12 
Yan
2017
16:00
365
57
17348
Virtual karabakh

Müsəlman Şərqinin ilk operası: “Leyli və Məcnun”

12 Yan, 2017
16:00
17348

Müsəlman Şərqinin ilk operası: “Leyli və Məcnun”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Oxu.Az xəbər verir ki, Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış edib. Sonrakı tamaşalarda isə Hacıbəyov özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq edib.

Üzeyir Hacıbəyov, 1913-cü il.

Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, “Leyli və Məcnun” poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulub.

“Leyli və Məcnun” ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Üzeyir Hacıbəyovun məhz Füzulinin yaratdığı “Leyli və Məcnun” poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdi. Bu əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı.

Azərbaycanda ilk opera olan “Leyli və Məcnun” xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrının səhnəsində oynanılır. 

Məcnun rolunun ilk ifaçısı Hüseyinqulu Sarabski olub. Daha sonra Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov, Qulu Əsgərov, Bakir Haşimov, Əli Mehdiyev, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Səfa Qəhrəmanov, Alim Qasımov və Mənsum İbrahimov bu rolu ifa ediblər.

Operanın səhnələşdirilməsində əsas problem Leyli rolunun ifaçısını seçmək idi. XX əsrin əvvəllərində Azərbaycanda qadın aktyorları səhnədə problem olduğu üçün bu rolun ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilib. Bir dəfə Üzeyir bəy çayçıda olarkən çayçı işləyən birinin xoş zümzüməsini eşidir və onu operaya gətirərək Leyli rolunu ona təklif edir. İkinci tamaşada Fərəcov Leyli rolunu oynamaqdan imtina edir. Yenə də təsadüf nəticəsində Miri adlı bir şəxsə Leylini oynamaq həvalə edilir.

Sonralar Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan səhnədə bu rolu ifa edənlər Sona Hacıyeva, Məhbubə Paşayeva,Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri