15 
May
2017
12:53
26
222
7774
Virtual karabakh

Moskvada tanınmış azərbaycanlı yazıçı-alim vəfat edib – YENİLƏNİB

15 May, 2017
12:53
7774

Moskvada tanınmış azərbaycanlı yazıçı-alim vəfat edib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əbdül Hüseynov Moskvada dəfn olunacaq. Çünki Azərbaycanda heç kimi yoxdur. Bir oğlu Kanadada yaşayır. Qızı və həyat yoldaşı isə Moskvada yaşayır. Onlar atalarının başqa yerdə dəfn olunmasına razı olmazlar. Çalışacağıq ki, dinimizə uyğun şəkildə dəfn edək”.

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Moskvada yaşayan şair Nəsib Nəbioğlu məşhur yazıçı Əbdül Hüseynovun ölümündən danışarkən deyib.

O, bildirib ki, azərbaycanlı yazıçının dəfninə Azərbaycandan kimsə qatılmayacaq:

“Əbdül Hüseynovu Azərbaycanda yaxşı tanımadılar. Çünki o, rusdilli olduğundan rus dilində yazırdı. Bir neçə dəfə onun barəsində Yazıçılar Birliyinin katibi Anara, xalq yazıçısı Çingiz Abdullayevə məlumat vermişdim. Hətta, onun haqqında “Ədəbiyyat” və “525-ci qəzet”də yaxşı yazılar dərc edib, tanınmasına az da olsa nail olduq.  Təəssüf ki, onun bir əsərini belə, Azərbaycanda çap edə bilmədik. Əbdül Hüseynov məhsuldar adam idi. Qəribə taleyi olub. Bakının Əmircan qəsəbəsində doğulub. Atası və qardaşları vaxtsız ölüb. Anası da sinəsinin üstündə Əbdülün şəklini qoyub canını tapşırıb. Əbdül də o vaxtdan Azərbaycanı tərk edib. Yalnız 2002-ci ildə onu Azərbaycana gətirmişik.

Azərbaycandan kiminsə onun dəfn mərasimində iştirak etmək üçün Moskvaya gələcəyinə inanmıram. Düzdür, Türkan Şorayla (məşhur türk aktrisası), Eldar Quliyevlə (kinorejissor) yaxın dost olublar. Amma onların da dəfnə qatılacağı gözlənilmir. Sadəcə olaraq, başsağlığı məktubu göndərə bilərlər”.

Qeyd edək ki, mayın 14-də Moskvada yaşayan azərbaycanlı yazıçı, şərqşünas alim, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 92 yaşında vəfat edib.

08:30

Moskvada tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim Əbdül Hüseynov vəfat edib.

Oxu.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, tanınmış yazıçı ömrünün 92-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Əbdül Ənbi oğlu Hüseynov 1925-ci il, oktyabrın 27-də Bakıda anadan olub. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. “Səlahəddin”, “Mustafa xanın xəzinəsi”, “Əkinçi taxtda”, Ə.Xaqaninin həyatına həsr olunmuş “Şirvanlı zəvvar”, “Abşerondan Ontarioyadək”, “Arzamaslı qız”, “Biz əslən Bakıdanıq” və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, “Yılmaz Günel”, “Mövsün Ərtoğrul”, “Türk kinosu” və sair monoqrafiyaların müəllifidir.

Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış “XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı” kitabı buna əyani sübutdur.  Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Ə. Hüseynov həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin Mərkəzi Şuralarının üzvü də olub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri