15 
Fev
2017
15:50
132
15
3567
Virtual karabakh

Altı min qayaüstü təsvir, 20 mağara, 40 kurqan – QOBUSTANDAN REPORTAJ

15 Fev, 2017
15:50
3567

Altı min qayaüstü təsvir, 20 mağara, 40 kurqan – QOBUSTANDAN REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olduğunun əyani sübutlarından biri Qobustan Dövlət Tarixi-Bədii Qoruğudur. Bu ərazi 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. 2011-ci ildə isə qoruğun tərkibində yeni muzeyin açılışı baş tutub.

Oxu.Az xəbər verir ki, Report”un əməkdaşları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edib, burada yeniliklərlə tanış olublar.

Yeni bina

Uzaqdan qayalıqlar göründükdə artıq çatdığımızı anladıq və ilk olaraq muzeyin binasına üz tutduq. Burada bizi muzeyin ekskursiya şöbəsinin rəisi Fikrət Abdullayev qarşıladı. O, bizə Aysel Məmmədbəylinin bələdçilik edəcəyini bildirdi. İki mərtəbədən ibarət olan muzeyin girişində milli ornamentlərlə bəzədilmiş və Qobustanı əks etdirən suvenirlər satılır. Bələdçimizin dediyinə görə, suvenirlərin əksəriyyəti qoruğun əməkdaşları tərəfindən hazırlanıb. Qiymətləri isə 20-30 AZN aralığındadır. Muzeyi gəzərək Qobustanın tarixi, kəşf edilməsi və burada saxlanılan eksponatlar haqqında geniş məlumat aldıq. Eksponatlar arasında diqqətimizi çəkən qadın skeleti oldu.

A.Məmmədbəyli bildirdi ki, bu skelet imitasiyadır, əsli isə zərər görməməsi üçün dondurulmuş halda saxlanılır. Ümumilikdə, qoruq ərazisində alimlər tərəfindən indiyədək 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Çıxışa tərəf irəliləyərkən mühazirə zalında uşaqlardan ibarət qrupun olduğunu gördük. Bələdçimiz söylədi ki, arxeoloq Abdullayev Rəhman Qobustan qəsəbəsindən olan şagirdlərə buranın tarixi haqqında məlumat verir.

Tarixdən bir gün

Beləliklə, muzeydə öyrəndiklərimizin əyani şahidi olmaq üçün qayalıqlara yollanırıq. Hava soyuq olduğundan ziyarətçi azdır. Bələdçimizin sözlərinə görə, ziyarətçilər əsasən yaz-payız aylarında çox olur. Şəhərin səs-küyündən uzaq, Xəzər dənizinin mənzərəsi ilə əhatə olunmuş Qobustan sanki keçmişə açılan bir pəncərədir. Əcdadlarımızın çəkdikləri qayaüstü rəsmlərə baxdıqda təəccübümüzü gizlədə bilmirik.  

Qoruğu gəzdikcə yerdə “ilan var”, “keçmək olmaz” kimi işarələrə rast gəldik. A.Məmmədbəyli bildirdi ki, yay aylarında burada ilan görmək mümkündür: “Havalar isinəndə düzənlik ərazi olduğundan ilanlar üzə çıxmağa başlayır. Bu vaxta qədər ilanlarla bağlı heç bir problem yaşamamışıq. Ancaq hərdən bəzi xanımların bu işarələri gördükdən sonra qoruğu gəzməkdən imtina etdikləri olur”.

Burada imitasiyası hazırlanmış qaval daşına da rast gəldik. Təəssüf ki, çox uzaqda olduğundan əslini görə bilmədik.

Qobustanın mətbəxi

Yerdə gördüyümüz kiçik quyular marağımıza səbəb oldu. Bələdçimiz bildirdi ki, qədimdə insanlar bunlardan su quyuları kimi istifadə ediblər: “Buranı Qobustanın mətbəxi də adlandırırlar. İçməli su ehtiyatı az olduğundan onlar buraya yığılan yağış suyundan içiblər”.

Yavaş-yavaş qoruğun ilk binasına tərəf irəliləyirik. Binanın damına tərəf çıxdıqda nəzarətçilərdən Sabir Eyvazov bizi görüb otağından bayıra çıxdı. O, üşüdüyümüzü görüb isinmək üçün bizə çay evinə getməyimizi məsləhət gördü. Dediyinə görə, çay evində istifadə olunan kəklikotunu bu dağlardan özü toplayır. Məsləhətini dinləyib üz tutduq çay evinə. Yeni hazırlanmış bu yerdə bir az çatışmazlıqlar var idi. Ancaq buranı idarə edən Adil Ələkbərovun dəmlədiyi çay bütün qüsurları unutdurdu. Onun sözlərinə görə, bu çayı, xüsusilə, ərəb ölkələrindən gələn turistlər çox bəyənirlər.

A.Ələkbərov söhbət əsnasında yay vaxtı buraya gələn məktəblilərdən şikayətləndi: “Baxın, bu gördüyünüz ağ ləkələr əvvəl saqqız idilər, sonradan təmizlətdirmişəm”. Burada söhbətə bələdçimiz də qoşularaq bildirdi ki, yay vaxtı ziyarətçi çox olduğundan bəzən çətinlik çəkirlər:

“Məktəblilərin hər birinə tək-tək nəzarət etmək mümkün deyil. Bəzən yediklərini zibil qabıya yox, yerə atırlar. Belə hallar yolverilməzdir. Axı bura bizim tariximizdir. Gərək insanlar özləri bunu dərk edib qoruğa hörmətlə yanaşsınlar”.

İki gündür can verən at

Yeri gəlmişkən, qoruq ərazisində atlara rast gəlirik. Adil Ələkbərov deyir ki, bu atlar yerli sakinlərə məxsusdur:

“Hətta onlardan birinə canavar hücüm edib və iki gündür can verir”.

Ondan niyə bununla bağlı bir tədbir görülmədiyini soruşduqda isə atın yiyəsinin artıq onun vəziyyəti ilə maraqlandığını bildirdi:

“Biz nəsə etsək, şikayət edəcəklərindən çəkinirik. Ona görə də yerli sakinlərin özlərinin bir tədbir görməsini gözləyirik”. 

Çayımızı içib yenidən muzeyə yollandıq. A.Məmmədbəyli muzeyin ekskursiya şöbəsinin rəisi Fikrət Abdullayevin otağınadək bizə bələdçilik etdi. F.Abdullayev bildirdi ki, 2016-ci ildə 2015-ci ilə nisbətən ziyarətçi sayında xeyli artım olub: “2015-ci ildə 47 min ziyarətçimiz olduğu halda, 2016-cı ildə bu rəqəm 70 minə yüksəlib. Təbii ki, gələnlərin əksəriyyəti xarici ölkə vətandaşlarıdır. Turistlərin cəlb edilməsi üçün əlimizdən gələni edirik. Qobustan şəhərdən uzaq olduğundan qoruğa gələnlərin əksəriyyəti əvvəlcədən buranın tarixi haqqında öyrənib sonra gəlmək qərarına gəlirlər”.

“İbtidai insanın bir günü”

Fikrət Abdullayevin sözlərinə görə, artıq yeni istiqamətdə ekskursiyalar həyata keçirməyə başlayıblar. Bunlardan biri də “İbtidai insanın bir günü” adlanır: “Bu tur zamanı ziyarətçiləri qamışlardan hazırlanmış sığınacaqlara aparırıq. Onlar burada ibtidai insanın yaşam tərzi ilə yaxından tanış olurlar. Bunlara gildən qablar hazırlanması, ox və kamandan istifadə, daş üstündə rəsmlər cızmaq və digər məşğuliyyətlər aiddir. Tur əsasən məktəblilər və turistlər tərəfindən böyük maraqla qarşılanır. Biz ziyarətçilərə burada hazırladıqlarını özləri ilə aparmaq imkanı veririk”.

Qiymətlər

Qoruğa giriş qiyməti isə belədir: turistlər üçün 4 AZN, Azərbaycan vətəndaşları üçün 2 AZN, uşaqlar üçün isə 20 qəpik. Əgər bələdçi ilə gəzmək istəsəniz, bunun üçün də əlavə pul ödəməli olacaqsınız. Belə ki, turistlər üçün bələdçi haqqı 5 AZN, yerli vətəndaşlar üçün isə 3 AZN-dir. Qoruğun bələdçiləri rus, ingilis dillərində xidmət göstərirlər. Ərəb ölkələrindən gələn turistlərin çoxluğunu nəzərə alıb, artıq bu ildən etibarən ərəb dilində xidmət göstərən bələdçilər də işə cəlb olunacaq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri