29 
Okt
2018
14:58
402
19
5975
Virtual karabakh

Xalq artisti: Şit və əxlaqdan uzaq sözlər efiri zəbt edib

Cəmiyyətdə, mediada, elə sənət cameəsində son illər ən çox müzakirə edilən məsələlərdən biri teatr və tamaşaçılar məsələsidir.

Bir çoxları əvvəlki illərlə, daha doğrusu, 90-ların əvvəllərinə olan dövrlə müqayisədə teatrlara, teatr tamaşalarına axının azılmasının səbəbini maddiyyat, biletlərin baha olması, güclü ssenaristlərin, dramaturqların olmaması, rejissor işinin və ya aktyor truppasının zəifliyi ilə, bəziləri isə şou-biznesin mədəniyyətə ayaq açması və zövqlərin korlanması ilə izah edirlər.

Bəs görəsən, sənət cameəsinin nümayəndələri özləri bu haqda nə düşünürlər, hansı arqumentləri əsaslı sayırlar?

Bununla bağlı Oxu.Az-a açıqlamasında korifey sənətçi, Xalq artisti Ramiz Məlik sənət adamlarının, yaradıcı insanların özlərini də belə bir sual düşündürdüyünü  bildirib.

“Bu sual bizi də düşündürür.

Bu problem bir çox həll olunmayan məsələlərlə əlaqədardır.

İndi dramaturq yoxdur, rejissor da həmçinin. Aktyor həmişə olub, indi də var. Xarici dramaturgiya var, fəqət milli dramaturq yoxdur.

Bəziləri yazır, yazdıqları da plagiatdır, yəni, ordan-burdan çırpışdırmaqdır. Bunları eynilə kinoya da şamil etmək mümkündür.

Ssenaristlər, rejissorlar, operatorlar məsələsi öz həllini təəssüf ki, tapmayıb” - deyə, R. Məlik bildirib.

 O, əlavə edib ki, bir də indi kim sponsor tapır, film, serial çəkir.

 “Özəl kanallarda gedən bayağı filmlər, seriallar, sənətə aid olmayan adamların ekrana gətirilməsi hər bir ciddi sənət adamını incidir, narahat edir.

Eyni zamanda, düşük, şit, əxlaqdan uzaq sözlər, hərəkətlər ekranı-efiri zəbt edib.

Milli ənənə, milli mentalitet, tarixi anlayış, insanları düşündürən problemlər öz əksini tapmır. Zövqlər korlanır. Sənət meyarı heçə endirilir. Heç olmasa, Rusiya kanallarında gedən filmlərə baxıb, ibrət götürsünlər.

Orada bütün problemlərdən filmlər çəkirlər. Özü də heç nədən çəkinmədən.

Məgər bizdə problemlər, toxunulacaq, çəkiləcək mövzular yoxdur?...”, - deyə, Xalq artisti fikirlərini tamamlayıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri