30 
Noy
2018
10:34
61
428
15022
Virtual karabakh

Bakıda hiperrealistik heykəltəraşlıq sərgisi açılıb - FOTO

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb.

Oxu.Az xəbər verir ki, beş bölmədən ibarət sərgidə insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər ziyarətçilərin böyük marağına səbəb olub.

Sərginin açılışından öncə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Letste çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, sərgi Heydər Əliyev Mərkəzi ilə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun birgə layihəsi əsasında reallaşıb.

“Yeni üsul, yeni mövzu və yeni materiallar bugünkü sərginin əsasını təşkil edir. Bu sərgi özündə abstrakt incəsənətin bir növünü əks etdirir. Sərginin ümumi ekspozisiyasına nəzər saldıqda realizmə əsaslanan müasir heykəltəraşlığı görürük.

Biz bu sərgini dünyanın bir sıra ölkələrində açmışıq. Yəni, bu əsərlər dünyanın müxtəlif muzeylərində və aparıcı sərgi salonlarında nümayiş etdirilib. Bakı öz müasirliyi və multikultural yanaşması ilə seçilən şəhərdir. Belə bir şəhərdə bu cür sərginin açılması təqdirəlayiqdir. Əslində, bu, incəsənətin cazibəsinin təsvir edilməsidir”, - deyə Maksimilian Letste vurğulayıb.

Diqqətə çatdırılıb ki, “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasında Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan əsərləri heyranlıq doğurur.

1960-cı illərdə yaranan hiperrealistik heykəltəraşlıq 1970-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıblar.

Ümumiyyətlə, hiperrealistik heykəltəraşlıq nümunələrini çox asanlıqla canlı adamlarla, real əşyalarla səhv salmaq olar. Müəlliflər insan bədənini – dəri qırışları, saç düzümü və digər xırdalıqları ustalıqla yaradırlar.

Sərgidə dünya şöhrətli heykəltəraşlar - Dueyn Henson (Duane Hanson), Daniel Firman (Daniel Firman), Kerol A.Feyerman (Carole A. Feuerman), Ceymi Salmon (Jamie Salmon), Corc Siqal (George Segal), Kit Edmayer (Keith Edmier), Sem Cinks (Sam Jinks), Mark Sijan (Marc Sijan), Jarko Başeski (Zharko Basheski), Patrisia Piççinini (Patricia Piccinini), Toni Matelli (Tony Matelli), Mel Ramos (Mel Ramos), Matilda ter Heyne (Mathilde ter Heijne), Tom Kübler (Tom Kuebler), Robert Qrem (Robert Graham) və Allen Consun (Allen Jones) əsərləri nümayiş olunur.

Sərgi Heydər Əliyev Mərkəzində 2019-cu il martın 10-dək davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri