12 
Sen
2016
11:00
196
28
7238
Virtual karabakh

Cabir İmanov: “Ölülər XXI əsr” filmi bu gün mövcud olan vəziyyəti əks edir

Təəssüflə qeyd etməliyəm ki, C.Məmmədquluzadənin tənqid etdiyi məfhumlar hazırkı dövrlə səsləşir, əks halda, bu film meydana çıxmazdı.

Oxu.Az tanınmış Azərbaycan aktyoru, “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, Əməkdar artist (2015) Cabir İmanov ilə müsahibəni təqdim edir.

- Cabir bəy, ilk olaraq yaratdığınız obraz haqqında danışmağınızı istərdim, seçim prosesi...

- Deməli, ssenarini oxudum. Həmin o “Əliqulu doxtur”un simasını sadəcə təsəvvür etdim və anladım ki, mənim oynamaq istədiyim rol budur. Kimdi bu “Əliqulu doxtur”? Təəssüf ki, bəzi kəndlərdə indi də mövcud olan qəhrəmanlardandır. İnanılmaz olsa da, bəzi ucqar kəndlərdə heç peşəkar baytar olmadığı halda, özünü savadlı və təcrübəli bir həkim kimi qələmə verməyi bacaran “həkimlər” var. Bu ünsürlər ətrafdakıların cahilliyindən və avamlığından istifadə edərək öz mənfur həyatlarını yaşayırlar.

- Sizin Əliqulu klassik Əluquludan nə ilə fərqlənir?

- Bax elə dərddə ondadır ki, heç nə ilə! Əslində bu problem tək Azərbaycanda deyil. İstənilən ölkənin maarifçilikdən, təhsildən kənar qalan ucqar məkanlarında vəziyyət belədir. Təəssüflə qeyd etməliyəm ki, C.Məmmədquluzadənin tənqid etdiyi məfhumlar hazırkı dövrlə səsləşir, əks halda, bu film meydana çıxmazdı.




- Rolunuzun cəmiyyətə ismarıcı nədir?

- Tək bu rolun yox, ümumiyyətlə, “Ölülər XXI əsr” filminin ismarıcı birdir. Təhsil almaq, savada yiyələnmək, çağdaş dövrlə ayaqlaşmaq kimi doğru yol olduğu halda, cahilliyə doğru sürüklənməyin! Konkret mənim roluma gəldikdə isə ədib bu rolun simasında belə həkimlərdən uzaq olmağa və müxtəlif xəstəliklərə düçar olmuş insanların səhhətini mühafizə edəcək həkimlərə müraciət etməyə çağırışdır. Belə saxta həkimlərin qol-qanad açmasına imkan verməməyə, ümumiyyətlə, savadsızlığa qarşı mübarizəyə çağırışdır.

- Bu çağırışın Əliqulu kimilərindən qurtulmaq üçün nə dərəcədə effektiv olacağını düşünürsüz?

- Təbii ki, bir gündə və bir filmlə hər şeyin dəyişəcəyini düşünmürük, bu, “mümkünsüz missiyadır” (gülür). Amma onlara qarşı, necə deyərlər, immunitet yaratmaq lazımdır. 100 faizlik nəticəyə ümid etmirik.

Cəmiyyətin düzgün formalaşması üçün savadlı insanlar mütləqdir. Bəzən tərbiyə və savadı qarışdırırlar. Əslində tərbiyə də savadın ayrılmaz bir hissəsidir, bir-birini tamamlayan anlayışlardır.




- Mövzu çox maraqlıdır və filmin ssenarisinin ərsəyə gəlməsi üçün uzun müddət əmək sərf etmisiz...

- Tahirin bu filmi çəkmək ideyasını dəstəkləməyimin bir səbəbi də hazırkı vəziyyətdir. İnanın ki, bəlkə 20 cavana yaxınlaşıb, C.Məmməquluzadənın kim olduğunu və “Ölülər” əsərini oxuduğunu soruşsaq, çox az sayda adam müsbət cavab verər. Müəyyən dövrdə tələb olunan mövzular var. Bu dövrün tələbatı cahillikdən uzaq olmaq, inkişafa ayaq uydurmaqdır.

Çəkilən əməyə gəldikdə isə onu deyə bilərəm ki, mövzu və komanda ürəyincə olanda iş asan gəlir. “Ölülər XXI əsr” filminin ssenarisi bir aya yazılmayıb. Yaradıcı heyət üçün kastinq də qısa müddətə başa gəlmədi. Əslində keyfiyyətli iş üçün zaman və səy tələb olunur. Ümid edirik ki, bunun öhdəsindən gəldik. Əlbəttə, son söz tamaşaçılarındır, bizim nəyi bacarıb, nəyi bacarmadığımızı onların tərifi və tənqidi müəyyən edir (gülür).

- Filmin çəkilişi zamanı xaricdən dəvət edilən mütəxəssislərlə çalışmısız...

- Əslində təəssüfləndiklərimdən biri də məhz budur. Çünki hansısa filmin, ekran əsərinin effektiv təqdimatı üçün işıq, montaj, səsləndirmə əsas dayaqlardır. Yəni bunlardan biri zəif olarsa, filmin uğuru axsayacaq.

Bizdə bu sahədə boşluqlar var, o üzdən də xarici mütəxəssislərə müraciət etdik. Amma çox istərdim ki, bizdə bu işləri peşəkar səviyyədə yerinə yetirə biləcək insanların sayı çox olsun. Növbəti filmlərdə məhz onlarla çiyin-çiyinə çalışaq.

- Bir tamaşaçı kimi belə mütəxəssislər və peşəkarlar tərəfindən filmlərin sayının çox olmasını istərdim, bir qədər nikbin əhvala köklənək sonda...

- Müsahibəni bədbin notlarla bitirmək istəməzdim. Ona görə də bu problemlərin əsrlər keçsə də aktual olmasına baxmayaraq, həmin nadanların toruna düşənlərin sayının zaman keçdikcə daha az olacağına ümid edirik. Filmimizin köməyi ilə kimləri isə ayıldayacağımıza, baxış bucağını dəyişəcəyinə istiqamət götürmüşük.

Məndən əvvəl də müsahibə verən “Ölülər XXI əsr” filminin yaradıcı heyətinin üzvləri kimi mən də oxucularınızı sentyabrın 22-dən etibarən paytaxtın bütün kinotetarlarında filmə baxmağa dəvət edirəm.  

- Müsahibə üçün təşəkkür edirəm.

Səbinə Səmidxan
www.oxu.az

Digər Mədəniyyət xəbərləri