18 
Apr
2017
15:45
651
11
23722
Virtual karabakh

Mübariz İbrahimovun xatirəsinə həsr olunan film erməniləri qıcıqlandırdı – FOTO + VİDEO

18 Apr, 2017
15:45
23722

Mübariz İbrahimovun xatirəsinə həsr olunan film erməniləri qıcıqlandırdı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filminin tizeri yayımlanıb.

Oxu.Az xəbər verir ki, bu gün bununla bağlı “Flame Towers – Park Cinema”da mətbuat konfransı keçirilib.

Filmin tizeri İstanbulda Türkiyənin “İST Film” çəkiliş qrupu tərəfindən peşəkar kaskadyorlarla çəkilib. Bədii filmdə Mübariz İbrahimovun obrazını canlandıracaq aktyor artıq seçilib, lakin kommersiya sirri olduğundan onun adı açıqlanmayıb.

Təklifin ölkəmizə Türkiyə tərəfindən olunduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparıldığı və layihənin onlar tərəfindən dəstəkləndiyi vurğulanıb.

2015-ci ildən bəri hazırlıqları davam edən filmin çəkilişləri Türkiyədə 15 İyul hərbi çevrilişə cəhddən sonra təxirə salınsa da, 2017-ci ilin yaz aylarından “İST Film” tərəfindən davam etdiriləcək. Çəkilişlər Azərbaycanda baş tutacaq. Filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək.

“Artıq 6 tanınmış rejissorla danışıqlar aparılıb və yaxın aylarda bu barədə rəsmi məlumat veriləcək. Filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq. Film türk dilində çəkiləcək. Fransa, Macarıstan və digər Avropa ölkələrində nümayiş olunacaq. “Mübariz” filminin İranda da nümayiş olunması planlaşdırılır”, - deyə sözügedən şirkətin mətbuat katibi Babək Həsənzadə bildirib.

O qeyd edib ki, filmdə Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın aktyorlarının yer alması gözlənilir.

B.Həsənzadə filmin tizeri “YouTube” kanalında yayımlandıqdan sonra əcnəbi ölkələrin sosial şəbəkə istifadəçilərindən ürəkaçan şərhlər aldıqlarını və böyük dəstək gördüklərini vurğulayıb.

“Onu da diqqətinizə çatdırım ki, düşmənlərimiz ermənilər tərəfindən də qıcıqlandırıcı ismarıclar almışıq. Artıq filmin tizer treylerinin Ermənistanda görünməsi üçün sosial şəbəkələrdə xüsusi kampaniya başlanılıb”, - deyə o əlavə edib.

Ekran əsərinin ssenari müəllifi R.Süleymanoğlu qeyd edib ki, filmdə həmçinin şəhid Fərid Əhmədovla bağlı səhnələr də yer alacaq.

Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimov 18 iyun 2010-cu ildə gecə saatlarında təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalanıb.

Aytən Sadıqzadə
Foto: İsmayıl Nur

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri