24 
Fev
2017
18:59
70
220
2963
Virtual karabakh

Bölgələrdə Amerika Guşələri açılacaq – FOTO

24 Fev, 2017
18:59
2963

Bölgələrdə Amerika Guşələri açılacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

Ə.Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq:

“Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq. Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı böyük bir layihədə də ABŞ-ın iştirak edəcəyinə ümidvaram. Bu layihə YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Göründüyü kimi bu Forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bu maraqları nəzərə alaraq layihə ilə ciddi şəkildə maraqlanacaq. Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət katibliyinə göndərilib”.

Səfir R.Sekuta isə bildirib ki, Anlaşma memorandumu hər iki ölkə üçün faydalı olacaq, həm Azərbaycan, həm də ABŞ vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək:

“Nəzərə alsaq ki, bura təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm daxildir, o zaman ABŞ-ın turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. Amerika Guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq.

Bu layihə həm də azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.

Görüş hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi ilə davam edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri