16 
May
2014
14:43
64
11
7230
Virtual karabakh

Arif Quliyev: Kloundur, səhnədə özündən oyunlar çıxardır – MÜSAHİBƏ + FOTO

16 May, 2014
14:43
7230

Arif Quliyev: Kloundur, səhnədə özündən oyunlar çıxardır – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndikiləri tənqid edəndə deyirlər ki, mənə paxıllıq edir”.

Bu gün xalq artisti Arif Quliyevin 64 yaşı tamam olur.

Oxu.Az-ın müxbiri doğum günü münasibətilə sevimli aktyoru ziyarət etdi.

Qeyd edək ki, Arif müəllim baş rol aldığı yeni “Son dayanacaq” filminin təqdimatına hazırlaşır. Rejissor Aydın Əliyevin və operator Kənan Məmmədovun ekranlaşdırdığı film qocalar evinin sakinlərinin həyatından bəhs edir. Bu yaxınlarda filmin təqdimat mərasimi olacaq.

Saytımızın “Zirvəyə gedən yol” rubrikasının Arif Quliyevlə olan müsahibəsini sizə təqdim edirik:

- Arif  müəllim, doğum gününüzdə özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı. Bu gün mənim 64 yaşım tamam olur. Sizə minnətdaram ki, belə əziz gündə məni yad etdiniz.

“Şeytanın yubileyi” tamaşası. 2011-ci il.

 

- Arif Quliyevin həyatda, eyni zamanda, səhnədə bu günədək qazandıqları və itirdikləri nə olub?

- Qazandıqlarım çox olub. Əzab-əziyyətlə də olsa istədiyim sənətə yiyələnmişəm.Vətənə xidməti borcumu yerinə yetirib əsgərliyə yollanmışam. Əsgərlik mənim üçün əsl həyat məktəbi oldu. Orada möhkəmləndim, dostluğun qədrini bildim, necə deyərlər bərkə-boşa düşdüm. Eyni zamanda, əsgərlikdə sənətim üzrə də fəaliyyət göstərirdim. Əsgərlikdə məni klub müdiri təyin etmişdilər. Mən Ukraynada qulluq etmişəm. O vaxt Ukraynanın bir çox yerlərində qastrol səfərlərinə getmişəm və festival laureatı olmuşam.

Əsgərlikdən qayıtdıqdan sonra bir neçə dəfə ali məktəbə sənəd verdim. Nəhayət, 1973-cü ildə 3-cü cəhddən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Oranı bitirdikdən sonra yaxşı insanların sayəsində  Musiqili Komediya Teatrına işə düzəldim. Qazandığım uğurların nəticəsi mənə böyük xalq məhəbbəti gətirdi. Mən onların qarşısında baş əyirəm.

İtirdikərimə gəlincə, mənə elə gəlir ki, heç nə itirməmişəm. Əgər nəsə itirsəydim xalq artisti, “Gənclər mükafatı” laureatı, “Qızıl Dərviş”, “Humay” laureatı, prezident təqaüdçüsü, “Zirvə” mükafatı laureatı olmazdım.

21. 08. 1969. Pioner illəri.

 

- Çox ağrılı-acılı günlər yaşamısınız, təkbaşına ayaqda durmağı necə bacardınız?

- Allah Təala, ayrı-ayrı vaxtlarda mənim qarşıma yaxşı, xeyirxah insanlar çıxardı. Həmin insanlar mənə dayaq oldular.

- Düşünürəm ki, iradəniz və istedadınız sayəsində müvəffəqiyyətə nail ola bildiniz. Çünki istedadsız və iradəsiz insan sizin yaşadığınız çətinliklərə rəğmən bu sənətdə tab gətirə bilməzdi...

- Təbii ki, belədir. Sənə dəstək olan insan görsə ki, səndə istedad yoxdur, kömək etməz. O görür ki, sənin köməyə ehtiyacın var, sənə dayaq durur, onun dəstəyi sayəsində sən də öz arzuna, niyyətinə doğru irəliləyirsən. Allah deyir ki, “Səndən hərəkət, məndən bərəkət”. Gərək insan ona olan köməyinin nəticəsini doğrultsun.

1979-cu il. Arif Quliyev həyat yoldaşı və oğlu Rövşən ilə.

 

- Yəqin balta vuranlarınız da çox olub?

- Bu sənətin o qədər çətin, dərin, ağır, keşməkeşli yolları var ki...

Bu sahəni seçən hər bir şəxs dözümlü və iradəli olmalıdır. Bu sənətdə uğur qazanmaq istəyirsənsə, həmişə sənə tuşlanan sözlərdən qaçmalısan. Səbirli olmalısan. Heç kimin fitvasına getməməlisən.

Bu sənətin yaxşı xüsusiyyəti isə odur ki, sən sevilirsən.Və hər şey ondan sonra başlayır. Burada iki mərhələ var:

Əgər aktyor kimi səni heç kəs tanımırsa, seçilmirsənsə, səni barmaqla göstərmirlərsə: “Baxın, bu filan aktyordur”, sənin haqqında danışmırlarsa, televiziyada görünmürsənsə, sənin arxanca gəlib müsahibə almırlarsa, deməli sən kollektivdə ən yaxşı insansan və ən yaxşı aktyorsan…

Vay o gündən ki, bunlar hamısı baş versin! Tamaşaçı səni səhnədə alqışladıqdan sonra kollektivdə sənə qarşı ikrah hissi yaranır. Sevməməyə başlayırlar, gözü götürməmək, badalaq vurmaq və s.

Mən bunlara səbir etdim, dözdüm. Haqqımda “Kloundur, səhnədə özündən oyunlar çıxardır” kimi sözlər söyləyərək məni ruhdan salmağa çalışırdılar. Mən bu deyilənlərə fikir vermədim. Sadəcə, öz yoluma davam edərək işimlə məşğul oldum  və uğur qazandım.

Heç vaxt kollektivdə kiminsə arxasınca danışıb rol davası etməmişəm. Böyük yaxud balaca rol verilməsindən asılı olmayaraq canlandırmışam. Kiçik rolu da gərək elə bacarıqla nümayiş etdirəsən ki, səni istəməyənlər sənin qabağında baş əysinlər.

Ömər Ağayev, Mikayıl Abdullayev ilə birlikdə.

 

- Populyarlaşmağa başladığınız illərdən bu günə kimi “Mən Arif Quliyevin doğma anasıyam” deyib, ekrana çıxanlar çox oldu. Həmin qadınların aqibəti necə oldu?

- Universitet illərinin 1-2-ci kursunda oxuyanda müəllimlərim dedi ki, gəl valideynlərini axtaraq. Qəzetdə və mavi ekranda bu haqda danışanda mənə müraciət edənlər çox oldu. Məni öz oğlu kimi görməyə gələnlərdən sənəd tələb edirdim. Onlardan çoxu heç “Necə olub ki, məni itirmisiniz?” sualına cavab tapa bilmirdilər.

1977-ci il idi… Bir nəfər qadın gəldi ki, sən mənim oğlumsan. Mən də soruşdum ki, “Mənim sizin oğlunuz olmağımı necə sübut edə bilərsiniz?”. Həmin qadın mənə söylədi ki, sənin sağ əlində 4-cü ilə 5-ci barmaq arasında və kürəyində xal var. Gördüm, uyğun gəlir. “Bəs necə olub ki, məni uşaq evinə vermisən?” sualına belə cavab verdi:

“İçərişəhərdə iki nəfər silahlı mübahisə edirdilər. Atan onları ayırmağa çalışarkən  onu güllə ilə yaraladılar və o dünyasını dəyişdi. Sonra mən yenidən ailə qurdum. İkinci ərim səni qəbul etmədi. Ərimin qohumları səni oğurlayıb uşaq evinə verdilər, yerini isə mənə söyləmədilər”. 

Mən isə bu söhbət olan vaxtlarda indiki həyat yoldaşımı sevirdim. Fikirləşdim ki, tək adamam, qız evinə nişan aparmağa qadın, ana lazımdır. Ona görə dedim ki, sən mənim anamsan. Beləcə, biz onunla o rəhmətə gedənə kimi ana-bala olduq.

1968-ci il.

 

- Əslində, bioloji ananızın hələ də kim olduğunu bilmirsiniz?

- Xeyr. 

- Aradabir övladlarınızla bağlı çox söz-söhbətlər yayıldı. Guya qızınızı uşaq evindən götürüb, böyütmüsünüz…

- Mənim doğma qızım ailəlidir, hazırda Türkiyədə yaşayır.

Xocalıdan isə bir qız övladı götürüb böyütmüşəm. Həmin qız o vaxtlar ayaqlarından əməliyyat olunmuşdu, yeriyə bilmirdi. Onu oxutdum, Bakıda Pedaqoji Texnikumu bitirdi. Daha sonra ərə verdim. Hazırda Moskvada yaşayır. Tez-tez zəngləşirik.

1972-ci il. Əsgər Arif Quliyev.

 

- Bilirəm ki, şeiriyyata, ədəbiyyata çox böyük marağınız var. Həm də şeir yazırsınız. Şeirlərinizdə daha çox hansı mövzulara toxunursunuz?

- Dostluğa və sevgiyə aid şeirlər yazıram.

- Birini oxucularımıza söyləyə bilərsiniz?

- Dostluğa aid yazdığım şeirlərimdən birini deyə bilərəm:

Desəm tamahsızam, siz inanmayın,
Bəlkə də, hamıdan tamahkaram mən,
Açıb qollarımı imkanım olsa,
Dostları qəlbimlə qucaqlaram mən.

Gəzərəm elləri bir səyyah kimi,
Gəzərəm evləri barigah kimi,
Alaram qəlbləri acgöz şah kimi,
Özümə yüz milyon dost tutaram mən.

İnanın düzəlsə də, saydığım sayım,
Deyərəm, əzizim, az oldu payım,
Mən elə xəsisəm tapılmaz tayım,
Əlimdən bir dost da buraxmaram mən.

25.01.1975. Şirvan şəhərinə qastrol səfəri zamanı.

 

- Şeirləriniz çoxdur, niyə kitab halında dərc etdirmirsiniz?

- Maddi imkana bağlı olduğundan etdirməmişəm. Nəşr baha başa gəlir.

1976-cı il.  “Gözün aydın” tamaşası. Arif Quliyevin ilk dəfə oynadığı obraz.

 

- Milyonlarla insana gülüş bəxş edən Arif Quliyevin özünü necə, güldürmək asandır, ya çətin?

- İndiki zamanda güldürmək çox çətindir. Çünki hər bir insanın həyatında ağır problemlər var. Əgər güldürmək istəyirsənsə, fundamental, əsaslı güldürməlisən. Gülüşə səbəb olacaq söz deyirsənsə, onun mənası, dəyəri, çəkisi olmalıdır. Həmin o gülüş səhnəsindən tamaşaçı nəsə öyrənməlidir. İndi belə ssenari yazanlar çox azdır.

Gülüşlər cürbəcürdür. Düşündürücü gülüş olanda gülürəm, yüngül gülüş olanda isə yox.

“Səhər görüşləri” verilişindən. Xalq artsiti Əliağa Ağayev ilə.

 

- Səhnəmizin ikinci Arif Quliyevi sizcə kimdir?

- Olsa, əla olar. Amma görmürəm. Düzdür, istedadlı aktyorlarımız var. 

- Bəyəndiyiniz və bəyənmədiyiniz gənc aktyorlar kimlərdir?

- Bəyəndiklərim sırasında Rafael, Çoşqun, Elməddin, Tahir və Cabir İmanovlar var.

Bəyənmədiklərimə gəlincə isə, əslində mən tənqid etməyi istəmirəm. Özüm tənqidi xoşlayıram, desinlər düzəldim. Amma indikiləri tənqid edəndə deyirlər ki, mənə paxıllıq edir.

Rəhmətlik Siyavuş müəllim efirdə bir-ikisinin adını çəkmişdi, ekrandan cavab qaytardılar ki: “O kimdi ki, bizim adımızı çəkir?”.

Bakı. 2010-cu il. 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri