Yan
2019
21:13
186
61
16790
Virtual karabakh

“Şərqin gözəli”, səhnəmizin parlaq ulduzu və ömrü kədərli sonluqla bitən aktrisa

8 Yan, 2019
21:13
16790

“Şərqin gözəli”, səhnəmizin parlaq ulduzu və ömrü kədərli sonluqla bitən aktrisa

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şərqin gözəli”...

Yaşlı və orta nəslin nümayəndələri söhbətin kimdən getdiyini, yəqin ki, bildilər.

Söhbət hələ çox erkən və gənc yaşlarından sənət ulduzu paylayan, çoxlarının həsədlə baxdığı, gözəlliyindən gözlərini çəkə bilmədiyi, dahi Üzeyirbəy Hacıbəylinin təkidi və dəvəti ilə onun müəllifi olduğu, nəinki keçmiş sovetlər birliyində, hətta uzaq ABŞ-da belə səs salan “Arşın mal alan” filminin baş rollarından birinin ifacısı, həmçinin, onlarla tamaşada, filmdə baş rollarda oynamış bəy qızı-korifey aktrisa Leyla Bədirbəylidən gedir.

O Leyla Bədirbəylidən ki “Arşın mal alan” filminin çəkilib yayılmasından dərhal sonra sovetlər birliyinin keçmiş rəhbəri, qanlı diktator İosif Stalinin şəxsən qəbuluna (o cümlədən, korifey Rəşid Behbudov  və digərləri) dəvət edilərək, SSRİ rəhbərinin dilindən belə bir əsərə - filmə, obraza görə təşəkkür, minnətdarlıq alır, “Şərqin gözəli” adına layiq görülür.

O Leyla Bədirbəylidən ki oynadığı, yaratdığı Gülçöhrə obrazına, rol aldığı filmə görə SSRİ rəhbəri tərəfindən dahi Üzeyir bəylə, korifeylər - Rəşid Behbudov, Lütvəli Abdullayev, Rza Təhmasib, o cümlədən, Ələkbər Hüseynzadə ilə birlikdə keçmiş sovetlərin ən yüksək dövlət mükafatına - SSRİ Dövlət Mükafatına layiq görülür.

Yeri gəlmişkən, qeyd edək və xatırladaq ki, Birinci Dünya Müharibəsinin başlaması ilə çəkilişi təxirə salınan bu filmə (1945-ci ildə ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxıb, səkkizinci yeri tutmaqla prokat lideri olub. 

Həmçinin, Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 Sevimli film” seçilib və həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılıb ki, “Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə məhz “Qızıl Siyahı”ya daxil edilib. Film sovet dövründə 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə edilib.

16 yaşı tamam olmamışdan filarmoniyada solist kimi çalışan Leyla xanım üçün şəxsən rəqslər səhnələşdirilib. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulub.

Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər və ilk tamaşası da Rəsul Rzanın “Vəfa”sı olub. Yuxarıda qeyd etdiyimiz kimi, cəmi 25 yaşında isə dahi Üzeyir bəyin dəvəti ilə 1945-ci ildə onun eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan”da Gülçöhrə obrazına çəkilib və beləliklə, aktrisanın səhnə həyatında şöhrətə, ulduzluğa gedən yolunun əsası qoyulub, həmin vaxtdan böyük bir yol, mərhələ başlanıb.

Və çox qısa müddət ərzində (80-ci illərdə səhnədən gedənəcən) onlarla tamaşada və kinoda rol alıb, əsasən, baş rolların ifaçısı olub. Dezdemona, Liza, Solmaz, Nərminə, Fəxrəndə xanım, Zərnigar, Xalidə və sair kimi bir-birindən gözəl, bənzərsiz obrazlar yaradıb, həm aktrisalıq istedadı, həm də zahiri gözəlliyi ilə qəlblərdə özünə taxt, heykəl ucaldıb.

90-ci illərin əvvəllərində 70 illiyi ilə bağlı yubiley tədbirində (həmin tədbirə tanınmış aktrisa Afaq Bəşirqızı aparıcılıq edirdi və qeyd edək ki, həmin vaxtlar Qarabağ döyüşlərinin qızğın dövrü olduğu üçün yubiley tədbiri bir qədər yubanmışdı) Leyla xanımın ifa etdiyi rəqs isə hələ də həmin anın iştirakçılarının, həm də televiziya tamaşaçılarının yaddaşlarından, hafizələrindən silinməyib.

70 yaşını ötmüş aktrisanın sanki 20-25 yaşlı rəqqaslar kimi rəqs etməsi, tamaşaçıların sürəkli və ard-arası kəsilməyən alqışları hələ də gözlər önündən çəkilməyib.

Amma və lakin... Tanınmış sənətkarın ailə həyatı, ilk evliliyi o qədər də uğurlu alımayıb. Gənc yaşlarında, 1936-cı ildə, cəmi 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə quran aktrisanın 1937-ci ildə həmin evlilikdən ilk övladı - oğlu dünyaya gəlib.

Ancaq bu evlilik uzun çəkmir, qısa bir müddətdən sonra akrisa Fərəc Cavanşirovdan boşanır. 1942-ci ildə Leyla xanım 22 yaşında ikinci dəfə ailə qurur, bu dəfə isə Kamil Aslanovla. 1947-ci ildə ilk qız övladı - Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları - Bikə doğulur.

90-cı illərin sonlarına yaxın Leyla xanımın ömür-gün yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır və faciəli şəkildə vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş isə böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur və faciəli şəkildə dünyasını dəyişir.

Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir və o, ömrünün son illərini, son günlərini bir növ təklikdə (hamıdan gizlənərək) yataq xəstəsi kimi keçirir. Heç yerə çıxmır, heç kimlə görüşmür.

Sadəcə, bir dəfə, 1999-cu ilin əvvəllərində mərhum dövlət başçısı Heydər Əliyevin fəxri adlar, orden və medallar almış tanınmış sənətkarlarla görüşündə, mükafatların təqdim edilməsi mərasimində görünür.

Hər zaman sanki yerişi, duruşu ilə yeri-göyü lərzəyə salan Leyla xanım bu dəfə həddindən artıq zəifləmiş, arıqlamış, solğunlaşmış, əlləri-ayaqları titrəyə-titrəyə, təqatsiz vəziyyətdə ekranlar önünə gəlir, özü də sonuncu dəfə... Hətta Leyla xanımın vəziyyəti o dərəcə kritik olur ki, o, ayaq üstdə güclə dayanır, “İstiqlal” ordeni təqdim edilərkən mərhum Heydər Əliyev şəxsən özü onun qoluna girir və qolundan bərk-bərk tutur.

Və bundan cəmi bir neçə ay sonra,1999-cu ilin noyabr ayının 23-də isə gözəlliyi ilə gözlər oxşayan, rolları, ifaları ilə qəlbləri cuşa gətirən korifey aktrisa 79 yaşında gözlərini əbədi yumur, fani dünyaya əlvida deyir.

Bu gün korifey aktirasının 99 yaşı tamam olur. Böyük sənətkara Allahdan rəhmət diləyir, məkanı cənnətlik olsun deyirik.

Neçə ki Azərbaycan var, Azərbaycan mədəniyyəti, incəsənəti var, Leyla Bədirbəyli də hər zaman var olacaq, ruhən Azərbaycanımızla yaşayacaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri