Noy
2018
13:08
42
85
3522
Virtual karabakh

İçərişəhərdə hansı restavrasiya işləri görülüb?

6 Noy, 2018
13:08
3522

İçərişəhərdə hansı restavrasiya işləri görülüb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2010-cu ildən başlayaraq, Erik Pummerin rəhbərliyi ilə Avstriyanın “Atelier Erich Pummer” şirkəti İçərişəhərdə ən müasir texnologiyalarla restavrasiya işləri həyata keçirir. Bununla bağlı İçərişəhər dövlət tarix-memarlıq qoruğu idarəsinin təşkilatçılığı ilə restavrasiya edilmiş yerlərə press-tur zamanı məlumat verilib. 

“Şirkətimizin 36 illik tarixi var və bu illər ərzində şirkətimiz Avstriya və Avropanın digər ölkələrində, eləcə də, Azərbaycan və Misirdə bir çox mədəniyyət abidələrini restavrasiya edib. Tale bizə müəyyən mərhələdə İçərişəhərdə restavrasiya işləri görmək imkanı verdi”, - şirkətin meneceri Çingiz Neymanzadə deyib. 

Çingiz Neymanzadə Avstriya şirkəti tərəfindən İçərişəhər ərazisində həyata keçirilmiş restavrasiya işləri ilə jurnalistləri geniş formada tanış edib. 

Şirvanşahlar sarayı

Şirkətin Şirvanşahlar sarayındakı işlərlə tanışlığı 2014-2015-ci ildə türbənin bərpası ilə başlanılıb.

“Divanxana və türbə bu tikilinin ən dəyərli hissəsidir, çünki onun üzərində yüksək keyfiyyətli oyma işlərini görə bilərik. Buradakı ərəb yazılarının, demək olar ki, 40 faizi pozulmuşdu”, - Çingiz Neymanzadə bildirib. 

Avstriya şirkəti sayəsində müasir metodlar əsasında tikili restavrasiya edilib, yazılar bərpa olunub, türbə üzərindəki arka qaydaya salınıb. 

Bəylər məscidi

Daha sonra biz Bəylər məscidinə yollandıq. Bələdçinin sözlərinə görə, Azərbaycanda Bəylər məscidindən daha böyük məscidlər var, ancaq bu tikili orijinallığı ilə seçilir: memarlıq baxımından o, gözəl yerinə yetirilib, çətin ki, Azərbaycanda ikinci belə məscidi görmək olsun.

“Orada uzun illər Mədəniyyət Nazirliyinin bərpa emalatxanası olub. Emalatxanasının köçürülməsi üçün vəsaitin və yerin olmaması səbəbindən onlar burada işləyirdi. Dam su keçirirdi, yağışlı havalarda işləməyin mümkün olması üçün hər tərəfə örtük çəkilmişdi.

Bizim buradakı işlərimiz iki il davam etdi, bəzi işləri təkrar görməli olurduq, çünki məscidin xaricində suyun axdığı yerlər vardı. Birinci bərpa işlərindən sonra su içəri daxil olduğu üçün biz başqa materialdan istifadə etmək qərarına gəldik”, - şirkət nümayəndəsi qeyd edib. 

2016-cı ildə həyata keçirilən restavrasiyadan sonra məscid muzey kimi fəaliyyət göstərməyə başladı, indi ora təzə kitab kimi qorunur. 

Şirkət məscidin tavanını və giriş qapılarındakı ornament hissəni bərpa etdi. 800 kiloqram ağırlığında olan detal Avstriyada sifariş edilib və hazırlanıb. 

Qapı və pəncərə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində hazırlanıb. 

Əl işləri olan çilçıraqlar Türkiyədən gətirilib. O, məscidlər üçün çilçıraqlar hazırlayan ustalar tərəfindən düzəldilib. 

Məhəmməd məscidi

Bəylər məscidindən sonra jurnalistləri restavrasiya edilmiş daha bir məscidlə - XI əsrin arxitektura abidəsi ilə tanışlıq gözləyirdi. 

Çingiz Neymanzadənin sözlərinə görə, 15 il əvvəl burada əsl xarabalıqlar vardı.

“Restavratorlar sayəsində məscid bərpa edilib, ancaq dağılma prosesi davam edirdi. Fasad toz qatı ilə örtülüb, elə daşlar var, cüzi toxunmaq kifayətdir ki, həmin hissə dağılsın”, - menecer xatırlayıb. 

Məsciddə işlər 2010-cu ildə vakuum daşbərkidici texnologiyası vasitəsilə həyata keçirilib. Bu bərpa növü ondan ibarətdir ki, qurğunun müəyyən hissəsi ayrılır və vakuuma yerkəşdirilir, buraya isə daşbərkidici vurulur. Daşın möhkəmliyini belə bərpa olunur. Vakuum işləri məscidin yalnız zərər görmüş hissələrində aparılıb. 

Şirkət nümayəndəsi bildirib ki, məscidin vəziyyəti pis olsa da, restavrasiya zamanı heç bir tarixi daş ləğv edilməyib. 

“Bərpa işlərindən səkkiz il ötüb, bu müddət ərzində fasadda heç bir çat yaranmayıb”, - Neymanzadə qeyd edib. 

Qeyd etmək lazımdır ki, Cümə məscidinin minarəsinin restavrasiyası da bu metodla həyata keçirilib. 

Qız qalası 

Nəhayət, Bakının baş simvolu, paytaxtın ürəyi olan Qız qalası! Sakinlərin çoxu, yəqin ki, qalanın restavrasiya dövrünü xatırlayır. Bəziləri bu işlərə görə sevinir, digərləri isə restavrasiya işlərinə qarşı çıxırdılar. 

“Qız qalasının restavrasiyası ilə bağlı danışıqlar gedən zaman dəfələrlə bu tip anlaşılmazlıqlarla qarşılaşmışıq. Onun üzərində restavrasiya edilməli olan zədələnmələr vardı. Qaladan praktiki olaraq heç nə qalmamışdı, o, dağılmaq üzrə idi. 

İşlər başlamazdan əvvəl İçərişəhər rəhbərliyi bizim nə edəcəyimizi və qalanın restavrasiyadan sonra necə görünəcəyini göstərməyimizi xahiş etdi. 

Biz Qız qalasını heç bir daşı dəyişmədən restavrasiya etdik. Bu, çox vacib məqamdır, çünki tarixi abidələrin strukturu belə qorunur. Bütün daşlar orijinaldır”, - menecer əlavə edib. 

Onun sözlərinə görə, qalanın divarlarında quş yuvaları vardı. Restavrasiyadan sonra onlar başqa yerlərə köçürüldü. 

“Şirkətimiz 510 quş yuvası hazırladı və siz onları üzbəüz binanın divarında görə bilərsiniz”, - Neymanzadə bildirib. 

Burada işlər 3 il – 2011, 2012, 2013-cü illərdə fasiləsiz davam etdi. 

Orta əsr hamamı

Mediatur jurnalistlərin diqqətini cəlb edən İçərişəhərdə arxeoloji qazıntılar zamanı tapılan yeraltı hamamın nümayişi ilə başa çatıb. 

Arxeoloq İdris Əliyevin sözlərinə görə, qazıntılar zamanı çox sayda əşyalar aşkar edilib: XVII əsrə aid artefaktlar, gəmi silahlarını təkərləri, toplar.. Hazırda bu materiallar İçərişəhər muzeyinə verilib. 

Çingiz Neymanzadənin sözlərinə görə, hamam üzərində yerləşən hərbi komisarlığın ərazisi tamamilə asfaltlanıb. 

“Qazıntılardan sonra restavrasiya işlərinə başlanılıb. Əvvəlki işlərdə olduğu kimi, burada da qədimi daşlara toxunulmayıb və orijinallıq qorunub. Bütün işlər əl metodu ilə aparılıb. Bu ərazidəki qapılar da Avstriya şirkətinin işçiləri tərəfindən restavrasiya edilib”, - Çingiz Neymanzadə qeyd edib. 

Yeraltı hamamda restavrasiya işləri hələ də davam edir.

Çinarə Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri