29 
Okt
2018
17:10
15
80
1855
Virtual karabakh

“Azdrama”: “Aktyor işi zəifdir” kimi fikirlər səsləndirmək xəbərsizlikdir

Birmənalı şəkildə “teatra maraq yoxdur” demək doğru deyil. Akademik Milli Dram Teatrının daimi tamaşaçıları bunu hər tamaşanın premyerasında təsdiq edə bilərlər.

Bunu Oxu.Az-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı son illər teatrların tamaşaçı kasadlığı ilə üzləşməsi yönündə gedən müzakirələrə münasibətini bildirərkən deyib.

Qeyd edək ki, bir çoxları teatrlara, teatr tamaşalarına axının azalmasının səbəbini maddiyyat, biletlərin baha olması, güclü ssenaristlərin, dramaturqların olmaması, rejissor işinin və ya aktyor truppasının zəifliyi ilə, bəziləri isə şou-biznesin mədəniyyətə ayaq açması və zövqlərin korlanması ilə izah edirlər.

“Bizim teatrı, səhnəni, aktyorları çox sevən təəssübkeş tamaşaçılarımız var”, - deyən C. Zeynallının sözlərinə görə, bu gün Akademik Milli Dram Teatrının istər böyük, istər kiçik səhnəsində təqdim olunan tamaşaları deməyə əsas verir ki, tamaşaçı öz zövqünü, marağını təmin edən kifayət qədər məzmunlu, gözəl səhnə əsərlərinə baxa bilər:

“Biz klassik əsərlər əsasında tamaşalar hazırlayırıq. 

Məsələn, “Ölülər”, “Almaz”, “Müfəttiş”, “Anamın kitabı”, “Xanuma”, “Sərgüzəşti-vəziri-xani Lənkəran”, “Qətibə İnanc” və s. Biz müasir dramaturgiya nümunələrinə də quruluş veririk. Məsələn, “Cəhənnəm sakinləri”, “Sinif yoldaşları”, “Vəsiyyət”, “Bir, iki bizimki”, “Ah, bu uzun sevda yolu”, “Manqurt”, “Şah Qacar”, “Boy çiçəyi”, “Mənim günahım”, “Qəribə, çox qəribə əhvalat” və s. İndi kim deyə bilər ki, baxmağa tamaşa yoxdur?

Təəssüf ki, bəzən bu cür qeyri-peşəkarcasına, bixəbərcəsinə fikirlər də eşidirik”. 

O, qeyd edib ki, repertuarda dünya və Azərbaycan dramaturgiyası əhatə olunub:

“Əlbəttə, istərdik ki, insanlar teatrın, mədəniyyətin təəssübünü çəksinlər, onu sevsinlər. 

Teatra gələn azyaşlıların gözlərinə baxanda sevinirik ki, bu işığı indidən onların ürəklərində yandıra bilirik.

Amma teatr mədəniyyəti yuxarı siniflərdə, universitetdə, ailədə davam etdirilməsə, biz onları da itirəcəyik. Akademik Milli Dram Teatrı bu gün bir çox ali məktəb, müəssisə və təşkilatlarla əməkdaşlıq edir.

Arzu edirik ki, teatrımızla maraqlanan qurumların sayı çox olsun. Bu, istər maddi, istər mənəvi baxımından bizə böyük dəstəkdir.

O ki qaldı peşəkarlıq məsələsinə və insanların maddi durumuna, Akademik Milli Dram Teatrının truppasında Azərbaycan teatrının görkəmli və sevimli aktyorları çalışır. Onların hər biri uzun yaradıcılıq yolu keçiblər, böyük təcrübəyə malikdirlər.

Onlar haqqında “aktyor işi zəifdir” kimi fikirlər səsləndirmək, ən yumşaq halda desəm, kökündən yanlışdır, xəbərsizlikdir. 

İndi keçək maddiyyata. Bizim teatrda biletlərin qiyməti 6-10 manat arasında dəyişir. Mənə elə gəlir, bir insan aylıq, yaxud illik qazancının çox cüzi bir hissəsini, məsələn 2-3 faizini teatra, kitaba, musiqiyə, kinoya xərcləsə, ölkənin bütün mədəni-intellektual mühitindən xəbərdar olar. Həmin pul gəlib gedəcək, amma teatrın, mədəniyyətin ruhu, əhvalı ömür boyu onları tərk etməyəcək

Onlar fərd olaraq cəmiyyətin “oxutmuram, əl çəkin” kəsiminə nümunəvi intellektual-mədəni körpü olacaqlar. Əsas odur ki, şövq, sevgi, təəssübkeşlik və yüksək mədəniyyətə meyllilik olsun.

Biz insanlarımızı buna hazırlamalıyıq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri