21 
Yan
2019
17:52
122
61
7020
Virtual karabakh

Dirijor Cavad Tağızadə: Qohumbazlıq bizim musiqiyə də yol tapıb

21 Yan, 2019
17:52
7020

Dirijor Cavad Tağızadə: Qohumbazlıq bizim musiqiyə də yol tapıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın dirijor, musiqi müəllimi və prodüser Cavad Tağızadə ilə müsahibəsini təqdim edirik:

- Fevral ayında Haydnın əsəri əsasında Sankt-Peterburqun Mariin teatrında quruluş verdiyiniz “İnsansız ada” tamaşasının premyerasının bir ili tamam olur. Necə oldu ki, qısa zaman kəsiyində skripka ifaçısından dirijora qədər irəlilədiniz?

- Rejissorluq və dirijorluq həyatın ikinci yarısının peşəsidir. 45 yaşına qədər insan lazımi enerjini toplayır. Mariink tamaşası gənc rusiyalı rejissor Aleksey Smirnovla tandemimizin bədii axtarışlarının bəhrəsi oldu.

“Traviatlar” tipli böyük operaları tamaşaya qoymaq üçün kifayət qədər təcrübə yox idi, bunu etiraf etməsəm, günah olar. Balaca opera ərsəyə gətirmək isə mənim üçün maraqlı deyildi. Elə tamaşa qoymaq istəyirdim ki, musiqi aləmində bir hadisəyə çevrilsin. Çox götür-qoy etdik, axtarışlarımız bizi Rusiyada o qədər də tanınmayan Haydnına gətirib çıxardı. “İnsansız ada” adı kifayət qədər effektiv səslənirdi.

Bu, mənim opera dirijoru olaraq debütüm idi. Belə nüfuzlu meydançada əlimdən gələni ortaya qoymağa borclu idim. Kifayət qədər uzun hazırlıqlar oldu. Premyeradan bir il əvvəl stenoqrafiya işləri başladı, həmçinin, tamaşanın musiqisi üzərində çalışmağa başladıq, bilirsiniz, musiqi və stenoqrafiya operada bir-birindən ayrılmaz vacib elementlərdir. Tamaşa üzərində uzun müddət inadla işlədik. Mahiyyət etibarilə uğurun resepti elə bundan ibarətdir.

- Qerqiyevləri sizə bu fürsəti verməyə necə razı sala bildiniz?

- Əlbəttə ki, bu məsələdə müəyyən çətinliklər var idi. Qerqiyev bacı-qardaşlarının olduqca sıx qrafiki var. Məsələn, Larisa Qerqiyeva (onunla tamaşa təsdiq olunub) Mariin nəzdində Gənc Müğənnilər Akademiyasının, Vladiqafqaz teatrının, Mariin sahilyanı səhnəsinin, Raxmaninov vokal festivalının, silsilə xarakterli radio-televiziya verilişlərinin təşkilatçısıdır. Bundan başqa, elmi iş və xeyriyyə işləri ilə də məşğul olur. Bu insanların saatlarla söhbət etməyə vaxtı yoxdur, sən faktiki olaraq, “ayaq üstdə” onlara öz layihəni 15 dəqiqə ərzində təqdim etməli olursan.

Biz tamaşanı Azərbaycanın Sank-Peterburqdakı baş konsulu Sultan Qasımovla əlaqələndirilmiş şəkildə təşkil etdik. Çox inanılmaz xarizması olan şəxsdir. Qerqiyevləri valeh etmişdi. Məhz onun dəstəyi sayəsində Mariin teatrının solistləri Reqina Rüstəmova, Elnarə Məmmədova, balet rəqqasəsi Timur Əskərov - onların hər biri “Azərbaycanın əməkdar artisti” adını qazandılar.

Bizim tamaşanın premyerasında bu qədər azərbaycanlının iştirak etməsi bizi çox sevindirirdi. Onlar gül dəstələri  təqdim edir, konsertdən sonra müsbət rəylərini ifadə edirdilər. Bütün bunlar həm bizim üçün, həm də Rusiyada yaşayan azərbaycanlıların imicinin formalaşması baxımından çox vacibdir.

Ötən ilin payız aylarında “İnsansız ada” tamaşasını Bakıya gətirmişdiniz. Doğma publika qarşısında çıxış etmək nə ilə fərqlənir?

- Evdə çıxış etmək daha çətindir. Çünki burada sənə, belə deyək, “lupa ilə” baxırlar. Tanınmış Niyazidən sonra mən Mariin teatrında çıxış etmiş ilk azərbaycanlı dirijoram. Ona görə də bu fakt vətəndə çıxış zamanı məsuliyyət hissini artırmaya bilməzdi.

Buna baxmayaraq, biz riskə getməməyə qərar verdik və yerli orkestrdən istifadə etdik, mənim tələbələrim idi. Bunun icazəsini almaq olduqca çətin başa gəldi. Çünki Mariin teatrı beynəlxalq brenddir, onun keyfiyyətlə bağlı müvafiq tələbləri var.

Uzun danışıqlardan sonra Mariin rəhbərliyi “yaşıl işıq” yandırdı. Elə alındı ki, Mariin teatrının aktyorları səhnədə Bakı Musiqi Akademiyasının tələbələr ilə çıxış etdi. Uşaqlar sağ olsunlar, bizi peşman etmədilər: işə olduqca məsuliyyətlə yanaşdılar, layiqli çıxış etdilər. Axşama qədər davam edən məşqlər gündəlik hal almışdı. Ancaq bir çoxunun valideynləri bunu doğrultmurdu.

Yadımdadır, konservatoriya zalının yarısı, öz övladlarını gözləyən valideynlərlə dolmuşdu. Bütün əziyyətlərə rəğmən, bu, gənc musiqiçilər üçün nəhəng təcrübə oldu və gələcəkdə bu təcrübənin onlara böyük xeyri dəyəcək.

- Elə çıxır ki,  Bakı Konservatoriyasında böyük sənətkarlarla işləməyə qadir olan musiqiçilər yetişdirmisiniz. Sizin müəllimliyinizin əsas özəlliyi nədən ibarətdir?

- Bu prosesdə mən təkbaşına işləməmişəm, bütün orkestr kafedrası iştirak edib. Tez-tez belə bir halla qarşılaşıram: dərsdə mənə öyrədilməyən şeyləri şagirdlərimə öyrətməli oluram, özüm oxuyan zaman qıtlıq təşkil edən praktiki bacarıqları ötürməli oluram. Məsələn, baxaq, orkestrla bağlı çətinliklər nələrdən ibarətdir? Əsərin texniki tərəfini qısa zamanda öyrənmək lazım gəlir.

İş ondadır ki, konservatoriyalarda hamını solistlər hazırlayır. Halbuki, bu olduqca spesifik bir peşədir. Tək-tük adam solist olur. Bu, ona gətirib çıxarır ki, tələbələr məyusluğa qapanır və reallığın onların gözlədikləri kimi olmadığını anlamağa başlayırlar.

Ənənəvi işlər də lazımdır, ancaq buna praktiki bacarıqlar da əlavə olunmalıdır. Gənc musiqiçilər onların gələcək perspektivlərini bilməlidirlər. Onlara klassik musiqinin çoxplanlılığı izah olunmalıdır. Misal üçün, biz əvvəl Şuberti götürdük, sonra Qerşvinə, ardınca Motsarta keçdik.

Sonradan azərbaycanlı bəstəkarların əsərlərinə üz tutduq. Tələbələr bütün palitranı bilməlidirlər. Bizim səhnədə uzun müddət faqotlu və ya fleytalı simfonik orkestr olmayıb. Biz isə bunu etdik. Mən bunu uşaqlara izah edirəm, onlar hər şeyi ifa etməyi bacarmalıdırlar.

- Uşaqlarını idmana göndərən valideynlər sonradan xərclərin çox yüksək olduğundan gileylənir. Musiqi sahəsində bu baxımdan vəziyyət nə yerdədir?

- Musiqiçilik – çox bahalı peşədir. Yaxşı alət ucuz başa gəlmir, məsələn, skripka 3-4 min avrodur. Yeni faqot 20 min avro, kontr-faqot 50 minə yaxındır. Musiqi elə bir sahədir ki, özünə dəstək tələb edir.

Bir çox insanlar anlamır ki, peşəkar musiqi təhsili, əslində, həyatın ən azı 16 ilini aparır. Həkimlər belə daha az oxuyurlar (altı il universitet və altı il rezidentura).

Musiqi alətləri zaman keçdikcə aşınır, hələ xırda detalları demirəm. Hər altı ildən bir taxta nəfəs alətini, hər səkkiz ildə bir mis nəfəs alətini dəyişmək lazımdır. Bizdə isə indiyə kimi 70-ci illərdə alınmış saksafonlarında ifa edirlər.

Konservatoriyada alətlər parkı olsa da, heç də hər zaman təhsil ocağı bütün tələbələri alətlərlə təmin etmir. Deyək ki, bir neçə normal qoboy var, qoboyçuların sayı isə altıdır. Ona görə də tələbələr çox vaxt daha ucuz analoqlarda ifa etməyə məcbur olurlar. Bunun uşaqlara xeyirdən çox ziyanı olur, onları bir növ şikəst edir. Keyfiyyətli alət almaq lazımdır.

- Siz Azərbaycanın müasir klassik musiqisini təbliğ edirsiniz.  Hər şey necə başladı?

- Yəqin, çoxları xatırlayar, bir vaxtlar yerli şadlıq evlərində, təntənəli mərasim zallarının foyelərində klassik kvartetlər çıxış edərdi. Bu, bizim ilk “nou-hau” oldu.

2015-ci ildən etibarən ciddi şəkildə məşğul olmağa başladıq. Bu, bir növ manifest idi. Məktubu Heydər Əliyev Sarayına təqdim edəndə, orda göstərmişdik ki, məqsədimiz klassik simfonik sənəti populyarlaşdırmaqdır.

Biz simfonik orkestrin ifasında populyar “Disney” uşaq musiqisini təqdim etdik. İnsanlar simfonik orkestrin, həqiqətən, möhtəşəm olduğunu anladırlar və bilet almağa başladılar. Belə tədbirlərə bilet almaq vacibdir, çünki keyfiyyətə nəzarət rıçaqları əldə edirsiniz.

- Son illər başçılıq etdiyiniz Maestro Music Azerbaijan Bakıda maraqlı layihələr edir. Bu layihələrin əsas özəlliyi barədə danışa bilərsiniz?

- Bizim təşkilat musiqi təmayüllü geniş fəaliyyətlə məşğuldur: redakturadan tutmuş, notların nəşrinə, konsertlərin və digər tədbirlərin təşkilinə kimi müxtəlif aspektləri əhatə edir. Əsasən, Heydər Əliyev Sarayı ilə əməkdaşlıq edirik. Habelə bizim Mariin teatrı ilə müqaviləmiz və digər beynəlxalq müqavilələrimiz var.  

Onlardan biri məşhur rusiyalı musiqiçi İqor Ponamorenko ilə bağlanmış müqavilədir. “IP-Orchestra” layihəsi çərçivəsində onunla sıx əməkdaşlıq edirik. Bakı sakinləri “Rock Hits Show” konsertlərində bu əməkdaşlığın şahidi olublar. Həmin konsertlərdə əfsanəvi rok-hitlər simfonik orkestrin ifasında səslənmişdi. Bu ilin fevral ayına “Cinema Hits Show” layihəsi çərçivəsində növbəti konsert elan olunub. Bu dəfə simfonik orkestr dünya kinematoqrafiyasının şedevrlərinin musiqisini ifa edəcək.

Bu yaxınlarda uşaqlar üçün tamaşa hazırlamışdıq. Uolt Disneyin müzikl və cizgi filmlərinin musiqisi əsasında hazırlanmış tam yeni bir hekayə idi. Bunun üçün Bakıya Stanislavski-Dançenko teatrının rejissoru Aleksey Smirnovu dəvət etmişdik. Onunla artıq ilk il deyil ki, uğurlu şəkildə əməkdaşlıq edirik. Tamaşada həm balet ifaçıları, həm gimnastlar, həm kunq-fuçular var idi. 5 yaşdan 15 yaşa qədər uşaqlardan ibarət idi. Ən əsası odur ki, bu, maddi və inzibati baza olmadan həyata keçirilib.  

Biz uşaqlara göstərdik ki, onlar da səhnəyə çıxan həmyaşıdları kimi ola bilərlər, yəni onların gələcək həyatla bağlı seçimlərində heç bir məhdudiyyət yoxdur. Bununla yanaşı, uşaqlara simfonik orkestr musiqisini də öyrədirik. Bunun üçün orkestri səhnə qarşısında “dərəyə” yox, səhnənin özünə yerləşdirmişdik. Bunları əvvəlcədən qarşıya qoyduğumuz tapşırıqların davamı hesab etmək olar. 

Yeni publika yetişdirmək lazımdır. Bu isə uzun və əziyyətli prosesdir. Adətən, bizim icra etdiyimiz layihələr maddi baxımdan xeyirsiz olur, ancaq biz belə işlərin vacib və vaxtında həyata keçirilməli olduğunu yaxşı başa düşürük. Uzun sözün qısası, “Maestro Music Azerbaijan”a etibar etmək olar, çünki biz reputasiyaya böyük önəm veririk.

- Yaxın keçmişdə Bakıda aşağı keyfiyyətli konsertlərin təşkili və ya tamaşaçıların biletlərlə aldadılması kimi hallar müşahidə olunub. Adi vətəndaş olaraq buna münasibətinizi öyrənmək istərdim, sizcə, belə konsertlərə getməyə dəyər?

- Şəhərimizin kifayət qədər balaca olduğunu nəzərə alsaq (üç-dörd dəfə əl verib salamlaşdığın adamı asanlıqla tapmaq olur), belə tədbirə getməyin məqsədəuyğun olub-olmadığını hərtərəfli şəkildə öyrənmək olar. Bundan başqa, tədbirin kim tərəfindən təşkil olunduğuna diqqət yetirmək, onun buna qədər gördüyü işlərə nəzər salmaq lazımdır.

Keyfiyyətsiz məhsul hazırlayıb təqdim etmək indiki zamanda sərfəli deyil. Çünki ictimai qınağın ifadə olunması üçün çoxsaylı vasitələr var. Elə insanlar var ki, konserti təfsilatlı şəkildə təhlil edir. Əvvəl başqaları, yəni təfsilatlı təhlil etməyənlər irad tutanda “xamdır” deyib əhəmiyyət verməmək də olurdu. Ancaq indi elə ki videonu internetə atdılar, “çoxbilmişlər” onsuz da nəyəsə “mız” qoyacaq. Bu, elə faktiki olaraq fırıldaqçılardan qorunma “sığortasıdır”.

- Siz ölkə xaricində oxuyub-işləmisiniz. Bizim şou-industriya xaricdəkindən nə ilə fərqlənir?

- Beksteyc – yəni səhnəarxası işlər. Orada və burada baş verənlər arasında yerlə göy arasındakı qədər fərq var. Boşuna demirlər ki, “teatr asılqandan başlayır”. Təşkilati tapşırıqlar və texniki işçilərlə bağlı məsələlər son məhsulun əldə olunması planında çox böyük əhəmiyyət kəsb edir.

Solist həmişə tapmaq olar, amma keyfiyyətli şou ortaya çıxarmaq olduqca çətindir. Şou deyəndə bəzi artistlərin yerli şənliklərdə və mərasimlərdə nümayiş etdirdiyini nəzərdə tutmur, şou daha qlobal anlam daşıyır. Rusiya və Avropada insanlar başa düşür ki, bu, işdir, ehtiramlı, çətin əməkdir. Onlar vaxta böyük dəyər verirlər. Kimlərinsə onları səriştəsizlikdə ittiham etməsini istəmirlər. Burada isə çoxları üçün bu məqam o qədər də önəmli deyil.

- Bir çox azərbaycanlılar aktyor və musiqiçiləri qeyri-ciddi insanlar sayır, onları ən ağır günahlarda suçlayır. Sizcə, bu, düzgündür?

- Aktyor işləyəndə, onun yuxuya belə vaxtı qalmır. İnsanlar, sadəcə, bu peşənin incəliklərindən bixəbərdir. Onlar musiqiçi, aktyor, rəssam, vokalçını aşağı əxlaqi dəyərləri olan və “bohem” tərzində həyat yaşayan peşə sahibləri hesab edir.

Ancaq bu, belə deyil. İstənilən bədii peşə, insanın uzun illər oxuyub biliklərini artırmasını, işləməsini və özünü bu sənətə həsr etməsini tələb edir. Çoxlarının düşündüyü kimi, “vakhanaliya” (lat. bacchanalia – Qədim Romada sakinlərin Dionisin şərəfinə keçirdiyi orgiya) ilə məşğul olmağa vaxt qalmır.

Bundan başqa, öz uşaqlarını musiqi və aktyorluq kurslarına göndərən, sonra isə onlara müxtəlif məhdudiyyətlər qoyan valideynlər məni heyrətləndirir.

Mən hər zaman tələbələrimə də deyirəm ki, onların böyük bir hüququ – seçkilərdə səs vermək hüququ var. Ölkənin gələcəyi bu hüquqdan asılı olacaq. Onlar bu hüququ dərk etdikdən sonra heç kim onların öz arzularını gerçəkləşdirməsinə əngəl yarada bilməyəcək. Özünüzə peşə seçmisinizsə, onun ardınca gedin.

- Bakı, belə deyək, müxtəlif təsnifatı musiqiçilərlə dolub. Onların məşğulluq səviyyəsi və ya bədii inkişafı haqqında nə deyə bilərsiniz?

- Sevindirici haldır ki, şəhərimizin əksər musiqiçiləri az-çox maddi baxımdan təmin olunub. Bu, turizmin inkişafı ilə əlaqədardır. Müxtəlif yerlərdə ifa etməklə musiqiçi ustalıq səviyyəsini daha artırır, müxtəlif qruplara qoşulur, təcrübəsini bölüşür və rəqabətə girir. İş düzgün qurulsa, bundan çox keyfiyyətli solo məhsul ortaya çıxarmaq olar. Ümumiyyətlə, rəqabət olan yerdə hər zaman keyfiyyət də olur.

Təəssüflər olsun ki, “qohumbazlıq” məsələsi bizim musiqi sahəsinə də yol tapıb.  Bizdə mesenatlıq (elm və incəsənətə varlıların hamilik etməsi) ənənəsi yoxdur – o, hələlik yüksək dairələrdə işləyir. Yəqin ki, bu trend yerli biznesə sirayət etməyib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri