16 
Fev
2017
18:55
6
21
1113
Virtual karabakh

“Candoco” rəqs qrupu Bakıda çıxış edəcək

16 Fev, 2017
18:55
1113

“Candoco” rəqs qrupu Bakıda çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7-8 martda Akademik Milli Dram Teatrında əlilliyi olan və olmayan rəqqaslardan ibarət “Candoco” rəqs ansamblının iki hissəli tamaşasını təqdim olunacaq. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Yarat” Müasir İncəsənət Mərkəzi və Azərbaycan Dövlət Akademik Dram Teatrının dəstəyi ilə təşkil edilir.

Bu haqda Oxu.Az-a “British Council Azərbaycan”ın mətbuat xidmətindən bildirilib.

“Candoco” rəqs ansamblının Bakı şəhərində təşkil olunacaq çıxışları ilə “British Council” Azərbaycanda əlilliyi olan sənətkarlara mütəxəssis kimi püxtələşmək, yeni işlər ərsəyə gətirmək və beynəlxalq arenada əməkdaşlıq etmək üçün misilsiz imkanlar təklif edəcək yeni proqrama start verir.

“Candoco” incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Fəaliyyətinin 25 illiyini qeyd edən “Candoco” fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edəcək: “Beheld” (“Bax”) və “Set and Reset/Reset” (“Qur və yenidən qur”).

Xoreoqraf Aleksandr Uitlinin hazırladığı “Beheld” tamaşası alman bəstəkar Nils Framın Rutger Zuydervelt tərəfindən yenidən hazırlanmış partiturası əsasında nəhəng parça zolaqları ilə rəqs edən heyranedici ansambl və güclü duetlərdən təşkil olunub. Bu parçada ansamblın yeddi rəqqası ətraflarındakı sahənin imkan və məhdudiyyətlərini araşdıraraq necə baxmağımız və nə görməyimizlə əlaqədar təsəvvürləri formalaşdırır və yeniləyir.

“Set and Reset/Reset” imkanların meydana çıxmasını ifadə edir, belə ki, ansamblın rəqqasları Trişa Braunun məşhur “Set and Reset” rəqsinin yeni versiyasını yaradır. Rəqsin orijinal versiyası ilk dəfə 1983-cü ildə Nyu-Yorkda Bruklin Musiqi Akademiyasında nümayiş etdirilib və 2011-ci ildə Trişa Braun ansamblı ilə birlikdə “Candoco” tərəfindən yenidən səhnələşdirilib.Bu cür əfsanəvi müasir rəqs parçasının inklüziv ansambl tərəfindən yenidən səhnələşdirilməsi halı birinci dəfə idi ki, baş verirdi.

“The Sunday Times” tamaşaları seyr etmiş izləyicilərin təəssüratlarını “İzləməkdən zövq alacağınız tamaşalar”, “The Guardian” isə “İndiyə qədər şahid olduğumuz ən güclü teatr məqamlarından biri” sözləri ilə ifadə edib.

Rəqs ansamblının Bakı şəhərindəki çıxışları “Candoco” xoreoqraflarının “inklüziv müasir rəqs” mövzusuna həsr edilən praktik ustad dərsləri ilə müşayiət olunacaqdır. Ustad dərsləri tezliklə elan olunacaqdır.

Tamaşadan bir gün əvvəl, martın 6-da “British Council” “Yarat” ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklüziv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək. Tədbir incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlar üçün şəbəkələşmə imkanı təqdim edəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inklüzivlik sahəsində çalışan yerli və milli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxlər və potensial sponsorlar iştirak edəcəklər.

“Candoco” tamaşaları üçün biletlərin qiyməti 6 AZN-dir və biletləri Bakı şəhərinin kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, “British Council” Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları sahəsində aparıcı beynəlxalq təşkilatıdır. O, dünyanın 109 ölkəsində fəaliyyət göstərir. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri