19 
May
2017
17:27
23
165
16789
Virtual karabakh

Azərbaycan musiqi ictimaiyyətinə böyük itki üz verib

19 May, 2017
17:27
16789

Azərbaycan musiqi ictimaiyyətinə böyük itki üz verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq Ədviyyə Rəhmətova mayın 18-də 73 yaşında vəfat edib.

Bu barədə Oxu.Az-a Bəstəkarlar İttifaqından bildirilib.

Ədviyyə Rəhmətova 1944-cü il martın 30-da Bakıda dünyaya göz açıb.

İlk musiqi təhsilini Bakı şəhər 2 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində alan Ədviyyə Rəhmətova 1959-cu ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun “Musiqi nəzəriyyəsi” şöbəsinə daxil olub. Burada təhsil aldığı illərdə bəstəkarlığa böyük həvəs göstərib və piano üçün ilk prelüdlərini yazıb. Bu prelüdlər müəllimlərinin də diqqətini cəlb edib və onların məsləhəti ilə Midhəd Əhmədovdan kompozisiya üzrə dərslər almağa başlayıb.

1963-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə (professor Cövdət Hacıyevin sinfi) daxil olan  Ə.Rəhmətova tələbəlik illərində görkəmli bəstəkarlardan dərslər alaraq bu sənətin sirlərinə yiyələnib. Tələbəlik illərində müxtəlif musiqi janrlarında qələmini sınayan bəstəkar piano üçün prelüdlər, fuqalar, sonatina, simli kvartet, “Nizami” kantatası, xalq çalğı alətləri orkestri üçün pyeslər, mahnı və romanslar yazıb.

Ədviyyə Rəhmətova 1970-ci  ildə ixtisas müəllimi, görkəmli bəstəkar, professor Cövdət  Hacıyevin tövsiyəsi ilə yazdığı “Tar ilə xalq çalğı alətləri orkestri üçün konsert”i diplom işi kimi təqdim edib.

O, tar ilə xalq çalğı alətləri orkestri, kamança ilə kamera orkestri, soprano ilə kamera orkestri üçün konsertlər, kamança və qanun ilə simfonik orkestr üçün ikili konsert, simfoniya, “Şahsevənlər ocağına səyahət”, “Dədə Qorqud” simfonik poemaları, simli kvartet, violonçel və piano üçün “Elegiya”, həmçinin xalq çalğı alətləri orkestri üçün bir sıra lirik rəqslərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların, kamera-instrumental əsərlərin müəllifidir.

O, Bəstəkarlar İttifaqının vətənpərvərlik mövzusunda mahnı müsabiqələrində dəfələrlə iştirak edərək, “İrəli hey, əsgər!” (1994) və “Enməyən bayraq” (1997) mahnılarına görə III mükafata, habelə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş mahnı müsabiqəsində (2009) II mükafata layiq görülüb.

Allah rəhmət eləsin!

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri