19 
İyn
2017
12:16
97
19
2316
Virtual karabakh

Möhsün Sənaninin anadan olmasından 117 il ötür

19 İyn, 2017
12:16
2316

Möhsün Sənaninin anadan olmasından 117 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan SSR Xalq artisti, “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, aktyor Cəfərov Möhsün Sadıq oğlu (Möhsün Sənani) 19 iyun 1900-cu ildə Gürcüstanın paytaxtı Tiflisdə dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, Möhsün Sənani 4-5 yaşında ikən valideynləri vəfat edib, nənəsinin himayəsində yaşayıb. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyub. Onun məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan etmək idi. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anasıdır. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi, onun ailə üzvləri çox idi. Kiçik yaşlı Möhsün 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından yaranıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxır, həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir.

1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olub.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb edilirlər. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi orada çalışır. 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də, kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və başqa filmlərin adını çəkmək olar.

Qeyd edək ki, M.Sənani Azərbaycan SSR Xalq artisti, aktyor Əli Qurbanovun xalası oğlu, Azərbaycan Respublikasının Xalq artisti, televiziya aparıcısı, aktrisa Ofeliya Sənaninin qayınatası olub.

O, 11 fevral 1981-ci ildə dünyasını dəyişib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri