21 
Avq
2017
10:00
155
11
11086
Virtual karabakh

ABŞ-da filmə çəkilən azərbaycanlı aktyor: Kaş bir dəfə də olsun, onu həyatda görə biləydim – VİDEO + FOTO

2015-ci ildə ABŞ-ın San-Fransisko şəhərində “Məni bağışla, ata” (“Forgive Me Father”) dramatik qısametrajlı filminin premyerası keçirilib. Ekran əsərində baş rolda ABŞ-da yaşayan azərbaycanlı aktyor Fariz İsmayılov da çəkilib. O, həmin obraza görə adıçəkilən şəhərdə təşkil olunan festivalda “Ən yaxşı aktyor” adına layiq görülüb.

 “Forgive Me Father” - treyler (2015)

F.İsmayılov 2014-cü ildə “Wedding March”, “5150 Productions”, “I Dream A Highway”, “Hong Kong Bistro”, “Evil Never Sleeps”, 2015-ci ildə “Deeper Allure” filmlərində rol alıb.

O, üç – Azərbaycan, türk və ingilis dilində sərbəst danışmağı bacarır. 20 yaşından bəri ABŞ-da yaşayır və 11 ildə ilk dəfə Azərbaycana qonaq gəlib.

Oxu.Az Fariz İsmayılovla müsahibəni təqdim edir:

- Uzun müddətdən sonra vətənə gəlişinizin məqsədi yeni layihə ilə bağlıdır, yoxsa ailə üzvləriniz və tanışlarınızla görüşüb, onlarla əyləncəli vaxt keçirməkdir?

- Ailəmi, dostlarımı görmək istəyirdim.

- 11 il əvvəl qoyub getdiyiniz Bakı ilə indiki Bakı arasında nə kimi fərq var?

- Çox dəyişib. Yeni tikililər çoxdur. Cəmiyyət də dəyişib. Xüsusilə, Bakının gecələrini daha çox bəyənirəm, işıqlıdır.

 - Qərib ölkədə vətənlə bağlı ən çox nəyin həsrətini çəkmisiniz?

- Yeməklərin (gülür). Millətimizi və mətbəximizi heç nəyə dəyişmərəm.

- Bəs ABŞ-a köçməyinizə nə səbəb oldu?

- Azərbaycanda uşaqlıq illərim Yevlaxda keçib, orada doğulub-böyümüşəm, orta məktəbi 5 il Mingəçevirdə oxumuşam. Sonra 4 il Bakıda yaşamışam (ABŞ-da da belə oldu, əvvəlcə San- Dieqo, sonra San-Fransisko, indi isə Los-Ancelesdə yaşayıram. Bu, mənim işimlə və uzunmüddətli bir yerdə yaşaya biməməyimlə bağlıdır).

Azərbaycanda olanda mən ADMİU-ya daxil olmaq istəyirdim, lakin evdən buna razılıq vermədilər. Sənədlərimi “Qafqaz” Universitetinə verdim və bu universiteti Bank işi üzrə bitirdim. Bu ixtisas üzrə iki ay Türkiyədə təcrübə keçdim. Sonda məni orada işə dəvət etdilər, imtina etdim, çünki bu sahə mənim üçün maraqlı deyildi.

Daha sonra San-Fransiskoya köçdüm, araşdırdım, orada kinoaktyorları yetişdirən studiya tapdım, aktyorları öyrədən məşqçi ilə tanış oldum.  

O zaman əmimoğlu ABŞ-da yaşayırdı, o mənə dəstək oldu.

“Məni bağışla, ata”ya qədər bir neçə qısametrajlı filmdə rol aldım. Bu film 2015-ci ildə festivalda “İlin ən yaxşı filmi” seçildi. Rejissorumuz isə hələ o vaxt həmin “Art” Akademiyada təhsil alırdı və həmin filmə görə “Ən yaxşı rejissor” adını qazandı. Əslində, filmin davametmə müddəti bir saat yarım idi, lakin festivallara təqdim olunacaq filmlərin xronometrajı 30 dəqiqədən az olmalı idi deyə, biz onu qısaltdıq. “Məni bağışla, ata” komandımız üçün uğurlu oldu. Bu il oktyabr ayında Çikaqoda festivalda da nümayiş olunacaq.

“Forgive me father”

- Adıçəkilən filmə dəvət almağınızdan bəhs etməyinizi rica edirəm...

- Dostum mənə dedi ki, belə bir film var, sənin xarici görünüşün onların aktyor axtarışı ilə bağlı yayılan elanlara uyğundur. Mən də getdim və rejissorla tanış oldum. Daha sonra o mənə filmin ssenarisini təqdim etdi və beləliklə, həmin layihədə çəkildim.

“Hymn for love”

- Bu ekran əsərinə qədər ilk dəfə oynadığınız film hansı olub?

2012-2013-cü illərdə çəkilən “Amerika əsgəri”. 

“Wedding March”

 - Bəs “Honk Konq Bistro”ya necə dəvət olundunuz?

- Filmin rejissoru xanım idi. İlk işimdə rejissor assistenti kimi çalışırdı. Oradan tanış idik. Nədənsə məni çox istəyirdi. Çəkdiyi əksər filmlərdə məni görmək arzusunda idi. “Honk Konq Bistro”da mənə epizodik rol təqdim etmişdi. Ondan sonra “Nika” filmində mənə obraz verdi. Həmin film isə mən Bakıya gələn gün festivalda nümayiş olundu. Növbəti dəfə San-Fransiskoda oktyabr ayında təqdim olunacaq, orada iştirak etməyə çalışacağam.

- Bildiyim qədərilə siz prodüser kimi də fəaliyyət göstərmisiniz...

- Bəli, filmlərdən birində prodüser kimi çalışmışam. Hətta rejissor kimi də filmin bir qismini çəkmişəm. Amma rejissor və prodüser sənəti sevdiyim, düşündüyüm  peşə deyil. Sadəcə, belə alınmışdı. Mənim ABŞ-dakı kinostudiyalarda aldığım təhsil və təcrübəm sırf aktyorluqla bağlıdır.

- Birdəfəlik Azərbaycana dönmək və fəaliyyətinizi burada davam etdirmək fikriniz varmı?

- Hazırda, xeyr. Azərbaycanda yaşadığım illər ərzində mədəniyyət və incəsənət sahəsini kifayət qədər izləyirdim. Sağ qalan və vəfat edən görkəmli sənət adamlarımızdan - Həsən Məmmədov, Həsənağa Turabov, Arif Quliyev, Fəxrəddin Manafov, Rasim Balayev, Ramiz Əzizbəyli, Nəsibə Zeynalova, Valeh Kərimovu bəyənirəm. Kaş Yaşar Nurini mən də həyatda görə biləydim. Yeni nəsil aktyorlarımızdan isə xəbərsizəm. ABŞ-a köçəndən sonra Azərbaycanda kino sahəsi ilə əlaqədar vəziyyət nə yerdədir, bilmirəm.

- Bəs azərbaycanlı müğənnilərdən kimə qulaq asırsınız?

- Zülfiyyə Xanbabayeva və Tünzalə Ağayeva. Hətta onların disklərini alıb, ABŞ-a da aparmışam ki, orada da dinləyim.

“Woman of war”

- Amerikalıların Azərbaycana qarşı münasibəti necədir, ölkəmiz haqqında nə bilirlər?

- Demək olar ki, tanımırlar. Ölkəmizi tanıyan çox az insanla rastlaşmışam. Həm də amerikalılar coğrafiyaya bir qədər maraq göstərmirlər. Bəlkə, bu onunla da bağlıdır. Amma avropalılar Azərbaycanı yaxşı tanıyırlar. Bacardığım qədərilə tanımayanlara ölkəmiz barəsində danışır, Azərbaycana səyahət etməyi məsləhət görürəm.

- Yaşadığınız məkanda və ya yaxın ətrafda sizdən başqa digər həmyerlilərimiz varmı? Onlar hansı peşənin insanlarıdır?

- Bəli var. Tamamilə başqa peşənin sahibidirlər. Əslində, orada bir rejissorumuz da var. Amma bu barədə məlumat vermək istəmirəm, bəlkə, adının hallanmasını istəməz.

- ABŞ-da yaşayan azərbaycanlı tanınmışlardan - aparıcı Günel Musəvi, “America’s Got Talent” yarışmasının iştirakçıları - Pəhləvanoğlu qardaşları və Üzeyir Novruzovla ünsiyyətiniz var?

- Xeyr. Həmin şounu cəmi bir-iki dəfə izləmişəm. Həmyerlilərimizin oradakı uğuru qürurvericidir.

Aktyorun çəkildiyi bir neçə filmdən videogörüntü.

- Yeni layihə və ya film üzərində çalışırsınız?
- ABŞ-a döndükdən sonra iki yeni filmdə rol alacağam. Dramatik janrda olacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Digər Mədəniyyət xəbərləri