrdə pis və yaxşı ola bilər. XVIII əsrdə də, XIX əsrdə də, elə indi də pis və ya yaxşı musiqi var! Olsun Avropa musiqisi, Şərq musiqisi, Azərbaycan musiqisi fərq etməz. İstənilən dövrdə ölməz əsərlər də yaradılıb, bayağı musiqilər də olub. Amma yadda yaxşı, zövq oxşayan musiqi qalır, qalanı isə zamanla unudulur. Sırf “Ölülər XXI əsr” filminin musiqisini həmin filmdə baş verən hadisələrin müasiri olan bir azərbaycanlı bəstəkar yazıb.

Sonda isə maraqlı hadisələrin cərəyan etdiyi, gözəl aktyor oyununun nümayiş etdirildiyi filmə hər kəsi baxmağa dəvət edirəm.  

- Maraqlı müsahibə üçün təşəkkür edirəm.

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri