29 
Mar
2017
10:47
85
24
1596
Virtual karabakh

Azərbaycan filmlərinin Avstriyada təqdimatı olub

29 Mar, 2017
10:47
1596

Azərbaycan filmlərinin Avstriyada təqdimatı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21-27 mart tarixlərində Avstriyada keçirilən “LET`S CEE” film festivalında Azərbaycan filmləri iştirak edib. Festival çərçivəsində Vyanada Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino”, Teymur Hacıyevin “Şanxay, Bakı” və retrospektiv proqramda “Arşın mal alan” filmləri nümayiş olundu. Azərbaycan filmlərinin Avstriya təqdimatı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.

Bu barədə Oxu.Az-a “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Festival çərçivəsində kino mütəxəssisləri üçün nəzərdə tutulmuş “İndustriya günləri” xüsusi proqramında “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəisi Səmayə Əsgərova Azərbaycanda kinoindustriya haqqında mühazirə ilə çıxış edib.

23-24 mart tarixlərində keçirilən İndustriya günlərində, ümumilikdə, müxtəlif Avropa ölkələrində kino istehsalına və yayımına həsr olunmuş 16 mühazirə baş tutub. Azərbaycan kino istehsalı ilə bağlı mühazirə “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə həyata keçirildi. Həmçinin Səmayə Əsgərova festival tərəfindən qısametrajlı filmlərin rəsmi müsabiqə proqramına münsiflər heyətinin üzvü kimi dəvət olunmuşdu.

“Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi “İddialı debüt” proqramında nümayiş etdirildi. Tamaşaçıların marağını nəzərə alaraq, festival filmin əlavə olaraq xüsusi nümayişini də təşkil etdi. Nümayişlərdə tamaşaçı və mətbuat nümayəndələri ilə müzakirələrdə filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli iştirak etdi.

“Klassik filmlərin seçmələri” proqramında Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olundu.

Festivalın qısametrajlı filmlər müsabiqə proqramında 11 Avropa ölkəsinin istehsalı olan filmlərlə birgə təqdim olunan Teymur Hacıyevin “Şanxay, Bakı” filmi təltifetmə mərasimində münsiflər heyəti tərəfindən “Xüsusi vurğulama” ilə qeyd olundu.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri