20 
Dek
2016
12:20
71
45
5007
Virtual karabakh

Səbinə Səfərova: Mən ağır və qəmgin şəkillər çəkmirəm!

Əslində əvvəl rəssam deyil, hüquqşünas olmaq istəyirdim.

Oxu.Az istedadlı rəssam Səbinə Səfərova ilə müsahibəni təqdim edir. 

– Səbinə xanım, yaradıcılığa ilk addımlarınızı necə atdınız?

– Yəqin ki, əlimə ilk dəfə qələm alandan başladım bu yolda addımlamağa. Uşaqlıqda rəssam olmaq istədiyimi deyirdim, amma qarşımda ciddi məqsəd qoymamışdım. Bütün uşaqlar kimi rəsm çəkməyi çox sevirdim. Özüm üçün evdə, dərsdə rəsm çəkirdim. Bəyəndiyim şəkilləri öz əlimlə çəkməyi çox sevirdim, evdə əşyaların üzərinə şəkillər çəkərək bəzəyirdim. İndiyə qədər evdə mənim bəzədiyim yumurtalardan kolleksiya var. 

Məşhur rəssamların əsərlərinə valeh olurdum, evdəki kitabxanamızda reproduksiyalar olan albom və kitabları vərəqləyərkən düşünürdüm ki, mən belə əsərlər çəkə bilmərəm. Uşaqlığımın ən parlaq xatirələrindən biri rus rəssam Karl Brullovun “Atlı” əsəridir. Burada iki - özünə əmin böyük və ona heyranlıqla baxan kçik bacı təsvir edilib. Biz bacımla hər zaman özümüzü onlara bənzədirdik. Bu yaxınlarda əlimə dünya təsviri sənətinin personajlarının astroloji nöqteyi-nəzərdən xarakterik təhlilinə dair məqalə düşdü. Uşaqlıq xatirələrimdə olan “Atlı”nın təsvirində özümü gördükdə çox təəccübləndim, o da mənim kimi Qoç bürcündəndir.  

Əslində əvvəl rəssam deyil, hüquqşünas olmaq istəyirdim, daha sonra isə müxtəlif peşələri sınaqdan keçirdim. Amma görünür, qismətdən qaçmaq olmur. Rəssam olduğumu isə bir müddət öncə anlamışam. Müxtəlif səbəblər üzündən sənəti atmağa çalışdığımda bunu daha dəqiq anladım. Çünki artıq rənglərin qoxusu, rəsmlərin yaratdığı abu-hava olmadan yaşaya bilmirdim.  Bununla yanaşı, Tanrı tərəfindən mənə bəxş ediləni həm də çatdırmalı olduğumu və rəssam olmaq mənim missiyam olduğunu anladım. Düşünürəm ki, hər bir insan doğulmazdan öncə onun missiyası olur. 

Amma bu, müxtəlif çür təzahür edir, əsas odur ki, “sənin” olandan yan keçməyəsən və əlbəttə ki, hansısa istiqamətdə istedadın olduqda onu inkişaf etdirmək lazımdır. Bu münasibətimi tamamən əks etdirən bir söz var - “Bir damla istedad olan yerdə, dərya qədər əzm gərəkdir”. 

– Rəssamlar azad ruhlu olurlar və sərhədlərə boyun əymirlər. Bəs janr seçimində necə, məhdudiyyətlər mövcuddurmu?  

– Düşünürəm ki, rəssam yaradıcılıqda özünə məhdudiyyət qoymamalıdır. Sərhədlər və çərçivələr rəssamın istedadını məhdudlaşdırırsa, nəticə müsbət olmayacaq. Rəssamlar vurğulamaq, sadələşdirmək, seçərək detallaşdırmaq, abstraksiya və sürrealizm yaratmaq qabiliyyəti olur. Mümkün imkanlardan istifadə etməmək kədərləndirir. İnsanın daxili aləminə  müəyyən məqamda baş qaldıran emosiyalar, onu narahat edən məsələlər təsir edir. Bunların hamısı rəssamın işlərində öz əksini tapır, nəticədə iş, müxtəlif dövrlərdə müəyyən janrlar yaradıcılığında üstünlük təşkil edir.   

Mənim fikrimcə, janr və üslub seçimində əsasən səmimiyyətə, eləcə də müəllifin fikir, hiss və ustalığına üstünlük vermək lazımdır. Rəssamın maraq dairəsi nə qədər geniş olarsa, onun işləri bir o qədər güclü və maraqlı olar. Bu səbəbdən də rəsmi sevənlər üslub və janrda məhdudiyyətə yol vermirlər. Daimi axtarışda olan rəssam, hər zaman hansısa istiqamətdə uğur qazandıqdan sonra eksperiment və axtarışdan qorxan rəssamdan öndədir. Əsl rəssam daimi axtarışdadır. Buna görə də bu axtarış sonsuzdur...


– Bəs siz hansı janra üstünlük verirsiniz?

– Mən hansısa müəyyən janrda çəkdiyimi deyə bilmərəm. Mən gördüyümü çəkirəm, rəsmlərim dünyanı necə hiss etdiyimi əks edir. Burada mənim temperamentim, əhval-ruhiyyəm, eləcə də kətanda təsvir edilənlərə qarşı münasibətim yer alır.

Təsvirlərimdə insan, şəhər və natürmort mövzuları olur. Çəkdiyim çiçək və ya insan siması olsun fərq etmir, onların hamısı fikir və hisslərimin təzahür etdiyi obrazlardır. Mən bilərəkdən, özümü ifadəni məhdudlaşdırmamaq üçün bir mövzuda dayanmıram. Bununla yanaşı, dəst-xəttim bütün işlərimdə özünü göstərir. Gələcəkdə daha çox məişət planında işləməyi düşünürəm. Məhz məişət səhnələrində biz xalqların tarixini və insanları daha dolğun tanıyırıq.

Mənim üslubuma gəldikdə isə bu, yəqin ki, mənim özüməm. O, sadəcə zamanla formalaşıb, vəssalam. Bir il bundan öncə müxtəlif yaradıcılıq duyğusu olan insanlar eyni məhfumu müxtəlif cür görürlər. Şərab şüşələrinin təsviri belə yarandı. İdentik kompozisiyanı üç müxtəlif: impressionizm, kubizm və avanqard üslubda çəkdim. Çox koloritli alındı. Bundan başqa, bir əşyanı müxtəlif cür təqdim edə biləcəyimi, öz seçimlərimi abstraktlaşdıra biləcəyimi yoxlamaq istədim və alındı.

Ümumilikdə düşünürəm ki, həyatımın müxtəlif mərhələlərində üslubum tam dəyişməsə də, dəfələrlə dəyişikliklərə uğrayacaq. Hazırda isə mənə impressionizm üslubunda yazılan əsərlər daha yaxındır, özümü pop-art üslubunda yoxlayıram. İşlərimə hər zaman əlavələr etməyi xoşladığım üçün əsərlər impressionizm üslubunda olacaq.



– Hər bir rəssamın yaradıcılıq üçün ilham pərisi var: xalq yaradıcılığı, təbiət, dəniz, memarlıq abidələri və s. Bəs sizin yaratmanız üçün təkan nədir?

– İlham - daxilimizdə olan, bəzən sözlə ifadə olunmayandır. Bu, biz yaradıcılığımızda təzahür edən bir anlayışdır. O, müxtəlif məqamlarda, fərqli şəkillərdə meydana çıxır. Mən gözəl musiqi dinləyəndə yaratmaq istəyirəm. Həyatda musiqi ilə yaşayıram, bu özünəməxsus bir meditasiyadır, mənim üçün bu, mütləqdir. Çünki musiqinin yardımı ilə çox şeyi hiss etmək, qavramaq olar. Bu mahnıda eşitdiyiniz və qəlbinizə toxunan bir söz və ya daldığınız bir melodiya ola bilər.

Qürubları seyr etməyi çox sevirəm. Günəşin rənglərinə qərq olan səmaya baxırsan, öz hisslərinə qapılırsan və nə etməli olduğunu anlayırsan. Batan günəşi seyr edərkən hiss etdiyin o qəribə qəm, sanki səni sahilə yan almış qayıqda hiss etdiyin sakitliyi verir.

Məhəbbət haqqında gözəl filmlərdən ilham alıram. Yaşadığım həyəcan növbəti işlərimi yaratmağa sövq edir. Bəzən işlərimə izahat adında verirəm.

Yaxınlarımın və dostlarımın dəstəyi də mənə ilham verir. Ünvanıma səslənən xoş sözlər mənim üçün ən gözəl motivasiyadır. Bu mənə yarıyolda dayanmamağa, irəliləməyə güc verir.
Adicə söhbət və görüşdən də təsirlənib, əsər yarada bilərəm. Müəyyən süjet və insanlar ilə bağlı olan bir çox rəsmlərim var, amma onları, hələ ki, bölüşməyə hazır deyiləm, bəlkə heç vaxt hazır olmayacam da...

Hava tutqun olanda, yağış yağanda işləməyi sevirəm.

Əslində ilham pərisi axtarmaq düzgün deyil. Axı illərlə gözləmək və axtarmaq olar. Yaradıcılıq isə işdir. Mütəmadi bir iş. Bəzən istəklərinin üzərindən keçərək çalışmaq lazımdır, çəkməyə başlayırsan və budur ilham pərin gəlir.


 
– Yerli və xarici rəssamlardan kimlərin yaradıcılığı dünya görüşünüzün formalaşmasına təsiri olub?

– Ən sevdiyim rəssam Frantisko Qoyadır. İnstitut kitabxanasında bu dühanın əsərlərinin reproduksiyalarına necə baxdığımı və onun demək olar ki, hər bir əsəri ilə bağlı mistik əhvalatları necə oxuduğumu xatırlayıram. Hər bir əsərdə sirr, tale, tarix var. Məhz bu sirlər, əfsanə və mistika Qoyanın yaradıcılığını mənim üçün cazibədar, özünü də dahi edir.

Ümumiyyətlə, təfəkkürümüzün sərhədlərini aşan hər bir şey mənim üçün cəlbedicidir. Təəccüblü deyil ki, yağlı boya ilə ilk üzündən köçürmə işim üçün Salvador Dalinin yaradıcılığının təsiri olan rus əsilli rəssam Vladimir Kuşun əsərini seçmişdim. Dalinin öz şüuraltı dünyalarını yaratdığı əsərlərinin texniki ifadəsinə təəccübləndiyim qədər, Kuşun da nağılabənzər və sirdolu əsərlərində bizə gizli olan dünyanı, atmosferi hiss edirəm. Sürrelaizm eyni anda həm vahimələndirir, həm də cəlb edir. Şüuraltından çıxarılan obrazlar, dünyanın təhrif edilmiş şəkli axı bu necə maraqlı olmaya bilər?!

Amma ən çox sevdiyim və mənim üçün əvəzolunmaz və heç kəsə bənzəməyən rəssam Vinsent Van Qoqdur. Onun əsərlərinə uzun müddət baxsanız kətanın daxilində olma effektini hiss edəcəksiniz. Onun çəkdiyi tarlalar, üzüm bağları, mənzərələr sanki öz çərçivələrini tərk edərək səni parlaq rənglər, canlı boyalarla əhatə edirlər. Həyatında təzadların olmasına baxmayaraq, mənim fikrimcə, Van Qoqun əsərləri həyat eşqi ilə doludur. Onun üslubu qeyri-adi enerji ilə seçilir, əsərləri isə hisslərin coşqunluğunu ifadə edir.

Təəccüblüsü isə Qoya və Van Qoqun eyni gündə - martın 30-da Qoç bürcü altında dünyaya gəlmələridir. Təsadüflər təsadüfi olmur. Bəlkə elə məhz bu onların yaradıcılığının mənim dünya görüşümə təsirini izah edir, onlar ruhən mənə yaxındırlar, bəlkə də elə bu amil, rəssamların həyatına marağa, onların dühasını qəbul etməyimin izahıdır.



– Rəssamın məqsədi tamaşaçısının ruhunun tellərinə toxunmaqdır, bəs sizin hədəfiniz nədir?

– Rəsm çəkərkən özümlə yalnız oluram, tamamən işimə hədəflənirəm. Öz qorxularımı, arzularımı və sadəcə əhval-ruhiyyəmə nəzər salıram.

Bəzən əsər beynimdə olan bir neçə süjetin, həmin an yaşadığım emosional məqamın  birləşməsindən doğur.

Xaraktercə həyatı və azadlığı sevən biriyəm. İşlərimlə tamaşaçılarıma optimizm və dünyaya məhəbbət aşılamaq istəyirəm. Parlaq, isti və dolğun rənglərlə, gözə çarpacaq çalarla mən pozitiv əhval-ruhiyyə, eləcə də mümkün olan hər yerdə gözəllik bəxş etmək istəyirəm.

Mən ağır və qəmgin şəkillər çəkmirəm, palitramda daha çox isti və yumşaq rənglər üstünlük təşkil edir. Mən sevindirmək istəyirəm, kədərləndirmək yox. Paradoksal olsa da, deməliyəm ki, tamaşaçını daha çox təsirləndirməyə, yeganə kədər doğuran “Xatirələr” əsəri ilə müvəffəq olmuşam. Neçə insanın bu əsəri kompüter və telefonu üçün örtük kimi istifadə etdiyini bilmək əsl sürpriz oldu. Görünür, bu günə göz yummaq olur, xatirələrə isə yox...

– Sizin səyahətlərə olan marağınızdan xəbərdarıq, dəfələrlə getmək istədiyiniz bir məkan varmi?

– Paris, yalnız Paris – bu şəhərə dəfələrlə qayıtmaq istərdim və bundan yorulmazdım. Şəhərin yalnız ona məxsus bir atmosferi var. Bu şəhərin təsvir edildiyi əsərə və ya fotoya baxdıqda onu hiss edirəm, onun aurasına qapılıram, beynimdə isə köhnə fransız filmlərindən melodiya oxuyan qadının səsi... Daim qaynayan, sehirli bir şəhərdir. Onun küçələrində gəzməyi, kiçik dükanlara baxmağı, qəhvə və kruassanlar...

Tiyurili bağı ən sevdiyim məkandır, hətta leysan yağış belə bu bağda gəzməyə mənə mane ola bilmir. Mən fransız klassiklərinin əsərləri, Fransa tarixi, musuqisi və kinosu ilə böyümüşəm. Fransaya olan məhəbbətim hələ uşaq yaşlarımda yaranıb. Versalda ilk dəfə olarkən həyəcanımı xatırlayıram, orada gəzərkən bir zamanlar burada kral və kraliçaların, kardinalların yaşadığını, onların həyatı haqqında oxduqlarımı xatırladıqca bu həyəcan artırdı. Mən Parisi gördüm və sevdim, ilk baxışdan yaranan bu məhəbbət hər görüşdə daha da gücləndi. Əgər şəhərləri qucaqlamaq mümkün olsaydı, Parisi uzun müddət mənim əllərimdən almaq mümkün olmazdı (gülür).

– Gələcək planlarınızdan danışardınız. Yaradıcılığınızı sevənləri fərdi sərginizlə nə vaxt sevindirməyi düşünürsünüz?

– Gələcək planlarım çox miqyaslıdır. Sosial layihəyə start verməyi düşünürəm. Bu layihənin ideyasını uzun müddətdir ki, düşünürəm və təbii ki, incəsənətlə əlaqədar olacaq, bu isə çoxlarının qəlbində özünə yer tapacaq. Yaradıcılığımı başqa bir istiqamətdə də yoxlamaq istəyirəm, bu mənə yaradıcılıq ambisiyalarımı tətbiq etmək imkanı verəcək. Və nəhayət, Yeni ildə bütün dostlarımı, tanışlarımı və həmkarlarımı, incəsənətə laqeyid olmayanları fərdi sərgimə dəvət etmək istəyirəm!

Səbinə Səmidxan
Foto: Hadi Misrixanova

www.oxu.az
 

Digər Mədəniyyət xəbərləri