18 
Yan
2017
11:10
209
46
6969
Virtual karabakh

Cabir İmanov: Pul hər şeyi həll etmir...

“Fasilə üçün uzun müddət gözləsək, heç nəyə nail ola bilmərik, çünki həyat sürətlə ötüb keçir”.

“Planet Parni iz Baku” teatrının istehsalı olan “Ağanatiq” adlı komediya filmini fevral ayının 1-dən Bakının bütün kinoteatrlarında izləyə bilərsiniz.

Oxu.Az tanınmış Azərbaycan aktyoru, “Planet Parni iz Baku” KVN teatrının üzvü, Əməkdar artist Cabir İmanov ilə müsahibəni təqdim edir. 

– Konsertlərdə alqışlanan personajlar çoxdur, niyə məhz Ağanatiq xüsusiləşdirildi?

– Birincisi, bu çoxdan düşünülmüş, yoxlanılmış və sevilmiş bir personajdır. Onun sevilən olduğunu videoçarxların baxış sayı, tamaşaçıların səhnələrə reaksiyası sübut edir. Ağanatiq personajına olan münasibəti bilsək də, tamaşaçıları bezdirməmək üçün ənənəvi konsertlərimizdə onu hər dəfə səhnəyə çıxarmırdıq. Dostlar və hətta yolda rastlaşdığımız insanlar onu səhnədə niyə görmədiklərinin səbəbini soruşurdular. İndi isə Azərbaycanda kinomaniya prosesinin başladığı bir dövrdə, personajın ayrı bir film üçün hazır olduğu qərarına gəldik. Sadəcə, maraqlı ssenari yazmaq lazım idi.


– Bu obraz necə yaranıb, məxsusi bir tarixçəsi varmı?

– Bəli, var (gülür). Bu obraz uzun illər bundan öncə sürücülük vəsiqəmin olmadığı vaxtlar yaranıb. Səbəb isə sənədsiz və evdən icazəsiz yola çıxmağımı gizlətmək idi. Özümü olduğumdan yaşlı göstərmək üçün eynək taxır, papaq qoyurdum və sükan arxasına otururdum, həmin obraza müvafiq danışırdım da (gülür). Mənimlə bir yerdə olan qardaşım və dayım oğlu mənə qoca kişiyə oxşadığımı deyirdilər.

– Filmin ssenari müəllifləri kimdir?

– Konsertlərin, “Məhəllə” və “Ölülər XXI əsr” filmlərin, verilişlərin ssenarisini yazan klassik tərkib: Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov və Məmmədəli Kazımov. 

– Ağanatiqin KVN səhnəsində gördüyümüz macəraları filmdə yer alır?

– Əslində tamaşaçılar Ağanatiqin mərkəzində olduğu bütün hadisələrin avtomobildə baş verdiyinə alışıblar. Filmdə isə onun imkanları və macəralarının miqyası genişlənib. Bütün süjeti açıqlamayacam, bir onu deyəcəm ki, Ağanatiq öz həmkarlarının yardımı ilə cinayətkar qruplaşmanın əlindən adam xilas etməli olur.

– Baş rollarda kimləri görəcəyik?

– Tahir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Emil Abbasov, Ələkbər Əliyev, Ziba Şücai və Ağanatiqin həyat yoldaşının obrazını Əməkdar artist Tünzalə Ağayeva yaradıb. 


– Ağanatiq filmi üçün yazılan saundtrek tez bir zamanda məşhur oldu....

– Ağanatiq bir qədər fərqli personajdır, bu səbəbdən də məhz fərqli bir müəllifə müraciət etməli olduq. Seçimimiz “Bakı-Moskva təyyarəsi”, “Ağabala Çaykovski”, “Sovetski” kimi mahnıların müəllifi Elçin İmanov oldu. Mahnını Eyyub Yaqubov ifa edir.

– Bu sizin ilk rejissor işinizdir?

– Bəli. Ona görə də kinotənqidçilərdən, tamaşaçılardan bunu nəzərə almalarını xahiş edirəm (gülür). Əslində filmdə ilklər çoxdur.

– Məsələn...

– Filmdə Əməkdar artist Tünzalə Ağayeva və bəstəkar Elçin İmanov da özlərini aktyor kimi sınayıblar. Əvvəldə dediyim kimi, filmin musiqisi üçün Elçin İmanova müraciət etmişdik. Təbii ki, o əvvəlcə ssenari ilə tanış olmalı idi, ssenari ilə tanışlıq zamanı isə özünü personajların birində gördüyünü dedi. Düzünü deyim, heç zaman filmdə çəkilmədiyinə baxmayaraq, rolun öhdəsindən ustalıqla gəlib. T.Ağayeva isə baş rolu oynamasa da, ilk dəfə aktirsa kimi tamaşaçı qarşısına çıxdı. Buna görə ona xüsusi təşəkkürümü bildirmək istərdim.

– Söhbətin əvvəlində ölkədə kinomaniya prosesinin başladığından danışdıq, ardıcıl yeni filmlər təqdim edilir, bu sizdə tərəddüd yaratmır?

– Biz bunu həmkarlar arasında dəfələrlə müzakirə etmişik. Təsəvvür edin ki, filmin fevralın 1-də ekranlara çıxacağını dörd ay öncə qərarlaşdırmışdıq. Fevralın 1-nə qədər isə 3 premyera baş tutacaq. Bir film ssenari müəllifi, rejissor, operator, işıqçı, aktyor, qrim və geyim üzrə ustalar, texniki heyətin daxil olduğu böyük bir işçi qrupu deməkdir. Bu medalyonun görünməyən tərəfidir, burada təxminən 50-60 nəfər işləyir və əgər ölkədə eyni zamanda bir neçə filmin çəkildiyini nəzərə alsaq, bu industriyada çalışan və sevdiyi işlə məşğul olan insanların sayını bir düşünün. Bu, sevindirici haldır, çünki səhvlər olsa da, işin getdiyini sübut edir. Bu prosesin nəticəsini görəcəyik.




– Sentyabrda “Ölülər XXI əsr” filminin premyerası oldu, fevralda yeni bir film. Vaxt kəsiyi elə də böyük deyil, “yağışdan çıxıb, yağmura düşdünüz” deyə bilərik?

– Fasilə üçün uzun müddət gözləsək, heç nəyə nail ola bilmərik, çünki həyat sürətlə ötüb keçir. Ümumiyyətlə, bir filmin ərsəyə gəlməsi iki mərhələdən ibarət olur, çəkiliş və çəkilişdən sonrakı dövr. Bəzən ikinci mərhələ daha ağır və uzunmüddətli olur.

Əsl yağmur hələ qabaqdadır (gülür). Premyeradan sonra apreldə keçiriləcək konsertlərin məşqləri başlayacaq.

– Yeni filmlərin çoxluğuna sevindiyinizi deyirsiniz. İncəsənət nəyəsə sövq etməli, öyrətməlidir...

– Filmlərimizin və ümumiyyətlə, gördüyümüz bütün işlərin heç də sadə olmayan ismarıcları var. Ağanatiq özü xalqın arasından çıxan bir personaj, bir obrazdır. Onun öz dəyərləri, dünyaya özünəməxsus yanaşması var. Onun dili ilə dünyada ən böyük dəyər insan və insan münasibətlərinin olduğunu demək istədik.

– Tənqidə münasibətiniz?

– Tənqid olmalıdır! Amma əsaslı və obyektiv tənqid, daha “bu nə vaxtdan aktyor olub”, “bu haradan rejissor oldu” kimi yox. Normal tənqid səhvləri əks etdirməlidir. İncəsənəti, yaradıcılığı və əməyi dəyərləndirən insanlar təqdim edilən işi obyektiv qiymətləndirməyi də bacarırlar.

Məncə, istənilən əməyə dəyər vermək lazımdır, axı heç nə birdən yaranmır, bu gün zəifdir, sabah güclü olacaq, peşəkarlaşacaq, püxtələşəcək, sadəcə çalışmaq lazımdır.
Sonda isə oxucularınızı fevral ayının 1-dən paytaxtımızın bütün kinoteatrlarında ekranlara çıxacaq “Ağanatiq” filminə baxmağa dəvət edirəm.

– Müsahibə üçün təşəkkür edirəm.


 

Səbinə Səmidxan
Foto: İsmayıl Nur

www.oxu.az

Digər Mədəniyyət xəbərləri